Şənbə , Fevral 24 2024
Ana səhifə / Sosial / Bazarda ucuzlaşma üçün yeni qərar: Nəticə verəcək?

Bazarda ucuzlaşma üçün yeni qərar: Nəticə verəcək?

Azərbaycanda idxal olunan bir sıra ərzaq məhsulları yerli istehsalla əvəz olunacaq.

Məlumata görə, yerli istehsalın inkişafı istiqamətində sahibkarlara vergi güzəştləri ediləcək. Vergi Məcəlləsinə əsasən, idxal mallarını yerli istehsalla əvəz edəcək istehsalçı hüquqi və fiziki şəxslərin 7 il müddətinə əldə etdikləri gəlirin 50 % vergidən azad edilib. 

Eyni zamanda, onlar fəaliyyət prosesində istifadə edilən əmlaka görə əmlak vergisini, torpağa görə torpaq vergisini ödəməkdən azad olunacaqlar. 

Maraqlıdır, Azərbaycanda idxal olunan hansı ərzaq məhsulları yerli istehsalla əvəz edilməsi gözlənilir? Vergi güzəştlərinin tətbiq olunması, o cümlədən əmlak və torpaq vergisindən azad olunma ölkədə yerli istehsalın inkişafına nə kimi müsbət təsirir olacaq? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Azərbaycanda strateji məhsulların əksəriyyəti xarici ölkələrdən idxal olunur:

“Azərbaycanda özünü ərzaq məhsulları ilə təmin etmə həcmi 25% – ə bərabərdir, amma 75% xaricdən asılıyıq. Xüsusilə qeyd edim ki, ölkəmizdə idxal olunan ən önəmli strateji məhsullardan biri əmtəəlik buğdadır. Əmtəəlik buğdanın 25% – i yerli istehsal, 75% – isə qonşu ölkələrdən, xüsusilə Ukrayna, Rusiya və Qazaxıstandan idxal olunur.

Sözsüz ki, bu, ərzaq təhlükəsizliyi ilə bağlı məsələdə o qədər də müsbət hal deyil. Hər hansı strateji məhsulda xarici ölkələrdən asılı olmaq ölkə daxilində ciddi problemlər yarada bilər. Ancaq onu da vurğulayım ki, işğaldan azad olunan ərazilərin potensialını nəzərə alsaq, ölkəmizdə ərzaqlıq buğdanın həcminin yüksədilməsi və keyfiyyətinin artırılması mümkündür. Bu məsələnin həll olunması ehtimalı yüksəkdir”. 

N.Cəfərli əlavə edib ki, xaricdən idxal olunan məhsulların qablaşdırılaraq bazarda satılması yerli ərzaq istehsalına ciddi əngəl yaradır: 

“Ölkə bazarda yerli marka altında xeyli sayda çay məhsulları satılır. Halbuki Azərbaycanda bu qədər çay istehsal olunmur. Hindistan və Şri-Lankadan Azərbaycana gətizdirilən çay məhsulları qablaşdırılır, sonra isə onların üzərinə yerli marka vurulur. Həmçinin bu cür hallara süd məhsullarında da rast gəlirik. 

Bir çox süd məhsullarının komponenti xaricdən idxal olunan quru süddür. Həmin komponentdən süd məhsulları istehsal olunur. İstənilən ərzaq məhsullunu götürsək, yerli ərzaq istehsalında problemlərin olduğunu görərik. Bir tək meyvə-tərəvəzə aid məhsul növləri yerli tələbatı ödəmək üçün yetərlidir. Bu nöqtəyi-nəzərdən hesab etmək olar ki, kənd təsərrüfatında yerli istehsalın inkişafı üçün xeyli sayda münasib imkanlar var”. 

Vergi güzəştlərinin tətbiq olunma prinsipinin əhəmiyyətinə toxunan N.Cəfərli bu mexanizmlə yanaşı, bu sahəyə investisiyaların yatırılmasını zəruri hesab edib:

“İstənilən halda vergi və gömrük güzəştlərinin tətbiq olunması müsbət qərardır. Bu, yerli istehsalın inkişafına müəyyən qədər kömək edəcək. Xüsusilə vurğulayım ki, bundan öncə də bənzər addımlar atılıb. Bir neçə il bundan əvvəl ixracatyönümlü istehsalla məşğul olan şəxslər üçün yeddi illik paket təqdim olunmuşdu. Lakin bu paket ciddi nəticələr doğurmadı. Bir tək vergi və gömrük güzəştləri ilə bu məsələni tam həll etmək qeyri-mümkündür.

Bu məsələyə kompleks yanaşmaq lazımdır. Ərzaq istehsalı elə bir sahədir ki, burada uzunmüddətli investiyalara ehtiyac duyulur. Ölkəmizdə aqrar kreditləri problemli məsələlərdən birinə çevrilib. Banklar aqrar sahədə risklərin olduğunu nəzərə alaraq, kreditlər vermək istəmirlər. Aqrar sahədə elə növlər var ki, illərlə gəlir əldə etmək mümkün olmur.

Çayçılıqda bu, daha riskli hallara səbəb ola bilər. Çay kollarının əkilməsindən bəri ilk məhsulun əldə olunması üçün altı və ya yeddi il zaman lazım olur. Bəlkə də daha çox zaman aparacaq. İstənilən şəxs bankdan kredit götürüb bu sahə ilə məşğul olarsa, iqtisadi cəhətdən iflasa məruz qalacaq. Altı və ya yeddi illik dövr üçün götürülən kreditin yarısına qədər məbləğ qaytarılmalıdır. Ona görə də hesab edirəm ki, təkcə vergi və gömrük güzəştləri ilə deyil, həmçinin maliyyə vəsaitlərinin ayrılması ilə bu məsələni nizamlamaq olar”. 

N.Cəfərli yerli istehsalın şaxələnməsinin və inkişafının ölkə daxilində inflyasiyanın azalmasına gətirib çıxaracağı ilə bağlı səsləndirilən fikirlərlə razılaşıb: 

“Ancaq bu, uzun zaman aparan bir prosesdir. Bu, bir ayın və ya bir ilin içərisində baş tutacaq proses deyil. Ölkədə yerli istehsal o qədər yüksək həcmdə olmalıdır ki, yerli bazarda məhsul bolluğu yaransın. Bəli, bu, qiymətlərin ucuzlaşmasına səbəb ola bilər. Ancaq bir mühüm məsələni də nəzərə almalayıq ki, ölkədə istehsal olunan və ya istehsalı planlaşdırılan məhsulların komponentləri xarici ölkələrdən idxal olunur. Ölkəmizdə yerli istehsal ilə məşğul olan istehsalçılar xaricdən avadanlıqlar idxal etməyə məcburdur. 

Dünyada elə bir ölkə yoxdur ki, orada hər hansı məhsulun bütün komponentləri istehsal olunur. Bu, həmçinin, kənd təsərrüfatına da aiddir. Gübrələr, toxumlar və digər avadanlıqları qonşu ölkələrdən idxal etməyə məcburuq. İstər ərzaq məhsulları, istərsə də aqrar sahədə zəncirvari avadanlıqların istehsalı çox çətin və uzunmüddətli bir prosesdir. Bunun tez bir zamanda reallaşması qeyri-mümkündür. Amma hesab edirəm ki, bu istiqamətdə ciddi və zəruri tədbirlər görülməlidir. Heç olmasa, gələcəyə yönələn layihələr və proqramlar həyata keçirilməlidir”. 

Həmçinin oxuyun

Nikahlanmış azyaşlı qızların yarımçıq hekayəsi

“Məni gecə yatdığım yerdən, evimizdən qaçırdılar. Yorğana büküb apardılar. Cəmi 14 yaşım vardı. Nə baş …