Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bayram şirniyyatları sifarişi neçəyə başa gəlir?

Bayram şirniyyatları sifarişi neçəyə başa gəlir?

Alıcılar gün keçdikcə bahalaşan qiymətlərdən narazıdır…

Novruz bayramına artıq sayılı günlər qalıb. Hər kəs bu bayramda süfrəsinin bol çeşidli, bayramın adətlərini özündə əks etdirən məhsulun zəngin olmasına istəyir. Novruz süfrəsində “S” hərfi ilə başlayan yeddi növ xörək olmalıdır. Həmçinin süfrənin əsas bəzəyi səməni, şam, güzgü də yer alır. Bunların da hər birinin öz rəmzi mənaları var. Məsələn, şam – od, işıq deməkdir, güzgü isə aydınlıq rəmzidir. Səməni isə yaşıllığa, yaz fəslinin gəlişinə işarə edir. Süfrənin vazkeçilməzi, olmazsa olmazı şirniyyatları sırasında isə ilk yeri şəkərbura, paxlava tutur.

Çoxları Novruz bayramını məhz şəkərbura-paxlavaya  görə daha da sevir. Artıq çərşənbələrdən başlayaraq gəlin və qızlar bu şirniyyatların bişirilməsi üçün lazım olan ərzaq tədarükünə başlayır. Şəkərbura və paxlava hazırlanması olduqca əziyyətli bir proses olduğundan çoxları bunu ya alır, ya da sifarişlə bişirdirlər. Hətta bunun üçün sifarişlər artıq ilk çərşənbədən etibarən verilməyə başlayır. Biz də şəkərbura paxlava bişirtməyin neçəyə başa gələcəyini öyrənmək üçün bu işlə məşğul olan bir neçə şirniyyat mağazasında müşahidə apardıq.

Demək olar ki, əksəriyyət şirniyyat mağazalarında şəkərbura, paxlava, badambura sifarişlə bişirtdirilməklə yanaşı, dənə ilə də satılır. Sifarişlə bişirilən fındıqlı paxlavanın kilosu 24 manat, qozla bişirilən isə 25 manata, şəkərburanın isə bir ədədi 80 qəpik və 1 manat 40 qəpik arasında satılırdı. Evdə də bunu xüsusi sifarişlə bişirən qadınlar var. Onlar isə şirniyyat mağazalarına nisbətən ucuz başa gəlir. 28 may metrosu yaxınlığında evində şirniyyat bişirən Cəmilə Quliyeva isə paxlavanın kilosunu 17 manata, şəkərburanın isə bir dənəsini 1 manata bişirdiyini dedi: “Kifayət qədər sifarişim var. Heç necə çatdıracağımı bilmirəm. Mənim bişirdiyim şəkərbura və paxlavanı alıb narazılıq edən hələ ki olmayıb. Mən onu kərə yağı ilə hazırlayıram. Bəzi insanlar var ki, necə gəldi, ucuz ərzaqlardan hazırlayırlar. Artıq 10 ilə yaxındır ki, hər Novruz bayramı öncəsi sifarişlə şəkərbura-paxlava hazırlayıram”.

Mağazalarda isə qiymətlər nisbətən ucuz olsa da, onların keyfiyyəti istənilən səviyyədə deyildi. Mağazalarda isə hazırda paxlavanın kilosu  8 manat 20 qəpiyə, şəkərburanın bir dənəsi isə 80 qəpiyə satılır. Ancaq onların dadına baxdıqda içliyinin demək olar ki, yox dərəcəsində olduğunu, dadının isə turşumuş tamı verdiyini gördük. Satıcılar isə alıcıların kifayət qədər olduğunu, ancaq bayram gününə 1-2 gün qalmış qiymətlərinin nisbətən artacağını dedilər.

Novruz bayramında şirniyyat yeməyi xoşlayanlar bir qədər diqqətli olmalıdır. Çünki təkcə bir dənə şəkərbura yemək bir kalorili yemək yeməyə bərabərdir. Məsələn, bir boşqab yağlı ətli aşqarası ilə plov təqribən bir şəkərburanın kalorisi ilə ekvivalentidir. 1 şəkərbura 650 kaloridirsə, bir qab plovda da təqribən bu qədər kalori var.

Qeyd edək ki, Novruz süfrəsinin atributlarnın da qiyməti bayram yaxınlaşdıqca, gün keçdikcə bahalaşır. Mağazaları, yol kənarlarını bəzəyən müxtəlif  formalı səmənilər, rəngarəng şamlar göz oxşasa da, qiymətlərin ürək açan olduğunu demək çətindir. Satıcılar bildirirlər ki, səmənilər Bakı ətrafı qəsəbələrdəki istixanalarda yetişdirilir. əvvəllər alıcıları az olsa da, çərşənbələrdə alıcı sayında artım müşahidə edildiyini dedilər. Səmənilər yumuru sadə, buta, ulduz və ürək formalarında satılır. Qiymətlərə gəlincə isə səmənilərin ölçüsünə, üzərindəki bəzəklərə görə dəyişir. Səmənilər  2-15 manat arasında dəyişir. Bir qarış böyümüş, sadə və kiçik ölçülü səməniləri 50 qəpik, 1 manat arasında da almaq mümkündür. Kiçik buta formalı səmənilər 6-8 manat arası, böyük butalar isə 10 manata təklif edilir. Satıcılar hər səmənidən onlara 40-50 qəpik pul qaldığını dedilər. Satıcı Elvin Lətifov deyir ki, səməniləri istixanalardan alırlar: “Səməniləri istixanalardan 50-60 qəpiyə alıb, üstünü müxtəlif quş fiqurları, gül və qırmızı lentlə bağlayıb 1-2 manata satırıq. Hər səmənidən bizə 20-50 qəpik arası pul qalır”.

Şamlara gəlincə isə rəngli yumurta formasında olan şamların bir dənəsi 1 manat 40 qəpiyə, səməni formasında olan kiçik şamlar 1 manat 80 qəpiyə, səməni formasındakı böyük şamlar isə 6-7 manata satılır. Kiçik bağlamada olan 6 ədəd balaca rəngli şamlar isə 80 qəpik idi. Nisbətən uzun tək rəngli şamlar 1-2 manat arasında satılırdı. Yumurta boyamaq üçün bəzəkli kağızlar 10-20 qəpik, qida boyaları isə 40-50 qəpik arasında satılırdı. Alıcılar qiymətlərin baha olmasından narazı idilər. Alıcı Şəhla Əliyeva səmənilərin baha olduğunu dedi: “Səmənilər əslində 20-30 qəpiyə satılmalıdır. Çünki onun cücərdilməsi elə də əziyyətli deyil. Bir ovuc buğdanı tökürsən cücərir. Rayonlarda, kəndlərdə insanlar özləri səməni qoyurdu. İndi sanki hamı tənbəlləşib hazırını alır. Amma əslində onu özün evində cücərtməlisən ki, evin bərəkətli olsun”.

 

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …