Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Sosial / Bayılda sürüşmə zonası aktivləşib – təhlükənin miqyası genişlənir

Bayılda sürüşmə zonası aktivləşib – təhlükənin miqyası genişlənir

ETSN əməkdaşı: “Orada yamacı kəsmək, hansısa müdaxilə etmək, ev tikmək olmaz”

Bakıda sürüşmə zonaları yenidən aktivləşib. Bu barədə daha öncə də məlumat vermişdik ki, mövsümlə əlaqədar yağıntıların olması, torpağın ağırlaşması, ərazilərə kanalizasiya sularının axıdılması nəticəsində Bakıda qədim sürüşmə zonalarında aktivlik yaranır.

Sürüşmə zonalarının kimlərsə tərəfindən satılması, bu ərazilərdə insanların ev tikərək yaşaması isə belə məqamlarda təhlükələrin miqyasını genişləndirir. Belə ki, artıq Bayıl ərazisində olan sürüşmə zonasının aktivləşməsi nəticəsində onlarla ailə təhlükə ilə üz-üzə qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov  APA-ya bildirib ki, Bayıl dərəsi istiqamətində əhali tərəfindən tikinti məqsədilə yamac şaquli kəsilib və bu, yamacın dayanıqlılığının itməsinə səbəb olub: “Bu səbəbdən və atmosfer yağıntılarının təsirindən yamacda sürüşmə – batma prosesi baş verib. Ərazidə müxtəlif ölçülü çatlar yaranıb”.

Dəstə rəisinin sözlərinə görə, sürüşmə ərazisi Bakı Televiziya Qülləsinin cənub-şərq istiqamətində, teleqüllədən 250-300 metr məsafədə yerləşir.

R.Həsənov qeyd edib ki, sürüşmə Bakı Televiziya Qülləsinə hər hansı təhlükəli vəziyyət yarada bilməz: “Çünki ərazidə relyef elə formadadır ki, bir-birinə hər hansı keçid yoxdur. Arada müəyyən məsafə var və teleqüllə üçün hər hansı bir təhlükə yoxdur”.

Ərazidə yaşayan sakinlər isə “Yeni Müsavat”a bidiriblər ki, əslində vəziyyət qeyd olunduğu kimi sadə deyil. Artıq torpaqda dərinliyi 4-5 metrə qədər olan çatlar yaranıb, evlər uçma təhlükəsi ilə üz-üzə qalıb. Sürüşmə zonasında məskunlaşanlar əsasən məcburi köçkünlərdir. Oradakı mövcud tikililər isə 1-2 otaqlı, kiçik daxmalardır. Məcburi köçkünlər bu ərazilərə 1990-cı illərdə gəliblər. Sözlərinə görə hər il ərazidə müəyyən qədər sürüşmə olur. Lakin bu il torpaqda yaranan çatlar daha ciddi və onların həyatları üçün təhlükədir. Məcburi köçkünlərin gedəcək yerləri olmadığı üçün harasa köçməyi düşünmürlər. Lakin oradakı təhlükənin də miqyasını anlayırlar.

Məsələ ilə “Yeni Müsavat”a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, orada təhlükə davam edir:

“Orada Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışaraq, müvafiq işlər aparırlar. Biz orada 3 gün bundan öncə olmuşduq. Sürüşməyə meylli zonanın daban hissəsində evlər tikilib, hazırda da orada yaşayış var. Elə əsas sürüşməyə səbəb olan amillərdən də biri yamacın dayanıqlığının pozulmasıdır. Şaquli yamacdır 24-40 dərəcə arasında meyllik var. Onun aşağı hissəsini isə ev tikmək üçün kəsiblər. Nəticədə isə təbii olaraq kütlənin dayanıqlığı itir, sürüşməyə meylli olan ərazilərdə proses bir qədər də sürətlənir. Oranı kəsmək, hansısa müdaxilə etmək olmaz. Hər halda oradan sakinlərin köçürülməsini dövlət bilər. Hazırda FHN əməkdaşları çatlara torpaq dolduraraq, sürüşmənin qarşısını almağa çalışırlar. Müşahidə etdik ki, orada istinad divarına belə bitişik evlər var. Divarın özü isə sürüşmədən çat-çat olub. Təbii ki, evlərin də bəzilərində çat əmələ gəlib. 2000-ci ildə Bayılda çökmə prosesi baş verdi. O zaman bir həmin ərazilərdə iş aparıb, geoloji xəritə hazırlayıb, sürüşməyə meylli əraziləri konturlaşdırdıq. Yazmışıq ki, yamacı yükləmək, kəsmək, tikinti aparmaq olmaz. Söhbət bütün Bayıl ərazisindən gedir. Bununla bağlı mətbuatda da məlumatlar yayıb, hesabatlar vermişik. İndi bu əraziləri tikinti üçün kim veribsə, onu biz deyə bilmərik. Biz sadəcə olaraq geoloq olaraq üzərimizə düşən işləri görmüşük”.

ekspedisiyasının rəisi Əziz Qaralov ile ilgili görsel sonucu

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Yeni Müsavat”a bildirilib ki, məsələ onların da diqqətindədir:

“Orada məsələ ilə məşğul olan müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır. Dövlət tərəfindən digər sakinlərlə bağlı hansı tədbir görüləcəksə, bu, məcburi köçkünlərə də aid ediləcək. Çünki məcburi köçkünlər də bu ölkənin vətəndaşıdır və həmin ərazidə məskunlaşanlar təkcə məcburi köçkünlər deyil. Ona görə də problemlə bağlı məsələyə ümumi yanaşılacaq və bütün sakinlərlə bağlı eyni addım atılacaq”.

ekspedisiyasının rəisi Əziz Qaralov ile ilgili görsel sonucu

Bakının digər ərazilərində də sürüşmə zonaları aktivləşib. Əldə etdiyimiz məlumata görə, Masazırda “Zəli gölü” adlanan ərazidə də sürüşə sahələrində aktivlik müşahidə edilir. Bu ərazidə olan sürüşmə zonasında torpağın çökməsi müşahidə edilir.

Qeyd edək ki, Bakıda Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında – ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb.

Həmçinin oxuyun

Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirdi – Video

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən …