Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / Bayıl yavaş-yavaş sürüşür – Abid Şərifov son durumdan danışdı

Bayıl yavaş-yavaş sürüşür – Abid Şərifov son durumdan danışdı

Bayıl yamacında sürüşmə zonasında vəziyyət sabitləşsə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin ərazidə iş aparan əməkdaşları bildiriblər ki, ərazinin hazırkı vəziyyəti orada tədqiqatların aparılması üçün mayakların quraşdırılmasına imkan vermir. Səthdə böyük çatlar səbəbindən onların üzərində mayaklar qoymaq olmaz. Buna görə də reperlərdən istifadə ediləcək.
Baş nazirin müavini Abid Şərifov bildirib ki, sürüşmə zonasından 97 ailə köçürülüb, 4 ev uçub, 2 ev də uçmaq ərəfəsindədir.
Nazirlər Kabinetinin Bayıl yamacındakı sürüşmə zonasındakı evlərlə bağlı yekun qərarına gəlincə, A. Şərifov qeyd edib ki, hələlik layihə işləri gedir: “Görək sürüşmə prosesi dayanacaqmı, sürüşmə prosesinin qarşısı necə alına bilər? Hələlik bir dəyişiklik yoxdur. Amma sürüşmə də yavaş-yavaş davam edir. Hələlik, başqa heç nə demək mümkün deyil. Sürüşmə zonasındakı evlər də mühafizə olunur. İndidən 97 evin hamısının sökülüb-sökülməyəcəyi, sakinlərin hamısının köçürülüb-köçürülməyəcəyi ilə bağlı heç nə demək olmaz. Həm də 97 evi köçürmək xırda bir məsələ deyil axı…”
Sakinlər isə yenə də narazıdırlar. Evi qəzalı vəziyyətə düşən sakinlərdən Zahid Aslanov “Yeni Müsavat”a bildirib ki, onlar  3 gün öncə kirayə pulunu alıb, evlərini tərk ediblər: “Bizə 250 manat kirayə pulu verdilər. Qonşularımla birlikdə mən də məhəlləni tərk etmişəm. Abid Şərifovun dediyi uçması gözlənilən iki ev bizim evdən bir az aralıda, sürüşmə sahəsinə yaxın yerləşir. Hazırda həmin evlərin içərisinə torpaq dolub. Mənim evim də qəzalı hala düşüb, arxası tamamilə çöküb. Divarlar da çatlayıb və hər an uça bilər”.
Sakin Elməddin Muradlı isə bildirir ki, verilən kompensasiyadan narazı qalıb və bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyətinə müraciət edib: “Ərazidən ailələrin hamısı köçürülməyib. Çünki verilən kirayə pulundan narazı qalanlar var. Məsələn, bizim ailə üzvlərinin sayı 9 nəfərdir, gətirib 250 manat kirayə pulu verdilər. Halbuki açıqlama yaymışdılar ki, ailə üzvlərinin sayı 8-dən çox olanlara 300 manat kirayə pulu veriləcək. Biz verilən məbləğdən narazıyıq. Çünki ailəmiz indiyə qədər 5 otaqlı evdə yaşayıb. Bu evdə qardaşımın, atamın ailəsi ümumilikdə 3 ailə yaşayırdı. İndi bunlar necə 2 otaqlı evə yığışsınlar? İcra hakimiyyətinə etirazımı bildirdim, dedilər ki, yanlışlıq olub, ərizə ilə müraciət edin. Əslində 300 manat da azıdır. Çünki bu qiymətə Bayıl ərazisində böyük ev tapmaq mümkün deyil. Ancaq məcburiyyət qarşısında qalıb qəbullanırıq. Abid Şərifov başda olmaqla digərləri də dedilər ki, gücümüz çatan budur.  İmkanları yoxdursa, aşağı məhəlləni qaytarsınlar evlərinə. Çünki hazırda ərazidə sürüşmə prosesi getmir, aktivlik müşahidə olunmur. Xüsusilə də aşağı məhəllədə heç bir problem yoxdur. Boş yerə qazı, işığı, suyu kəsib, camaatı tökürlər çölə. Elə ailələr var ki, verilən kirayə pulundan razı deyil və evindən çıxmayıb. Prokurorluğun da əməkdaşları gəlib, 46 nömrəli MİS-də oturub, sakinlərdən bir-bir izahat alırlar ki, evi nə vaxt tikmisiz, torpağı kimdən almısız, hadisə necə baş verdi və sairə. Vəziyyət elədir ki, kirayə çıxsan belə, evini tərk edə bilmirsən. Anam, qardaşlarım odun sobası qurub, gündüzlər elə öz evimizdə otururlar. Böyük ailələr 400-450 manata kirayə evlər tutmuşdular. Çünki bir ay öncə deyilirdi ki, kirayə pulları ödəniləcək, problem həll olunacaq. İndi isə 250 manat verildi, insanlar da məcbur qalıb kirayə tutduqları evdən çıxırlar”.
Sakin bildirib ki, insanlar evlərini tərk edən zaman onlara xeyli maddi ziyan dəyib: “Elə ailə yoxdur ki, evindən mebelini sağ-salamat çıxara bilsin. Şəxsən bizim mebellərin hamısı darmadağın olub. Bu da bizə vurulan bir maddi ziyandır. Məmurlar gecəqondu adlandırsalar da bizim üçün evimiz saraydır. Biz bura öyrəşmişik. Söz də deyəndə cavab verirlər ki, sizin məhəllədə kirayə qalanlardan soruşmuşuq, onlar burada 120 manata qalıblar. Deyirəm ki, ola bilər. Ancaq indi bizim məhəllə yoxdur axı, sökürsən buranı. Kənardakı ev bu qiymətə deyil axı. 250 manata 2 otaqlı ev tapırsan, kommunal da 70-80 manata çıxır. Bilinmir ki, bunlar təyin etdikləri kirayə pulunu Bakı şəhəri üçün nəzərdə tutublar, yoxsa Bərdə, Ağcabədi üçün. 9 nəfərlik ailə 250 manata harada ev tapa bilər?  4 nəfərlik ailəyə də 250 manat verirlər, 8-9 nəfərlik ailəyə də. Heç olmasa yaşayan adamların təvəllüdünə baxıblarmı ki, burada yaşayan şəxslərin hamısı böyük adamlardır. Heç nəyi nəzərə almayıb, ”hesablayırıq, problem həll olacaq”,- deyib axırda da bu cür qərar çıxardılar. Danışanda deyirlər ki, sizin həyatınızı xilas etmişik. Çox sağ olun. Ancaq burada nə vardı ki? Cəmisi 4 ev uçub, bu boyda məhəlləni qaralayıb, camaatı töküblər küçələrə. 2000-ci ildə Şəhidlər abidəsi tərəfdə dağ aralandı, 6 ev uçdu. Həmin vaxtı deyirdilər ki, 1 aya bu məhəllə köçürülməlidir. Ancaq indi orada villalar tikilir. İndi də uçqun yerindən 1 kilometr aralıda ev var, onu da siyahıya salıb, kommunal xətlərini kəsiblər ki, təhlükə var, köçməlisiniz.  Heç evlərin çoxunu ölçməyiblər. Şəxsən bizim evdə ölçülməyənlər sırasındadır”.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …