Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Sosial / Bayıl sakinlərinin bir qismi köçürülüb: amma narazılıqlar da var…

Bayıl sakinlərinin bir qismi köçürülüb: amma narazılıqlar da var…

Bayılda artıq ötən həftədən etibarən köçürülmə prosesi başlayıb. İndiyə qədər sökülən evlərin sayı 15-dən yuxarıdır.

Bu barədə Musavat.com-a sakinlər özləri məlumat veriblər. Onlar bildiriblər ki, köçürülən ailələr verilən kompensasiya ilə razıdırlar. Lakin məbləğlə razılaşmayanlar da var ki, onların evlərini tərk etmələri üçün rəsmi qurumlar tərəfindən məcburiyyət yoxdur.

Öncə məlumat üçün qeyd edək ki, ötən ay yayılan rəsmi məlumata görə Azərbaycan Nazirlər Kabineti Bakının Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün 9 201 533 manat vəsait ayırıb. Qeyd olunub ki, həmin ərazidə 98 ailə məskunlaşıb, onlardan 6-sı 2018-ci ildə köçürülüb, hazırda orada olan 92 ailədən 27-si məcburi köçkün ailəsidir.

“Maddi yardım hər bir ailəyə 35 min manatdan az olmayaraq ödəniləcək. Vəsait ailələrin bank hesablarına köçürüləcək. Evlərin sökülməsi, abadlıq işlərinin aparılması üçün də 250 min manat vəsait nəzərdə tutulub. Maddi yardım alan məcburi köçkünlərlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat veriləcək ki, nəzərə alınsın. Gələcəkdə ərazidə tikinti işlərinin aparılmasına ciddi nəzarət olanacaq, bu cür hallara yol verilməyəcək”, – məlumatda bildirilib.

Sakinlər bildiriblər ki, hazırda 30-a yaxın evin sahibi verilən qərarla razı deyil.

Sakin Elməddin Muradlı söylədi ki, həmin ailələrin evlərinin həcmi kiçikdir və qiymətləndirmə bir qədər aşağıdır: “Yaşayış yerlərinə 1000 manat hesablanır, zirzəmilərin, köməkçi tikililərin isə qiyməti  başqadır. Bütün bunlara ümumi yanaşanda evin hər kvadratına təxminən 600-700 manat kompensasiya düşür. Kiçik evlərə verilən vəsaitin məbləği aşağı olduğu üçün ailələr narazılıq edirlər. Ancaq razı olub, pulunu alanlar da var. Bu həftənin əvvəlində təxminən sökülən 15 evin sahibinə kompensasiya ödənilib. Köçənlərin bəzilərinin başqa yerdə evləri vardı. Müvafiq qurumlar elə şərt qoyurlar ki, çətinlik yaradır. Məsələn, şərt qoyurlar ki, evi sökün, şəkillərini təqdim edin, ondan sonra sizə kompensasiya ödəniləcək. Bu proses də təxminən 20-25 gün çəkir. Belə çıxır ki, bu insanlar bütün əşyalarını yığıb, təzədən haradasa 1 ay kirayə qalmalıdırlar. Rəsmi qurumların açıqlaması belədir ki, heç kimi köçmək üçün məcbur etmirik. Deyirlər ki, kim istəyirsə köçsün, kim də istəyir evində yaşamağa davam eləsin. Ancaq biz də bilirik ki, qarşıdan qış gəlir. Havalar soyuyanda qaz yox, işığı da kəsəcəklər və yenə də problem yaranacaq. Necə ki, 1 il ərzində bu cür problemlər baş verdi. Ona görə də bəzi insanlar bunu düşünüb, artıq evlərini tərk etmək qərarına gəliblər. Bilirik ki, qışda onsuz da kommunal xətləri kəsib, əziyyət verəcəklər”.

Sakin bildirib ki, xüsusilə də yola yaxın ərazilərdə yaşayanlar problem yaşayırlar: “Dövlət Dəniz Administrasiyasına yaxın ərazidə yaşayan sakinlər, illərdir ki, orada məskunlaşıblar. Həmin sakinlər haqlı olaraq kompensasiyaya etiraz edirlər. Deyirlər ki, bizim evdən 200-300 metr aşağıda bina tikilir və həmin binanın kvadratı 2500 manata satılır. Deyirlər ki, nə üçün bizim evin kvadratına 650 manat kompensasiya verilir? Hazırda tikilən binaların yerində olan evlər sökülən zaman həmin sakinlərin mənzillərinə hər kvadrat üçün 1500 manat kompensasiya ödəyiblər. Ona görə də həmin sakinləri də haqsız saymaq olmur. Qeyd etdiyimiz ərazilərdə yaşayan sakinlər müxtəlif qurumlara müraciət edib, şikayətlərini bildirirlər. Hələ ki, bu istiqamət üzrə yenilik yoxdur”.

Yada salaq ki, Bayıl ərazisindəki “Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə 2018-ci ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb. Sakinlər bildiriblər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapmaqda çətinlik çəkiblər.

Ona görə də məcbur qalıb ya kənar ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüblər. Yanvar ayında köçürülmə prosesi ləngidiyi üçün kirayə pulunun verilməsi yenidən mart ayına qədər uzadılmışdı. Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq, ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8-dən çox olanlara isə 300 manat müəyyən olunub. Həmin əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Hazırda da əksər evlərdə kommunal xidmətlərin verilişi bərpa olunmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə sürüşmənin aktivləşməsi ilə bağlı son zamanlar heç bir məlumat yaymayıb. Bildirilib ki, ərazidə vəziyyət stabil olaraq qalmaqdadır.

Həmçinin oxuyun

Bakıda harda tıxac var? – Video

Bu gündən Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günü başlayır. “Qafqazinfo” xəbər verir ki, bu …