Ana səhifə / Sosial / “Baş qoşmaq istəmirəm, ”İt hürər, karvan keçər””

“Baş qoşmaq istəmirəm, ”İt hürər, karvan keçər””

Azərbaycan kommunistləri arasında qalmaqal yaşanır. Bu dəfə dava möhür davasıdır. Azərbaycan Kommunist Partiyasının keçmiş rəhbərliyinə daxil olan şəxslərdən Telman Nurullayev bildirib ki, Azərbaycan Kommunist Partiyası onun rəhbərlik etdiyi partiyadır və sədr də odur. T.Nurullayev Azərbaycan Kommunist Partiyasının möhürünün də məhz onda olduğunu mediaya açıqlamasında deyib.

Keçmiş deputat Rauf Qurbanov isə T.Nurullayevin yalan danışdığını, Azərbaycan Kommunist Partiyasının Telman Nurullayev adında rəhbəri olmadığını, partiyanın möhürünün də Nurullayevdə olmadığını bildirir. Yaranmış vəziyyət və digər məsələlərlə bağlı suallarımızı Azərbaycan KP MK-nın sədri Rauf Qurbanova ünvanladıq.

– Rauf bəy, Telman Nurullayevin iddiaları nə dərəcədə doğrudur? Azərbaycan Kommunist Partiyası olaraq Ədliyyə Nazirliyi kimi qeydiyyata alıb? Hazırda partiyanın möhürü kimdədir? MSK-ya illik maliyyə hesabatını siz, yoxsa Telman Nurullayev verir?

– Azərbaycanda hazırda dövlət qeydiyyatından keçmiş bir Kommunist Partiyası var və həmin partiyanın rəhbəri mənəm. Buna görə də, təbii ki, dövlət qeydiyyatından keçmiş Azərbaycan Kommunist Partiyasının möhürü şəxsən məndədir. Odur ki, başqa kimsə möhürün onda olduğunu iddia edirsə, ya ictimaiyyəti aldadır, ya da o adam özü üçün saxta möhür düzəldib. Saxta möhür hazırlamaq və gəzdirmək isə qanunla qadağandır və məsuliyyət yaradır. İllik maliyyə hesabatını, da təbii ki, biz veririk. Əvvəllər maliyyə hesabatını Maliyyə Nazirliyinə verirdik. Bir neçə il öncə qanunda dəyişiklik edildikdən sonra hər il maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına veririk. İstədiyiniz zaman MSK-dan da bunu təsdiqləyən cavab ala bilərsiniz. Bizim partiya -Azərbaycan Kommunist Partiyası 2000-ci ildə parlament seçkilərində iştirak edib. O zaman proporsional qayda var idi. Azərbaycan Kommunist Partiyası proporsional qaydada seçkilərdə Milli Məclisdə iki deputatla təmsilçilik hüququ qazandı. Partiyanın o zamankı birinci katibi rəhmətlik Ramiz Əhmədov və mən deputat olaraq 5 il partiyanı parlamentdə təmsil etdik. Bu da daha bir sübut.

Azərbaycan Kommunist Partiyası kimi sizin qəzet başda olmaqla, bütün media orqanları qanuna uyğun olaraq həmişə məhz bizi təqdim ediblər və edirlər. Keçmişdə Azərbaycan Kommunist Partiyasında olmuş bir neçə şəxs var ki, onların tərəfindən sarı mətbuat hərdən yazır. Əlaqə qurduqları sarı mətbuatda, sosial şəbəkələrdə nə gəldi yazırlar, özlərini partiya kimi təqdim edirlər. Onlar o dərəcədə absurda yuvarlanıblar ki, özlərini BMT baş katibi elan etsələr də təəccüblənməyin. Bu cür insanlar yaxşı olar ki, həkimə müraciət etsinlər. Özü də bu cür adamların sayı cəmi bir neçə nəfərdir.

– Sizin sonuncu dəfə qurultayınız nə zaman keçirilib?

-2007-ci ildə qurultayımız keçirilib. Həmin qurultayda mən partiyanın Mərkəzi Komitəsinin sədri seçilmişəm. Həmin qurultay barədə telekanallar, sizin qəzet və digər mətbuat orqanları, hətta AzərTAc məlumat yayıb. Qurultayın nəticələrini Ədliyyə Nazirliyi qəbul edib.

– Rusiyada Kommunist Partiyasının güclü bir partiya olduğu bəllidir. Adətən postsovet məkanında kommunistlər “saatlarını” məhz Moskvaya uyğun qururlar. Rusiya Kommunist Partiyası Azərbaycanda Kommunist Partiyası olaraq sizi qəbul edir?

“Biz 28 apreli Azərbaycanda sosialist inqilabının qələbə günü kimi bayram edirik”

– Biz Azərbaycanın maraqlarını həmişə üstün tuturuq, beynəlxalq əlaqələrimizdə də ölkəmizin maraqlarını önə çəkirik. Rusiya Kommunist Partiyası, əlbəttə ki, mənim sədrlik etdiyim partiyanı – Azərbaycan Kommunist Partiyasını tanıyır. Nəinki tanıyır, bizimlə müttəfiqlik əlaqələri var. Gennadi Züqanovun rəhbərlik etdiyi Rusiya Kommunist Partiyası postsovet respublikalarında özünü saxta Kommunist Partiyası elan edənlərin olduğunu nəzərə alıb, belələrinə cavab olaraq öz rəsmi saytında Respublikalarda olan Kommunist Partiyası rəhbərlərinin şəkillərini, ad, familyalarını yerləşdirib. Həmin saytda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri Rauf Qurbanovun da şəkli və adı var. Azərbaycandan başqa kiminsə Kommunist Partiyası olaraq adı orada yer almır. Azərbaycan Kommunist Partiyası 1997-ci ildən beynəlxalq kommunist təşkilatı olan Kommunist Partiyaları İttifaqı Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. Mən həmin qurumda İcraiyyə Komitəsinin Mərkəzi Şurasının üzvüdür. Həmin quruma rəhbərlik eləyən Gennadi Züqanovdur. Buraya keçmiş 15 SSRİ respublikalarının hamısındakı Kommunist Partiyaları daxildir.

– Hüquq da sizin tərəfinizdə olduğu halda nədən Telman Nurullayevdən məhkəməyə müraciət etmirsiniz?

– Mən bu işə vaxt ayırmaq, o adama baş qoşmaq istəmirəm, “İt hürər, karvan keçər”. Biz öz partiya fəaliyyətimizlə məşğuluq. Azərbaycan Kommunist Partiyası bu yaxınlarda -14 apreldə Nəriman Nərimanovun anadan olmasının 146-cı ildönümünü təntənəli keçirdi. 9 may qələbə bayramı ilə əlaqədar bayram tədbiri keçirdi. Mediada bu tədbirlər barədə məlumatlar getdi.

– Keçirdiyiniz anım və bayram tədbirləri sırasında 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünün adını çəkmədiniz. Halbuki bu yaxınlarda 28 May – Respublika Günü dövlət bayramı olaraq ölkədə qeyd edildi. Sizin partiya 28 Mayı bayram hesab etmir?

– Biz Azərbaycan Kommunist Partiyası olaraq 70 il hakimiyyətdə olmuş Kommunist Partiyasının davamçısı hesab olunuruq. 9 may qələbə günü, böyük oktyabr sosialist inqilabı, Nəriman Nərimanovun doğum günü kimi günlər bizim ideoloji bayramlarımızdır. Biz Azərbaycan Konstitusiyası çərçivəsində fəaliyyət göstəririk. 28 Mayın isə Respublika Günü olduğunu nəzərə alırıq. Azərbaycan vətəndaşıyıq və təbii ki, 28 May – Respublika Günü bizim üçün bayramdır. Ancaq bu bayram dövlət tərəfindən qeyd olunur, dövlət səviyyəsində tədbirlər keçirilir, eyni zamanda sağ təmayüllü partiyalar bu bayramı tədbirlərlə keçirirlər. Ona görə də Kommunist Partiyasının bayram tədbirləri keçirməsinə lüzum görmürük. Biz 28 apreli – Azərbaycanda sosialist inqilabının qələbə gününü bayram kimi qeyd edirik.

– 28 aprel Azərbaycanın qırmızı ordu tərəfindən işğalı, müstəqilliyimizə son qoyulması və Sovet Rusiyasına tabe etdirildiyimiz gündür. Azərbaycan dövləti rəsmi şəkildə bəyan edib ki, həmin gün Azərbaycanın işğalı günüdür. Hətta prezident İlham Əliyev də 27-28 apreldə Azərbaycan Xalq Cümhuriyyətinin varlığına, müstəqilliyimizə son qoyulduğunu dəfələrlə çıxışlarında bəyan edib. Siz isə işğal gününü bayram kimi qeyd edirsiniz?

– Mən 28 apreli Azərbaycanda milli şüurun inkişafı və sosialist inqilabının qələbəsi hesab edirəm. Azərbaycanda demokratik cəmiyyətdir, söz azadlığı var. Hər kəs öz mövqeyini bildirə bilər.

– Mövqe bildirmək başqa şeydir, tarixi faktı inkar etmək, milli şüurun məhvinə səbəb olan işğalı milli şüurun inkişafı adlandırmaq başqadır…

– Azərbaycanı işğal-filan eləməyiblər. Hakimiyyətin bolşeviklərə, kommunistlərə verilməsini parlamentdə müzakirəyə qoyublar və bu barədə qərar qəbul edilib. Tarix var. Biz Sovet dönəmində 70 il müstəqil olmamışıq ki? Azərbaycan xalqının dili dövlət dili olub, universitetləri, dövlət qurumları, strukturları olub. Belə işğal olmur axı. Biz SSRİ-nin tərkibinə könüllü olaraq daxil olmuşduq. Oradan könüllü çıxmaq ixtiyarımız da var idi və biz 1991-ci ildə bunu elədik. Tarixə birmənalı yanaşmaq düzgün deyil.

– Siz Azərbaycanın dövlət müstəqilliyinin tərəfdarısınız?

– Azərbaycan Kommunist Partiyasının şüarı belədir: Müstəqil Sosialist Azərbaycan uğrunda. Biz Azərbaycanın müstəqilliyinin, işğal olunmuş torpaqlarımızın azad olunmasının bir nömrəli tərəfdarıyıq. Bizim apardığımız mübarizə Azərbaycanda ədalətli cəmiyyət, sosializm quruluşunun bərpasıdır. Bu, müstəqilliyə qarşı olmaq deyil.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın