Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Baş Prokuror Milli Məclisə təkliflər göndərdi-sərt cəzalar gəlir

Baş Prokuror Milli Məclisə təkliflər göndərdi-sərt cəzalar gəlir

Prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdi cinayət məsuliyyəti yaradacaq

Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklif edilir.
Baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi təqdim edib. (APA).
Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yeni maddənin “Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
 Müvafiq olaraq Cinayət Prosessual Məcəlləsinə də uyğunlaşdırma düzəlişlər təklif edilir.
 Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif olunan əlavə və dəyişikliklər layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparılmasını təmin edilməsi məqsədini daşıyır.
“Belə ki, təcrübədə xüsusən də internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin etməkdir”, – deyə Z. Qaralov qeyd edib.
Qanuna digər bir dəyişiklik də təklif edilir. Dəyişikliyə əsasən, Azərbaycanda internet informasiya məkanında dövlət başçısının – Prezidentin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma cəhdi cinayət məsuliyyəti yaradacaq. APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı Milli Məclisə təklif göndərib. Layihəyə əsasən, bu maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir. Buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmədir. Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir. Maddədə deyilir: “323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Image result for Milli Məclis
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib ki, artıq qanun layihəsi Milli Məclisə daxil olub: “Bundan sonra sosial şəbəkələrdə saxta profillər, adlar və ya hesablardan istifadə edərək böhtan atma və təhqirlərdən istifadəyə görə cinayət məsuliyyəti yaranacaq. Bu, Azərbaycanda bir yenilikdir. Artıq bundan sonra bu məsələlərə ciddi hüquqi qiymət veriləcək. Artıq sosial şəbəkələrdə milli, dini ədavəti qızışdıranlara, müharibə çağırışları edənlərə də cinayət işi açılacaq. Cinayət Məcəlləsinə ediləcək dəyişikliklərdə cərimədən tutmuş həbsə, azadlıqdan məhrum etməyə qədər nəzərdə tutulub” deyə, Çingiz Qənizadə bildirib.
“Turan” agentliyinin direktoru Mehman Əliyev “Yeni Müsavat”a bildirdi ki, əslində bu sahədə problem var:“Sosial şəbəkədən istifadə etməklə təhqir edirlər, böhtan atırlar və s. Yəni bununla bağlı problem var. Amma hakimiyyətin səmimiliyinə də inanmıram. Çünki bu dəyişikliklərdən tənqidi səslərə qarşı da istifadə edə bilərlər. Təcrübə bunu göstərir ki, tənqidlərə qarşı da bu maddələrdən istifadə olunur. İndi bilinmir ki, həqiqətənmi o cür hallara, yəni təhqir, böhtan və s. qarşı mübarizə aparmaq istəyirlər, yoxsa qanundan siyasi opponentlərinə qarşı istifadə olunacaq. Əslində 2003-cü ildə Mətbuat Şurasını yaradanda əsas məqsəd o idi ki, Azərbaycan mediasını peşə əxlaqı kodeksinə, yəni qaydalara uyğunlaşdıraq və mediada, internetdə və s. cür halların qarşısını alaq . O vaxt biz bu işi aparırdıq və yaxşı nəticələr də verirdi. Lakin hakimiyyət bu istiqamətdə hər şey etdi ki, bu, baş verməsin. Azad media səhnədən yığışdırıldı, media tam şəkildə hökumətin nəzarətinə götürüldü, bu istiqamətdə ciddi heç bir iş aparılmadı. Ona görə də mən hakimiyyətə inanmıram”.
Image result for Mehman Əliyev
M.Əliyev digər məqama da toxundu: “Biz korrupsiyadan, oğurluqlardan, qanun pozuntularından yazanda bəs niyə kimisə həbs etmirlər, tədbir görmürlər, niyə o zaman qanun işləmir? Kütləvi şəkildə insanların haqlarının pozulması barədə siqnallar gələndə niyə tədbirlər görmürlər? Yaxud niyə bizim sorğularımıza cavab vermirlər, saymırlar? Niyə bu kimi sorğulara qanunamüvafiq şəkildə reaksiya verilmir, heç bir tədbir görülmür? Ölkənin özünün gəlib belə bir böhran vəziyyətə düşməsi milyonlarla insanın sosial durumunu pisləşdirib, haqlarını, iqtisadi hüquqlarını tapdayıb. Axı bunu illərdir media yazırdı, deyirdi. Yəni ölkədə bununla bağlı problemlər çoxdur. Amma axı vaxtilə bu problemi ölkədə həll etməklə bağlı təklif verdik, niyə həll olunmadı? Özləri gətirib vəziyyəti bu həddə çıxartdılar. Mətbuat Şurasının komissiyasına kimisə dəvət etməklə, yaxud kimisə ”qara siyahı”ya salmaqla məsələ həll olunmayacaq. Deyək ki, Azərbaycanda kimsə təhqir etməyəcək, amma xaricdən təhqir edənlər tapılacaq, bəs o necə olacaq?”
M.Əliyev hesab edir ki, problemin effektli həlli üçün izahat işlərinin aparılmasına ehtiyac var: “Hamı maraqlı olmalıdır ki, bu cür hallara yol verilməsin. Elə etmək lazımdır ki, insanlar qaydalar çərçivəsindən kənara çıxarkən qorxu haqqında düşünməsin. İnsan başa düşməlidir ki, qorxudan yox, mənəvi nöqteyi-nəzərdən hansısa hərəkətə yol verməməlidir. İnsanın mənəviyyatını gücləndirmək, onunla işləmək lazımdır. Yoxsa vurub-tutmaq vəziyyətdən çıxış yolu deyil”.
Image result for Fazil Mustafa
Deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə fərqli fikirdədir: “Bu dəyişikliklərə müsbət yanaşıram. Çünki hər kəs hansı məkanda olmasına baxmayaraq, başqalarının hüquqlarına qarşı qanundankənar fəaliyyət göstərməməlidir. Sadəcə, başqa məqsədlərlə bu maddənin yorumu ehtimalı da var və bunun üçün qanunda dəyişikliklərin izahı dəqiq verilməlidir, heç vaxt tənqid sferasına aid edilməməlidir”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın