Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Sosial / “Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır” – TƏKLİF

“Baş nazirin müavinləri azalmalı, Qarabağla bağlı vitse-prezident olmalıdır” – TƏKLİF

Konstitusiyaya edilən dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqləndi.

Bəs bu dəyişikliklərdən cəmiyyətin hansı gözləntiləri var?

Milli Məclisin deputatı Vahid Əhmədov yaradılacaq vitse-prezidentlik institutu ilə bağlı öz fikirlərini səsləndirib.

“Belə hesab edirəm ki, vitse-prezidentlərdən biri Qarabağla məşğul olmalıdır. Bu, beynəlxalq aləmdə Azərbaycan üçün çox əhəmiyyətlidir. Digər tərəfdən, vitse-prezidentlik statusunun dövlət başçısı ölkədə olmadıqda onu əvəz etməsi həm də maraqlı məsələdir”.

Vahid Əhmədov Nazirlər Kabinetinin saxlanılıb-saxlanılmamsı məsələsinə də toxunub.

“Nazirlər Kabinetinin saxlanması doğru addımdır. Çünki bu, işlək orqandır. Ola bilər ki, vitse-prezidentlik statusundan 5 il sonra Nazirlər Kabineti buraxılsın. Hər halda, hər şey vitse-prezidentlik institutundan asılı olacaq.
Artıq Azərbaycanda ciddi islahatlara start verilib. İqtisadi, struktur islahatları ilə bağlı ciddi işlər gedir. Eyni zamanda, kadr islahatları da aparılmalıdır. Kadr islahatlarının aparılması çox ağır və çətin məsələ olduğundan Prezident qərar verib ki, referendum yolu ilə belə bir institut yaradılsın və müəyyən dəyişikliklər edilsin. Əsas odur ki, yeni kadrlar cəmiyyət tərəfindən qəbul edilsin”.

Deputatın fikrincə, baş nazirin müavinlərinin sayı azaldılmalıdır.

“Baş nazirin 6 müavinə ehtiyacı yoxdur. Ola bilər ki, müavinlərin sayı azaldılsın. Ola bilər ki, müavinlərin səlahiyyətləri vitse-prezidentlərə verilsin. Ümumiyyətlə, Nazirlər Kabinetinin strukturu dəyişilməlidir. Çünki o, sovet vaxtında qurulmuş strukturdur. Struktur yenidən işlənməli, müasir tələblərə, indiki dövrə, bazar iqtisadiyyatına uyğun, çevik islahatlar aparan qurum yaradılmalıdır”.

Sabiq millət vəkili, tanınmış hüquqşünas Əlməmməd Nuriyev isə deyir ki, xalqın referendumdakı iştirakı həm də prezidentə olan etimaddır.
“Qeyd etməliyəm ki, Azərbaycan Prezidenti tərəfindən Konstitusiyanın mətninə dəyişikliklərlə bağlı referendum aktı Mərkəzi Seçki Komissiyası tərəfindən tətbiq olunaraq, qüvvəyə minib.
Referendumda Azərbaycan xalqı bütün dəyişiklərin lehinə səs verdi. Təkliflərə etimad göstərdi. Bu, həm də Prezidentə olan etimaddır. Dəyişikliklər təklif edilən zaman ən çox müzakirə doğuran məsələlərdən biri o idi ki, vitse-prezidentlik hansı zərurətdən irəli gəldi?
Bu da aydın şəkildə ifadə olundu ki, icra hakimiyyətinin rasionallığının artırılması, səmərəliliyin daha da gücləndirilməsi üçün bu çox yaxşı haldır. Eyni zamanda, islahatların daha sürətli və çevik aparılmasını təmin etmək, idarəetmə sistemini bütövlükdə yaxşılaşdırmaq və təkmilləşdirməkdən ötrü bu institut vacibdir.
Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması hər şeydən öncə idarəetməyə yeni bir töhfədir. İdarəetmənin modernləşdirilməsi, daha çevik qərarların qəbul edilməsi üçün mühüm bir təşkilatdır. Vitse-prezidentlik institutu islahatların sürətlə aparılmasını, birbaşa tətbiqi prosesini sürətləndirəcək”.

Hüquqşünasın sözlərinə görə, bu institutun yaradılması, mövcud olan digər institutların səlahiyyətləri həcmində hər hansı dəyişikliyə gətirib çıxarmır.

“Nə Nazirlər Kabinetinin, nə də hakimiyyətin digər qanadı olan qurumların dəyişikliyinə gətirib çıxarır. Yanlış olaraq, belə bir işlərin həyata keçirilməsinə cəhdlər var idi. Konstitusiyadakı dəyişikliklərin mətninə baxanda bunu görürsən. Vitse-prezidentlik institutu Prezidentin tapşırıqlarının icrasının keyfiyyətinin daha da gücləndirilməsinə xidmət edəcək. Vitse-prezidentlik institutu Prezident tərəfindən verilən tapşırıqların icrasının həyata keçirilməsinə yönələn bir strukturdur. Düşünürəm ki, ciddi dəyişikliyə gətirib çıxara bilən institut olacaq”.

Həmçinin oxuyun

Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların və şəhid polis əməkdaşlarının vərəsələrinin …

Bir cavab yazın