Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Sosial / Baş infeksionist: “İnsanların laqeydliyi işimizə ciddi əngəl yaradır”

Baş infeksionist: “İnsanların laqeydliyi işimizə ciddi əngəl yaradır”

Dünyada və Azərbaycanda koronavirus infeksiyasına yoluxma davam edir. Biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların sayı 3 milyon 930 min 852 nəfər oldu. Ölənlər isə 270 min 880 nəfərə çatıb. Bu zamana qədər sağalanların sayı cəmi 1 milyon 348 min 576 nəfərdir. Koronavirus əsarətində ən çox ABŞ qalıb. Hazırda ölkədə bu virusa yoluxanların sayı 1 milyon 300 mindən çoxdur.

Dünyada artıq bir sıra ölkələrdə koronavirusa yoluxma pik həddi keçib. Ölkələrin tətbiq etdikləri xüsusi karantin rejiminin sayəsində koronavirusa yoluxma bəzi ölkələrdə enən xəttə keçib. Həmin ölkələrdə karantin rejimi yumşaldılsa da, insanlar maskadan istifadə edir, sosial izolyasiya qaydalarını qoruyurlar.

Azərbaycanda da, ekspertlərin fikrincə, pik hədd arxada qalıb. Dövlətin zamanında atdığı addımlar, tətbiq edilən sosial izolyasiya tədbirləri koronavirusun digər ölkələrdəki kimi geniş yayılmasının qarşısını alıb, fəlakəti önlədi.

Həkimlər bildirirlər ki, koronavirusun əsas düşmənlərindən biri də yüksək temperaturdur. Xüsusilə də ultrabənövşəyi şüaya bu virusun dözümü yoxdur.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan ölkənin baş infeksionisti Cəlal İsayev bildirdi ki, havaların isinməsi onların işinə fayda verir: “Ultrabənövşəyi şüalar virusun ölümü deməkdir. Ona görə də bizim ümidimiz var ki, havaların isinməsi bizim xeyrimizə işləyəcək və xəstəliyə qarşı mübarizədə bizə kömək edəcək. Biz görürük ki, hazırda avtobuslar işləyir, eyni zamanda metro fəaliyyətini dayandırıb. Deyim ki, bunların hər ikisi təhlükəlidir. Avtobusda 30 adam gedirsə, bir metro vaqonunda 200 adam da gedə bilər. Bu baxımdan metro daha təhlükəlidir. Ancaq hazırkı şəraiti qiymətləndirsək, avtobusu da metrodan az təhlükəli saymaq olmaz. Çünki avtobusda insanlar basdırıqda gedirlər və heç birinin də ağzında maska yoxdur. Bu gündən məlumat var ki, polislər maskadan istifadə etməyənləri avtobuslardan düşürürlər. Hesab edirəm ki, bu, doğru addımdır. Çünki başqa cür mümkün deyil. İnsanlar özləri başa düşmürlər. Ona görə də məcbur etmək lazımdır. Bir şey də insanı düşündürür ki, biz nə zamana qədər polisin təhdidi ilə hansısa işi edəcəyik. Özümüz başa düşmək istəmirik və bu da çox çətin məsələdir. Baxırsan ki, bankın qarşısında 60-70 adam yığılıb, heç birinin də maskası yoxdur”.

Cəlal İsayev xəstələrin həkimə gec müraciət etdiklərini də dedi: “Bizim xəstələrimiz var ki, evlərində xəstə olduqları halda 3-4 gün yatıb, sonra müraciət ediblər. İnsanlar yalnız vəziyyətləri ağırlaşan zaman həkimə müraciət edirlər. Dünyada bu boyda fəlakət var, ölüm, yoluxma günbəgün artır, ancaq yenə də camaat buna fikir vermir. Bir adam yoluxur, özünü izolyasiya etmir və 5 nəfəri yoluxdurur. Bu 5 nəfər də başqa beş nəfərə keçirir. Yoluxmanın sayı bu formada artır. Bu baxımdan deyə bilərik ki, insanların özlərindən çox şey asılıdır. Kimsə deyə bilməz ki, dövlət qurumları, səhiyyə işləmir. Xeyr, bu, yanlış yanaşma olar. Dövlət qurumları da, həkimlər də böyük səylə çalışırlar ki, Azərbaycanda bu virusun kütləvi şəkildə yayılmasının qarşısı alınsın. Ancaq insanların davranışı bizim işlərimizə tam mənada maneə yaradır. Xəstəliyin yayılmasının günahkarı insanların özləridir. Onlar deyilən qaydalara məhəl qoymurlar. Sanki ölkədə, dünyada koronavirus başa çatıb. İnsanların davranışından bunu sezmək olur. Kimsə sıxlıqda maska taxmaq, sosial məsafə saxlamaq istəmir. İlk günlərdə biz görürdük ki, marketlərdə insanlar məsafə saxlayırdılar. Lakin ikinci dəfə karantin rejimi yumşaldılandan sonra bütün bunları biz görmürük”.

Qeyd edək ki, mayın 7-də Azərbaycanda daha 77 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb, 15 nəfər sağalıb. İndiyədək Azərbaycanda koronavirusa yoluxanların sayı 2204 olub, onlardan 1551 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib. Rəsmi məlumata görə, hazırda 625 nəfərin xüsusi rejimli xəstəxanalarda COVİD-19 xəstəliyindən müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. İndiyədək Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 test aparılıb.

Onu da bildirək ki, son məlumatlara görə, Gəncədə daha çox yoluxma faktı qeydə alınır. Əldə etdiyimiz məlumata görə, Gəncədə də polislər vətəndaşların maskasız gəzməsinə imkan vermir. Sıxlıq olan ərazilərdə maskadan istifadə etməyən insanlara hətta maska belə paylanır.

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …