Ana səhifə / Sosial / Bakıya qarşı sanksiya: Ed Roys, Dana Rohrabacher, Kris Smit və digərləri

Bakıya qarşı sanksiya: Ed Roys, Dana Rohrabacher, Kris Smit və digərləri

ABŞ Konqresinin Helsinki komissiyasının həmsədri Kristofer Smitin hazırladığı “Azərbaycan demokratiya Aktı-2015” adlı layihənin Yeni İl tətili günlərində ardıcıllıqla Konqresin müvafiq komitələrində müzakirəyə çıxarılacağı gözlənilir.

Vaşinqtondakı mənbələrdən virtualaz.org saytına məlum olub ki, Azərbaycana qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsi əvvəlcə Konqresin Nümayəndələr palatasının xarici əlaqələr Komitəsində, daha sonra hüquq və maliyyə komitələrində baxılacaq.

Konqresin mətbəxinə yaxından bələd olan analitiklər hesab edirlər ki, layihənin xarici əlaqələr Komitəsində dəstəklənməsi halında sənədin digər komitələrdən də keçməsi şansı kifayət qədər yüksək olacaq. Çünki bu kimi siyasi mahiyyət daşıyan sənədlərdə xarici əlaqələr Komitəsinin mövqeyi digər komitələr üçün də əsas hesab olunur.

Bəs xarici əlaqələr Komitəsində bu anti-azərbaycan aktının qəbul edilməsi şansları nə dərəcədə yüksəkdir? Komitədə Azərbaycanın lobbi imkanları baxımından qüvvələr nisbəti necədir və orada kimlər var?

Beləliklə, xarici əlaqələr Komitəsin sədri artıq 12-ci müddətdir ki, Konqresdə təmsil olunan respublikaçı Ed Roysdur.  O, ermənilərin sıx yaşadığı Kaliforniya ştatını təmsil edir. Konqresmen Roys Amerikanın xarici siyasətinin formalaşmasına mühüm təsiri olan siyasətçilərdən biridir, eyni zamanda Konqresdəki erməni dəstək qrupunun həmsədridir.

Konqresmen Roys ABŞ üçün arzuolunmaz ölkələrə və rejimlərə qarşı sanksiyaların tətbiqində həmişə öndə olub. 2010-cu ildə İrana qarşı sərt iqtisadi-maliyyə sanksiyaların tətbiqində aparıcı fiqur idi. Məhz onun fəal lobbiçiliyi sayəsində ABŞ İranın beynəlxalq maliyyə sisteminə çıxış imkanlarını məhududlaşdıran, nəticədə Tehranı nüvə məsələsində güzəştə getməyə məcbur edən sanksiyalar qəbul edilib. Habelə Ed Roys Suriyada Bəşər Əsəd rejiminə qarşı etirazların başlamasından az sonra bu ölkəyə qarşı sanksiyaları nəzərdə tutan Aktın qəbulunun əsas təşəbbüskarlarından biri olub. Habelə Vyetnamda insan haqlarının vəziyyətinə dair bir neçə aktın müəllifidir.

Ed Roys ABŞ Konqresində ABŞ-ın ermənilərin iddia etdiyi soyqırımın tanınması ilə bağlı səylərinin qızğın müdafiəçisi kimi tanınır. Habelə o, xarici əlaqələr komitəsinin demokratlardan olan həmsədri Eliot Engellə birlikdə neçə vaxtdır ki, Dağlıq Qarabağ münaqişəsi zonasından snayperləri geri çəkmək üçün Azərbaycana təzyiq göstərilməsi istiqamətində iş aparırdı. Ed Roys Amerikadakı erməni təşkilatları ilə sıx əməkdaşlıq şəraitində dəfələrlə bu barədə bəyanatlar qəbul edib, prezident Barak Obamaya müraciət edərək onu Azərbaycana təzyiq göstərməyə çağırıb. Konqresmen Roys habelə 1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəlişə səs verənlərdən biridir.

Dana Rohrabaçer

Azərbaycana qarşı sanksiya layihəsini hazırlayan Kristofer Smitin özü də xarici əlaqələr Komitəsinin aparıcı üzvlərindən biridir. Habelə bu komitədə vaxtaşırıq olaraq Azərbaycanda insan haqları məsələsini qaldıran respublikaçı Dana Rohrabaçer, Ted Poe kimi konqresmenlər təmsil olunub. Bu baxımdan Kristofer Smitin layihəsinin xarici əlaqələr Komitəsindən keçməsi ehtimalı yüksək hesab edilə bilər. Lakin ABŞ Konqresində qanunvericilik aktlarının qəbulu kifayət qədər uzun prosesdir və aşağı palatada təsdiqlənsə belə, layihəyəSenatın xarici əlaqələr komitəsində də baxılmalı, nəhayət imzalanmaq üçün prezidentə təqdim olunmalıdır. Layihənin hər iki palatada müzakirəsi və təsdiqlənməsi aylarla, hətta iki-üç il vaxt apara bilər.

Əgər Azərbaycana qarşı sərt sanksiyaların qəbul edilməsi səylərinin arxasında Ağ Ev və Dövlət Departamenti dayanmayıbsa o zaman Kristofer Smitin Aktının Konqresdən keçməsi halında belə onun təsdiqlənərək qüvvəyə minməsi asan olmayacaq. Ancaq bu Aktın arxasında Dövlət Departamenti və Ağ Ev dayanıbsa o zaman mümkündür ki, Konqresdə müzakirələr sürətlə aparılsın, qanun layihəsi 2016-cı ilin ortalarında imzalanmaq üçün prezidentə göndərilsin. Hansı ki, Vaşinqtondakı siyasi dairələrdən virtualaz.org saytına məlum olmuşdu ki, Smitin layihəsinin arxasında şəxsən dövlət katibinin köməkçisi Viktoriya Nulandın dayandığına dair güclü ehtimallar var.

Azərbaycanın bu layihəyə mane olmaq üçün lobbi imkanları hazırda o qədər də yüksək hesab edilmir. Bununla belə prezident İlham Əliyev xalqa Yeni il müraciətində ABŞ-ın Bakıya qarşı sanksiyalar tətbiq etmək səylərinə eyhamla qəti şəkildə bildirib ki, Azərbaycan rəhbərliyi heç kimdən və heç nədən qorxmur. Və bütün təzyiqlərə, təhdidlərə baxmayaraq öz siyasətini davam etdirəcək.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın