Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Sosial / Bakıya giriş məhdudlaşdırılır – bəs rayon maşınları və 55 min avtomobil?

Bakıya giriş məhdudlaşdırılır – bəs rayon maşınları və 55 min avtomobil?

Yük maşınlarının Bakının mərkəzinə girişi ilə bağlı məhdudiyyət qüvvəyə minəcək. Bu barədə  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd edilib ki, son vaxtlar Bakı şəhərində yaranmış nəqliyyat sıxlığının aradan qaldırılması və mövcud vəziyyətin optimallaşdırılması ilə əlaqədar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, yolların buraxılış imkanlarının artırılması, əhalinin nəqliyyat təminatının yaxşılaşdırılması və yol hərəkətinin təhlükəsizliyinin daha etibarlı təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən müvafiq tədbirlərdən biri kimi 2022-ci il 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub.

DYP-dən bildirilib ki, icazə verilən müddət ərzində paytaxta daxil olmuş yük avtomobilləri səhər saat 07:00-dək, yanacaq daşıyan yük avtomobilləri isə səhər saat 06:00-dək şəhəri tərk etməlidirlər: “Bununla əlaqədar, bütün yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən, habelə yük sahiblərindən öz fəaliyyətlərini qeyd olunan müddətlərə uyğunlaşdırmaları xahiş olunur”. Yanvar-sentyabr aylarında Azərbaycana 743 milyon 966 min ABŞ dolları dəyərində 55 min 199 avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 337-si sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsidir. Həmçinin minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin 51 min 55-i əsasən adamların daşınması üçün nəzərdə tutulub. 3585-i yük daşımaq üçün, 222-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir. Ölkəyə gətirilən avtomobillər paytaxtda tıxacların sayını artırır. Tıxaclarla bağlı DYP-nin qadağası nəyi dəyişəcək? Bakının əsas problemi yük, yoxsa rayon maşınlarıdır?

Avtomobil idxalı asanlaşa bilər: DGK-nin yeni xidməti | No Comment

Yasin Mustafayev

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Yük avtomobillərinin Bakıya daxil olması ilə bağlı əslində bir neçə il öncədən məhdudiyyət tətbiq edilirdi. Şəhərin giriş-çıxışında quraşdırılmış yol nişanları, lövhələr yük maşınlarının şəhərə giriş-çıxışını təyin edirdi, yəni onların sərbəst girişi məhdudlaşdırılıb. İndi Nazirlər Kabinetinin yanındakı komissiyanın qərarı ilə şəhərə giriş-çıxış rəsmiləşir. Yəni bu artıq qanun şəklində tətbiq edilməyə başlayır. Bunun reallıqda, nəticədə nəyisə dəyişəcəyini, sıxlığı aradan qaldıracağını düşünmək doğru olmaz. Çünki bu qadağa onsuz da tətbiq edilirdi. Burada bir az istisnalar var, yanacaq daşıyan nəqliyyat vasitələrinin məhdudiyyəti bir az daha fərqli vaxtlarda olacaq. Yəni hansı daha gec vaxtlarda şəhərə girəcək və şəhərdən çıxacaq, əslində bu da bir neçə saat olmaqla o qədər ciddi təsir etməyəcək. Yanacaq daşıyan avtomobillərin sayı o qədər də çox deyil. Bu mənada baş verəcək dəyişikliklər nəqliyyatın sıxlığına o qədər də ciddi təsir göstərməyəcək. O baxımdan bir az daha şişirtmək, qabartmaq ki, nəqliyyatın sıxlığında, intensivliyində tıxacların aradan qaldırılmasına təsir göstərəcək, bu o qədər də real deyil”.

Ekspert ölkəyə gətirilən avtomobillərin sayının azalmaması ilə bağlı suala belə cavab verib: “Statistikaya nəzər yetirsək, görərik ki, yenə də 55 mindən çox nəqliyyat vasitəsi bu il ərzində ölkəyə gətirilib. Bu, kifayət qədər ciddi rəqəmdir. Bu da təbii ki, sıxlığın artmasına, tıxacların yaranmasına ciddi səbəb olur. Əslində ölkəmiz dinamik şəkildə inkişaf edir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların gəlirləri artdıqca hər bir şəxs avtomobil almaq istəyir. Ona görə də bu tendensiya azalmayacaq. Əksinə, getdikcə artacaq. Tıxacların aradan qaldırılması ilə bağlı zaman-zaman təkliflərimizi vermişik. İctimai nəqliyyatın istifadəsini insanların arasında maarifləndirmə aparmaqla daha geniş tətbiq etmək mümkündür. Bir var, avtobusda 80 adam gedir, bir də var yolda 80 avtomobil gedir. Bu baxımdan sıxlığı aradan qaldırmaq üçün nəqliyyata üstünlük vermək lazımdır. Həmçinin xırda nəqliyyat vasitələrinə, velosipedə, skuterə və sair, bunları ciddi şəkildə təşviq etmək lazımdır. Bunlar üçün yollar təşkil etmək lazımdır. Bəzən təkliflər olur ki, yenidən tramvay yolu çəkək. Düzdür, fərqli nəqliyyat vasitələri lazımdır. Amma biz hazırda bunu hər yerdə tətbiq edə bilmirik. Artıq şəhər qurulub, yüksək mərtəbəli binalar tikilib, yolları genişləndirərək bunu həyata keçirə bilməyəcəyik. Bəzi yerlərdə ola bilsin, bu mümkün olacaq. Amma məsələyə ümumi konseptual yanaşsaq, ümumi şəhər üzrə alınmayacaq. Ona görə zaman-zaman biz təklif edirik ki, ictimai nəqliyyatda tıxacları, ayrıca zolaqları şəhər üzrə çoxaltmaq və onların fasiləsiz, rahat hərəkətini təmin etmək, həmçinin xırda nəqliyyat vasitələrini istifadə etmək üçün onlara şərait yaratmaq lazımdır. Bununla da avtomobilli şəhərdən avtomobilsiz şəhərə konsepsiyasını həyata keçirməklə ekologiyamızı da qorumuş olaruq”.

Bakıda taksi heç də ucuz deyil” - Eldəniz Cəfərov Pravda.az

 Eldəniz Cəfərov 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov da mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Nazirlər Kabineti hələ bir neçə il əvvəl Bakı şəhərinə yük avtomobillərinin daxil olması ilə bağlı qadağan tətbiq edib. Bu günə qədər davam edən həmin qadağa səhər saat 07:30-dan axşam saat 20:00-a qədər ağırlığı 5 tondan artıq olan yük avtomobillərinin daxil olmasını qadağan edirdi. Düşünürəm ki, yeni qərarla da yük avtomobillərinin saat 10-a qədər Bakı şəhərinə daxil olması yenə də effektiv olacaq. Əvvəlki qərar da effektiv idi, az da olsa həm sıxlığın qarşısı alınırdı, həm də qəzaların sayı azalırdı. Yük avtomobillərinin şəhər içində hərəkəti bir qədər çətin olur. Digər nəqliyyat vasitələrinin də hərəkətinə maneçilik törədir. Piyadaların hərəkətinə maneçilik törədir”.

Ekspert əlavə edib ki, ölkəmizə idxal olunan avtomobillərin sayının artması burada həm iqtisadiyyatın artması ilə, həm də əhali sayının artması ilə əlaqədardır: “Artıq işğaldan azad olunan ərazilərdə də müəyyən quruculuq işləri aparılır. Yaxın illərdə orada da iqtisadiyyatın artımı gözlənilir. Bunun üçün nəqliyyat vasitələrinə ehtiyac var. Lakin Bakı şəhərində hazırda istifadədə olan nəqliyyat vasitələrinin sayının artmasını şərtləndirən əsas səbəb burada ictimai nəqliyyatın yaxşı işləməməsidir. İctimai nəqliyyat bərbad vəziyyətdə olduğuna görə vətəndaşlar fərdi avtomobillərdən və taksilərdən istifadə edirlər. Bu gün təzə maşın almaq imkanları hamıda yoxdur. Ona görə köhnə avtomobil alırlar. Taksi fəaliyyəti göstərən avtomobillər də köhnədir. Bakının əsas problemi əhalisinin çox olmasıdır. Burada nəqliyyat vasitələrinin sayı da çoxdur. Bölgələrdə olan iqtisadi vəziyyət insanları məcbur edir ki, Bakıya axışsınlar. Daha sonra bütün vacib idarə və təşkilatların Bakıda yerləşməsi də vətəndaşların bura axınını artırır. Bütün təhsil müəssisələri, ali məktəblər, universitetlərin əksəriyyətinin paytaxtda olması da əhalinin bura gəlməsini şərtləndirir. Bakının dərdi əsasən sıxlığın yaranmasındadır. Heç olmasa ictimai nəqliyyatın vəziyyətini yaxşılaşdıra bilsək, hərəkət etmək də rahat olar”.

Həmçinin oxuyun

Xətaidə yolun ortasında obyekt tikilir, İcra Hakimiyyəti göz yumur? – FOTO

Xətai rayonu Sarayevo küçəsində yolun ortasında ağaclar kəsilərək yerində obyekt tikilir.Azinforum.az bildirir ki, bu barədə …