Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Bakının zülmətə bürünən yolları, az qala hər gün baş verən faciələr

Bakının zülmətə bürünən yolları, az qala hər gün baş verən faciələr

Bakının mərkəzi hissəsində küçələr sutkanın qaranlıq saatlarında işıqlandırılsa da, ətraf ərazilər gecələr zülmətə qərq olur. Yaşayış məntəqələrinin yaxınlığında, piyadaların və avtomobillərin intensiv hərəkət etdiyi yollarda axşam saatlarında əksər hallarda ya işıqlandırma olmur, ya da o qədər zəif təşkil olunur ki, elektrik lampaları asıldıqları dirəkləri çətinliklə işıqlandırır.

Bakıətrafı kənd və qəsəbələrin çoxunda isə ümumiyyətlə yolların işıqlandırılması hələ ki, əhali üçün əlçatmaz arzudur. Rayonlararası magistral yollarda da eyni vəziyyətdir. Məsələn, Bakı-Qazax yolunda işıqlandırma yalnız Ələt rayonuna qədərki hissədə təşkil olunub. Bakı-Quba yolunda da yalnız avtomagistralın rayon mərkəzlərindən keçən hissəsi işıqlandırılır. Nəticədəqaranlıq yollarda qəza halları, o cümlədən, piyada vurulmaları  tez-tez baş verir.

Yolların süni işıqlandırılma məsələsi dövlət proqramına salınıb

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, statistikaya əsasən yol-nəqliyyat hadisələri və piyada vurulması halları əksər hallarda işıqlandırılma zəif olan ərazilərdə baş verir. Ekspertin virtualaz.org-a bildirdiyinə görə, zəif işıqlandırma mərkəzi rayonlara şamil olunmasa da, Bakı ətrafı qəsəbələrdə uzun illərdir ki, problem kimi qalır.

Ekspert qeyd edir ki, işıqlandırma məsələləri aktual olduğuna görə, yolların süni işıqlandırılma məsələsi dövlət proqramına salınıb: “Ötən ilin dekabr ayında prezident “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. 5 il ərzində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutan müddəalar daxildir. Onların arasında ən vacib müddəalardan biri işıqlandırma ilə bağlıdır. Proqramda avtomobil yollarında müasir standartlara cavab verən süni işıqlandırma sistemlərinin, işıqqaytarıcı yol nişanları və vasitələri quraşdırılması, həmçinin regionlarda yolların işıqlandırılması məsələləri öz həllini tapmalıdır”.

“İşçı qrup yaradılmalıdır” – ekspert təklif edir

A.Allahverənov deyir ki, proqramda həmçinin 5 il ərzində Bakı şəhərində əlavə süni işıqlandırılma sistemləri tətbiqi və alternativ enerji mənbələrindən geniş istifadə olunma məsələsi öz əksini tapıb. Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda bəzi ərazilərdə günəş batereyaları var, ola bilər ki, alınan enerji hansısa küçələrin işıqlandırılmasına yönləndirilsin: “Amma bu məsələ vahid kompleks şəkildə həll edilmədliridir Belə olsa, enerji məsrəflərinin qarşısını ala bilər”.

Problemin həllinə gəlincə isə, A. Allahverənov təklif edir ki, müxtəlif ünvanlar üzrə monitorinqlər keçirilməlidir. Həm ekspertlər, həm də aidiyyati strukturların iştirakı ilə İşçi qrup yaradıla bilər. İşçi qrup monitorinqlər apararaq müəyyən edə bilər ki, hansı ərazilərdə işıqlandırılma zəifdir və ya yoxdur. Həmin ərazilərdə təcili və təxirəsalınmaz işlər həyata keçirilə bilər.

Avtomobil Yolları Dövlət Agentliyi dirəkləri quraşdırır, istismar isə…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli virtualaz.org-a açıqlamasında bildirir ki, Bakı şəhərində olan küçə və prospektlərin yalnız hərəkət hissəsi Agentliyə aiddir. Səki hissəsi isə Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir: “İşıqlandırma sistemləri də səki hissəsində olduğuna görə Agentliyin nəzarətində deyil. Yeni yolların tikintisi zamanı işıqlandırma sistemi layihəyə salınıbsa, bizim tərəfimizdən qurulur, amma istismarına nəzarəti   “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi həyata keçirir”.

A.Nəcəfli işıqlandırmanın keyfiyyətilə bağlı problemlərin olmasıyla razılaşmır. Bildirir ki, işıqlar qurulanda sırf yolun işıqlandırılması üçün nəzərdə tutulur və sırf işıq dirəyinin olduğu yeri işıqlansdırır. Yol ayrıcında isə iki tərəfli işıqlandırma olur.

Bakı küçələrinin 60-70 faizi işıqlandırılır…

Bakı Şəhər İcra hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsindən isə öyrəndik ki, paytaxt küçələrinin təxminən 60-70 faizi işıqlandırılır.

Müəssisənin iqtisadçısı Samir Həsənovun virtualaz.org-a bildirdiyinə görə, qurum artıq Bakıətrafı rayonların mərkəzi küçələrində də işıqlandırmaya ciddi nəzarət edir: “Müəssisəsinin balansında Bakı ərazisində 100 minə yaxın küçə və fasad işıq nöqtəsi var. Bunların 90 mini həmişə yanır, 10 faizində hansısa səbəbdən sönmə ola bilər. Bu bütün dünyada belədir, 10 faiz hansısa səbəbdən nasazlıq yarana bilər. Son 3 ayda Bakı Şəhər İcra hakimiyyətindən bizə göstəriş verilib ki, ətraf rayonlarda da küçələrdə işıqlandırmanı həyata keçirək. ona görə də, artıq ətraf ərazilərə də nazarət gücləndilib”.

S.Həsənov həmçinin bildirir ki, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi sırf istismara nəzarəti həyata keçirir. Hansı ərazilərin işıqlandırılması isə həyata keçiriləcək layihələrdən asılıdır.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …