Ana səhifə / Sosial / Bakının tıxac dərdi: Nazirlikləri köçürüb yeni şəhər yaratmaq olar?

Bakının tıxac dərdi: Nazirlikləri köçürüb yeni şəhər yaratmaq olar?

Bütün ölkələrdə inkişaf artdıqca urbanizasiya səviyyəsi də yüksəlir. Amma urbanizasiya yalnız bir şəhərin böyüməsi, insanların mərkəzə toplanması deyil. Urbanizasiya həm də belə şəhərlərin sayının artması prosesidir. Azərbaycanda isə urbanizasiya yalnız paytaxt Bakıda hiss olunur. Bölgələrlə yanaşı Sumqayıt əhalisi belə Bakıya axışır.​

Dünyada əhalinin şəhərlərə axışmasının qarşısını almaq üçün müxtəlif proqramlar hazırlanır. Çünki son onilliklərdə şəhərləşmə – əhalinin kütləvi şəkildə şəhərlərə köçməsi bir sıra fəsadlar yaratmağa başlayıb. Bu gün paytaxt Bakıda əhali sıxlığının yaratdığı qayğılar hər addımda hiss olunur. İşıq, qaz, su, kanalizasiya və digər kommunal xidmətlər sahəsində əmələ gələn yüklənmə, yollarda tıxacların yaranması, havanın çirklənməsi bu sıraya aid edilən problemlərdəndir.
Bakıda illərdir davam edən tıxac və sıxlığın aradan qaldırılması istiqamətində müəyyən addımların atılmasına, regionların inkişafı istiqamətində bir sıra işlərin görülməsinə, dövlət proqramlarının icra olunmasına baxmayaraq, problemlər bügünədək öz həllini tapmayıb.​Mütəxəssislərin fikrincə, Azərbaycanda urbanizasiya prosesi dünya təcrübəsindən bir xeyli fərqli gedir. Yəni bütün ölkə ərazisindən insanlar yalnız bir istiqamətə – Bakı və Abşeron yarımadasına axışır. Çünki iqtisadi fürsətlər bu ərazidə cəmləşib. Qeyri-rəsmi məlumatlara görə, əhalinin az qala 40 faizə yaxını bu yarımadada məskunlaşıb ki, bu da regionların inkişafına mane olan əsas amillərdən biridir.​

Millət vəkili Qüdrət Həsənquliyev Bakupost.az-a açıqlamasında deyib ki, bölgələrdə iş, biznes qurub az-çox uğur qazanan, dolanışığı yaxşı olan insanlar da Bakıya üz tuturlar. Paytaxtdan mənzil alır, işlərini, bizneslərini şəhərdə davam etdirməyə maraq göstərirlər:
“Nəticədə bölgələrimiz boşalır. Hesab edirəm ki, insanların bölgələrə üz tutması, Bakıya axının önlənməsi üçün ciddi iqtisadi və hüquqi islahatlar aparılmalı, vergi sahəsində çox böyük dəyişikliklər, güzəştlər nəzərdə tutulmalıdır. Stimullaşdırcı addımlar atılmalıdır. Əks halda insanların paytaxta axını davam edəcək”.

Millət vəkili Vahid Əhmədov bildirib ki, hazırda paytaxtda müşahidə edilən sıxlıq, saatlarla davam edən tıxaclar nəticəsində artan narazılıqların aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır:
“Hesab edirəm ki, bu məqsədlə bəzi nazirliklərin paytaxtdan kənara köçürülməsi məqsədəuyğundur. Ayrı-ayrı nazirliklərin köçürülməsi ilə yeni bir şəhər də yaratmaq olar. Bununla Bakıdakı sıxlıq və tıxacların qarşısı da alınar. Kənd təsərrüfatı, ekologiya və digər sahələrlə bağlı nazirliklər köçürülə bilər. Əsas odur ki, bunun üçün müvafiq qərar olsun. Məqsəd ondan ibarət olmalıdır ki, Bakı məruz qaldığı ağır yükdən azad edilsin. Dünyanın bir çox ölkələrində belə layihələr həyata keçirilir. Müsbət nəticələr də var. Azərbaycanın da iqtisadi potensialı imkan verir ki, bəzi nazirliklər yaxın ərazilərə köçürülsün”.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da hesab edir ki, tıxac problemi infrastruktur məsələsidir və onu həll etmək üçün iri dövlət təşkilatları şəhər kənarına köçürülməlidir:
“Bakıda 1990-cı illərdən bəri tikinti işləri elə aparılıb ki, yolların ötürücülük qabiliyyəti pisləşib. Mövcud vəziyyəti aradan qaldırmaq üçün yeganə çıxış yolu işçisi çox olan və xidmətlərindən daha çox insanın yararlandığı dövlət müəssisələrinin şəhərin mərkəzindən kənara çıxarılmasıdır. Şəhərin mərkəz hissəsini sıxlıqdan azad etmək lazımdır. Bunun da yeganə yolu dövlət təşkilatlarının şəhərətrafı ərazilərə köçürülməsidir”.
Ali məktəblərin əksəriyyətinin paytaxtda yerləşməsi də problemi daha da qəlizləşdirir, avtomobil sıxlığının artmasına səbəb olur. Belə ki, tələbələrin öz şəxsi avtomobillərindən istifadə etməsi, yaxud valideynlərin onları maşınla universitetə gətirməsi şəhərdə tıxacların yaranmasına şərait yaradır. ​ Bəzi ali təhsil ocaqları var ki, onların paytaxtda qalması zəruri olsa da, digərlərinin rayonlara köçürülməsi məqsədəuyğun hesab edilir.

Millət vəkili Ceyhun Məmmədov isə hesab edir ki, universitetləri paytaxtdan köçürmək əvəzinə bölgələrdə daha çox iş yerləri yaradılmalıdır. Onun fikrincə, bu Bakıda əhalinin sıxlığının azaldılmasına ciddi töhfə verə bilər:

“Hazırda bölgələrdə bir sıra universitetlər fəaliyyət göstərir. Bu təhsil müəssisələrinə qəbulun artırılması və müvafiq infrastrukturun yaradılması daha məqsədəuyğundur. Bu baxımdan Qarabağ Universitetinin yaradılmasıxüsusi önəm daşıyır. Bu, Qarabağda yaşayan əhalinin bu bölgədə təhsil almasına öz töhfəsini verəcək. Nazirliklərin bölgələrə köçürülməsini isə məqsədəuyğun hesab etmirəm. Çünki bir sıra hallarda vətəndaş paytaxta gələrək burada bir neçə quruma lazımi müraciətlər edir. Amma nazirliklər köçürülsə, vətəndaş hansısa məsələ üçün bir, digər məsələ üçün başqa rayona getməlidir. Bu isə müəyyən çətinliklər yarada bilər. Bundan başqa Bakıdakı sıxlığı aradan qaldırmaq üçün gələcəkdə paytaxtdan çox da uzaq olmayan ərazidə yığcam şəhərin inşası nəzərdən keçirilə bilər”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …