“Azərbaycan zəlzələyə davamlı binaların tikintisində Yaponiyanın təcrübəsindən yararlanmaq istəyir”.
Bunu “Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin Baş katibi Şahanə Sarı Yaponiyanın “Pacific Co” Beynəlxalq Korporasiyanın nümayəndəsi, korporasiyanın Memarlıq departamentinin baş memarı Yoko Şiraişi ilə birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu məqsədlə Yaponiya şirkətinin nümayəndələri Azərbaycandadırlar:
“Azərbaycanda zəlzələyə davamlı binaların tikintisində Yaponiya təcrübəsi ilə bağlı yerli şirkətlərə məlumatlar veriləcək”.
Şahanə Sarı deyib ki, assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına, inşaat sektorunun inkişafına dəstək verməkdən, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi va sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdən ibarətdir.
Korporasiyanın baş memar Yoko Şiraişi deyib ki, 1951-ci ildə təsis edilən gündən Yaponiyada aparıcı mühəndislik konsaltinq şirkəti olaraq, “Pacific Consultants Co. Ltd” həm yerli, həm də xaricdə sosial infrastruktur layihələri, o cümlədən geniş çeşiddə mühəndislik və tikinti konsaltinq xidmətləri göstərilib:
“Çox sayda dəmir yolları, limanlar, hava limanları, yollar, körpülər və tunellər və s. strateji obyektlərin, o cümlədən dövlət və özəl sektor üçün binaların tikintisini uğurla həyata keçirilib”.
O əlavə edib ki, Bakının cəlbedici, müasir, icra texnikasına görə bir birindən seçilən binaları var:
“Qısa müddət ərzində şəhərinizlə tanış olarkən diqqəçəkən, unikal, qədim və müasir memarlıq abidələrini gördük. Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyə bilərik”.
Qeyd edək ki, paytaxtda son illərdə tikilən binaların sayı kifayət qədər olsa da, onların texniki baxımdan davamlılığı barədə sakinlərin heç bir məlumatı yoxdur.
Bir müddət öncə baş verən zəlzələ nəticəsində paytaxtdakı hündürmərtəbəli binaların sakinlərinin öz mənzillərini tərk etməsi də əhalinin yaşadıqları binanın zəlzələyə davamlılığına inamsızlıqdan xəbər verirdi.
Onu da vurğulayaq ki, bir çox ölkələrdə, xüsusilə də Yaponiyada yeni binalar əsasən zəlzələyə davamlı şəkildə inşa edilir. Hətta bu sahədə mövcud problemi aradan qaldırmaq üçün yenidən yoxlamalar həyata keçirilir.
Məsələn, qonşu Türkiyədə də zəlzələyə davamsız binalar sökülərək, yeniləri ilə əvəzlənməsi istiqamətində layihələr gerçəkləşdirilir.
Ölkəmizdə mövcud binaların taleyi necə olacaq, onların zəlzələyə davamlı olduğunu yenidən yoxlamaq mümkündürümü?
Tikintidə təhlükəsizlik üzrə mütəxəssis Samir Nəbiyev Cebhe.info-ya bildirdi ki, Bakı və Sumqayıt ərazisində 2000-ci illərin əvvələrinə təsadüf edən böyük tikinti bumu yaşanıb:
“Bu tikinti bumu zamanı binaların böyük əksəriyyəti nəzarətsiz tikilib. Yeni, eləcə də köhnə, istismar müddəti başa çatmış, o cümlədən qəzalı vəziyyətdə olan binalar və hündürmərtəbəli yeni tikililərdə belə, müvafiq icra orqanları tərəfindən monitorinq aparılmalıdır.
Ən azından FHN-in bununla bağlı bir çox agentlikləri fəaliyyət göstərir. Vizual olaraq inspeksiya işləri həyata keçirilməlidir. Monitorinqlər aparılmalı, bunların statistikası qeydə alınmalıdır.
Hansı ərazilərdə nə qədər qəzalı, istismar müddətini başa vurmuş, fasad örtükləri zədələnmiş yeni tikili binalar varsa, qeydə alınmalı və növbəti mərhələdə müəyyən tədbirlər görülməlidir.
Əgər mümkündürsə, həmin ərazidən sakinlər təxliyə olunmalı, yaxu digər ərazilərdə məskunlaşması üçün ərazilər ayrılmalıdır. Baxmayaraq ki, bəzi binalar nəzarətsiz tikilib, qardaş Türkiyəyə nisbətən bizim binalar hələ ki, zəlzələnin episentrindən uzaq və yaxud yaxın olmasından asılı olmayaraq, dağılmayıb.
Əslində son zəlzələdən sonra müəyyən dövlət qurumları rəsmi şəkildə elan etməli idi ki, zəlzələ nəticəsində qəza oldumu? Təəssüflər olsun ki, hr hansı dövlət orqanı bu barədə rəsmi açıqlama vermədi”.
Mütəxəssis deyir ki, əslində FHN-də betonun sıxlığını, yaxud tikilinin möhkəmliyini yoxlamaq üçün xüsusi cihazlardan istifadə edilir:
“Bu isə FHN-nin müvafiq agentiklərində var. Binalar tikilən zaman, yaxud təhvil verildikdən sonra həmin betonu, armaturu test edirlər. Türkiyədə sonuncu böyük zəlzələ və dağıntılar olmasaydı, ümumiyyətlə, hazırda bu proseslər, yoxlamalar getməzdi. Bizdə də zəlzələlər olub, ancaq nəticəsi qənaətbəxş olduğuna, böyük bir fəlakət, itki, xəsarət olmadığına görə, inanmıram ki, dövlət ona maraq göstərsin.
Hazırkı təcrübəyə və müşahidələrə əsaslansaq, hələ hökumətin belə bir marağı yoxdur ki, müvafiq binaları yoxlasın, zəlzələyə davamlılığı aşağı səviyyədə olsa, həmin binanın sölkülməsi barədə qərar versin.
Bizdə o qədər qəzalı binalar var ki, onlar haqqında heç bir tədbir görülməyib. İnsanlar uzun illərdir ki, o binalarda yaşayırlar. Təcrübə onu göstərir ki, bizdə o proses olmayacaq”.