Şənbə , Noyabr 28 2020
Ana səhifə / Sosial / Bakının sovetdən qalma “ölüm maşınları”…

Bakının sovetdən qalma “ölüm maşınları”…

Paytaxt Bakıda liftlərin yenilənməsi istiqamətində xeyli iş görülsə də, hələ də müxtəlif rayonlarında sovet hökuməti dövründə tikilən binalarda qəzalı liftlər qalmaqdadır. 

Bunlar zaman-zaman restavrasiya olunsa da, ümumilikdə istismar müddəti bitdiyi üçün vaxtaşırı qəzalara səbəb olur. Bir neçə gün öncə də belə bir qəza yaşanıb. Köhnə 9 mərtəbədə məskunlaşan Bakı şəhər sakini – Qarabağ qazisi ağır liftin trosunun qırılması nəticəsində ağır yaralanıb. Məsələ mətbuatda işıqlandırılmasa da, Musavat.com-a zərərçəkənin yaxınları məlumat verib. 

Biz də bir daha bu faktdan istifadə edərək, paytaxtın lift probleminə və insanların həyatı üçün mövcud olan bu real təhlükəyə diqqət çəkmək istədik. 

Məsələ ilə bağlı Musavat.com-a danışan mənzil eksperti Ramil Osmanlı bildirdi ki, lift təsərrüfatı elə bir sahədir ki, o, daim nəzarətdə olmalı və mütəmadi qulluq göstərilməlidir: “Ancaq təəssüflər olsun ki, son illərdə, xüsusilə yeni tikililərdən ibarət mənzil fondunun genişlənməsi ilə özəl mülkiyyətdə olan lift təsərrüfatlarının sayı artmaqda davam edir. Ətrafdakı yaşayış mənzillərinin əksəriyyətindəki liftlər daha çox mənzil mülkiyyətçiləri ilə bina sahibləri tərəfindən idarə olunur. Belə hallarda çox zaman liftlərə düzgün texniki qulluq göstərilmir. Nəticə etibarilə lift təsərrüfatının köhnəlməsi daha da sürətlənir”. 

Mənzil bazarında yeni tendensiya formalaşacaq” - Ekspert

Ekspertin sözlərinə görə, son illərdə dövlət tərəfindən bu istiqamətdə bəzi addımlar atılıb, paytaxtda lift təsərrüfatının yenilənməsi üçün işlər görülüb, ancaq bu bütün əraziləri əhatə etmir: “Hesab edirəm ki, mənzil kommunal təsərrüfatında özəl qurumların sayının artması bu problemin qarşıdakı illərdə daha qabarıq şəkildə meydana çıxmasına gətirib çıxaracaq. Bu mənada, fikrimcə, hökumət tərəfindən bu sahəyə diqqət ayrılmalıdır. Hətta paytaxtda lift təsərrüfatının yenilənməsi üçün dövlət tərəfindən ayrılan vəsaitin həcminin artmasına ehtiyac var. Əgər zərurət yaranarsa, bu sahə tam olaraq dövlətin nəzarətinə keçirilməlidir”. 

Qəza hallarında, insanların xəsarət alması və ölümü ilə nəticələnən hadisələr zamanı kimlərin məsuliyyət daşıması məsələsinə gəlincə, R.Osmanlı vurğuladı ki, bu zaman binaya nəzarət edən qurum cavabdeh olmalıdır: “Ölüm halları olduğuna görə bir dəfə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (MMMC) sədri həbs olunmuşdu. Ancaq məsələ burasındadır ki, MMMC həmin binanı Mənzil Tikinti Korporativindən (MTK) təhvil alıb. Təhvil alarkən isə MTK, sadəcə olaraq, bu məsələni özbaşına buraxaraq, ərazini tərk edib. Heç bir təhvil-təslim aktı imzalanmır, qurğuların texniki vəziyyətinə dair akt hazırlanmır. Yaxşı olardı ki, İqtisadiyyat Nazirliyi MMMC-lərin yaranmasında birbaşa iştirak etsin, ancaq bir çox ərazilərdə nəzarət hələ də binalar MTK-lardadır. O zaman da məsuliyyəti həmin mənzil tikinti korporativləri daşıyır. Dövlətin nəzdində olan yaşayış binalarında da liftlərin təmirinə nəzarət edən qurumlar məsuliyyət daşıyır. Ancaq təəssüflər olsun ki, əksər hallarda ölüm və ciddi xəsarət halı baş verərkən bu məsələ ya tam araşdırılmır, ya da araşdırılsa belə, nəticəsi barədə bir sıra hallarda faktiki olaraq zərərkənlərə və mülkiyyətçilərə məlumat verilmir. Belə hallar da mövcuddur”.

Bakıda mənzillərin qiyməti niyə artıb?

Tikinti eksperti Nüsrət İbrahimov isə Musavat.com-a açıqlamasında bildirdi ki, Bakı şəhərində artıq bir neçə rayonda liftlərin yenilənməsi prosesi davam edir: “Bu işi gücləndirib qısa müddətdə bitirmək daha yaxşı olardı. Ancaq biz icraçıları günahlandırmaqdan daha çox vətəndaşları da tənqid etməliyik. Lift istifadəçiləri bəzən doğru davranmırlar, üfunət iyindən liftlərə girmək olmur. Onu həmin blokda yaşayanlar edir. Liftləri tez qırırlar, kobud hərəkət edirlər. Lift idarəsinin işçiləri də şikayət edirlər ki, çatdıra bilmirlər. Sovet dövründə liftlərin təmirinə “JEK”lər nəzarət edirdi. İndi isə bu qurumların fəaliyyəti demək olar ki, nəzərə çarpmır”.

Qeyd edək ki, ötən il dövlət başçısı İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamın icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniyanın Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb və 542 lift Bakıya gətirilib. Onlar paytaxtın müxtəlif rayonları üzrə bölünərək quraşdırılsa da, hələ də köhnə və qəzalı liftlərin olduğu yaşayış binalarının sayı yüzlərlədir. 

Yeni liftlərin quraşdırılması və ona nəzarətlə bağlı aidiyyəti dövlət qurumundan münasibət öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Onların da mövqeyini dərc etməyə hazırıq. 

Həmçinin oxuyun

“İçərişəhər”dəki Qala divarında dağıntı olub – Fotolar

Bakının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim Qala divarının bir hissəsində dağıntı olub. Hazırda həmin …