Şəhərdə piyada gəzməyi sevənlər yaxşı bilər, yolun piyadalara aid hissəsində – səkilərdə vəziyyət yaxşı deyil. Bakı və ətraf qəsəbələrdə, hətta Abşeron rayonunun mərkəzə yaxın qəsəbələrində təxminən eyni problemdir: ya səki yoxdur, ya yolun hərəkət hissəsi ilə eyni hündürlükdə olduğundan maşın dayanacaqlarına çevrilib. Bu dayanacaqların bir çoxu sürücülərin kortəbii şəkildə maşın saxlamağı ilə yaransa da, başqa bir hissəsi də hər yerdən qazanc əldə etməyə çalışanların səkiləri də gəlir mənbəyinə çevirməsi nəticəsində ortaya çıxıb. https://sikayetimvar.az-da qarşımıza çıxan bir məktubda cərimələnən sürücünün müraciətindən də bu, aydın görünür.
Nərimanov rayonu, Ş.İ.Xətai prospektində – Elm və Təhsil Nazirlyinin yanındakı “Çanakqala keramika” mağazasının qarşısında maşın saxladığı üçün cərimələnən sürücü qadağanedici nişanı deyil, “parklamaya nəzarət edən vətəndaşı” “gördüyündən” 20 manat cərimələnib və BNA-ya müraciətində tələyə düşdüyünü əsaslandıraraq cərimənin ləğvini istəyib: “Qadağanedici nişanı görmədim. Dükanın qabağında parklamaya nəzarət edən vətəndaşın “bu ərazi dükana aiddir, saxlamaq olar”, – deyərək verdiyi əminliyinə inandığım üçün maşını o ərazidə saxlamışam. Bunları nəzərə alaraq cərimənin ləğv edilməsi barədə tədbir görməyinizi xahiş edirəm”.

Nəinki yolun hərəkət hissəsi ilə eyni hündürlükdə olanlar, hətta hündür maşınların çıxa biləcəyi səkilərdə də maşın əlindən addım atmaq olmur. Ya maşınlara sürtünə-sürtünə aralarından keçməli olursan, ya da çarəsiz qalıb maşın yoluna çıxıb qəzalara zəmin hazırlayır, ölümlə burun-buruna hərəkət edirsən.
Səkilər – ehtiyat və ya alternativ yol?
Səkiyə, sadəcə dayanacaq kimi yox, tıxaclı yoldan daha tez keçmək üçün “ehtiyat yol”, yaxud yolun hərəkət hissəsi fərqli istiqamətdə olduğu və maşın yoluna çıxmaq üçün xeyli fırlanmaq tələb etdiyindən kəsdirmə yol kimi baxanlar da olur. Məsələn, Yasamalda Həsən bəy Zərdabi küçəsində geniş səkidə kimsəylə toqquşmadan yeriməkdən yenicə zövq almağa başlayırsan ki, arxadan bir maşının gəldiyini hiss edirsən. İnsaf üçün qeyd edək ki, ərazidə hərəkət edən maşınlar yolun piyadalara aid hissəsində olduqlarının fərqindədirlər ki, işarə verib piyadanı çəkilməyə tələsdirmir, səbrlə piyadanın arxasına düşüb yavaş-yavaş irəliləyirlər.

Səkidəki maşınlarla necə mübarizə aparmalı?
Amma yolun piyadaya aid hissəsində olan piyadanı çəkilməyə məcbur edən sürücülər də az deyil. “Bəs, harda saxlamalıyam”, – deyib özünə haqq qazandıranlar haqlıdırmı? Yolun bir hissəsində hərəkət edib, digər hissəsini parklamaya çevirən sürücülərlə “mübarizə”nin nəticəsi ola bilərmi? Bəs, onlarla mübarizə necə qurulmalıdır? Piyada yolunu kəsən maşının üstünə müxtəlif heyvan adları, söyüşlər yazmaq, hətta üstünə sal daşlar yığmaq optimal variantdırmı və müsbət nəticə verə bilərmi?
Belələri ilə fərdi qaydada mübarizədə səkilərə maşınların girişinə mane olmaq üçün qıfıllı zəncir vuranlar da az deyil.
Dayanma-durma hərəkətinin pozulması qayda pozuntuları içərisində birinci yerdədir.
Bakupost.az şəhərdə hərəkət məhdudiyyəti yaradan, piyadalarla sürücüləri qarşı-qarşıya gətirən vəziyyətdən çıxış yolunun olub-olmadığını bu işin mütəxəssislərindən soruşub.
Mütəxəssislər birmənalı olaraq hesab edir ki, səki yolun piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Burada nəinki maşınla hərəkət etmək, nəqliyyat vasitəsini saxlamaq da olmaz. Ölkə qanunları ilə dəstəklənən bu fikri daim sıxlıq müşahidə olunan şəhərimizdə maşın saxlamağa yer tapmayan sürücülərə qəbul etdirmək elə də asan məsələ deyil. Bunun nəticəsidir ki, Bakı şəhərində dayanma-durma hərəkətinin pozulması qayda pozuntuları içərisində birinci yerdədir.

Statistikaya əsaslanan Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, bu rəqəm kifayət qədər böyükdür və başqa qayda pozuntularından kəskin şəkildə fərqlənir:
“Sürücülər hətta əlillərin və uşaq arabaları ilə hərəkət edənlərin istifadəsi üçün nəzərdə tutulan pandusların da qarşısını kəsir və ya belə yerlərdən istifadə edərək öz avtomobilləri ilə səkini zəbt edirlər. Bununla da həmin şəxslər üçün ciddi əngəl törədirlər. Halbuki qanunlarımızda yolun bu hissəsində maşın sürməyi, maşın saxlamağı qadağan edən maddələr var. Ona görə də İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin birinci bəndinə əsasən, yol polisi sürücülərə yaxınlaşıb maşını çəkməsini tələb edə bilər. Maşını qoyub gedən sürücüyə elektron qaydada cərimə tətbiq edilə bilər. Dayanma-durma hərəkətini qadağan edən nişanın təsir dairəsi, piyada səkisi, yolun hərəkət istiqamətində ikinci zolaqlar dayanma-durma qadağan olan ərazilərdir və hamısı 346.1-ci maddənin təsir dairəsinə düşür”.
Araz Əsgərli bildirib ki, polisin inzibati məsuliyətə cəlb etməkdən başqa səlahiyyəti yoxdur. Ona görə də dayanma-durma qaydalarını pozan sürücülərə qarşı ən sərt tədbir maşının ərazidən evakuasiyasına dair qərar ola bilər ki, bu da ancaq maşın dayandığı ərazidə hərəkət tam məhdudlaşarsa, mümkündür:
“Yol polisi yol infrastrukturunda tələblərə riayət olunmasını vətəndaşlardan tələb edir. Ancaq yol polisi parklanma siyasətini həyata keçirmir. Bu məsələdə məsuliyyət sahibləri bəllidir. Belə ki, parklanma dövlət avtomobil yollarında müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında yenə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya uyğun olaraq təşkil edilir. Bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təşkil edilir”.
Odur ki, Araz Əsgərli səkini parklanma yerinə çevirənlərlə mübarizə aparmaq üçün müraciətlərin Bakı Şəhər İcra Hakimiyyətinə yönəldilməli olduğunu deyib:
“Bu da qayda pozuntusudur və 354.0.10-cü maddənin təsir dairəsinə düşür. Yolların hərəkət istiqamətlərinin, səkilərin müxtəlif maneələrlə tutulması və ərazinin məhdudlaşdırılması ilə müşayiət olunan bu qayda pozuntusu fiziki və hüquqi şəxs olmasından asılı olaraq, fərqli cəzaları nəzərdə tutur. Buna görə fiziki şəxslər 80-100, vəzifəli şəxslər 400-500 manat, hüquqi şəxslər 3000-4000 manat cərimə olunurlar. Bu problemə qarşı tədbirlər mütəmadi görülür, polis bir yandan sökür, o biri yandan yenidən quraşdırırlar. Yolun hərəkət hissəsində sədlərin, şlaqbaumların quraşdırılmasına, yolda hərəkətin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında piyadaların hərəkətinə məhdudiyyət yaradılmasına görə 354.0.4-cü maddənin tələbinə uyğun tədbir görürük. Nəticə yoxdur, çünki cəriməni ödəyir, işə davam edirlər”.
Araz Əsgərli yol hərəkəti infrastrukturuna eqoist münasibətdən də gileylənib:
“Bu ondan irəli gəlir ki, şəxsi maraqları qanunvericiliyin tələblərindən üstün tuturlar, hesab edirlər ki, saxlamaq üçün nəzərdə tutulan xüsusi yer yoxdursa, harda istəyirlər, orda saxlaya bilərlər. Çox vaxt şəhərdə yaranan sıxlıq, tıxac problemlərinin də səbəbi məhz bu cür məsuliyyətsiz davranışlardır”.
Tikinti zamanı piyada yolunun zəbt edilməsi yeni fakt deyil
Odur ki, yol infrastrukturunun layihələndirilməsi və yolda hərəkətin nizamlanması fəaliyyəti ilə məşğul olan qurumlar əlavə tədbirlərə əl atmalı olurlar.
Məsələn, artıq bir neçə ildir ki, şəhərin mərkəzi rayonlarında, xüsusən parklama üçün yerlərin məhdud olduğu ərazilərdə səkilərin dəmir maneələrlə əhatə olunmasına başlanılıb. BNA-nı buna səkiləri avtobus dayanacaqları ilə birlikdə özü üçün parklama ərazisinə çevirənlər buna məcbur edib. Qurumdan mətbuata verilən açıqlamalardan birində oxuyuruq:
“Dayanacaq məntəqəsinin olduğu ərazinin günün birində hasara alınaraq yerində 3 mərtəbəli obyekt tikilməsi, tikinti zamanı piyada səkisinin də zəbt edilməsi şəhərimiz üçün heç də yeni fakt deyil. Bir çox küçələrdə piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə, standartlara cavab vermir. BNA-nın qaldırdığı və planlı mübarizə apardığı bu məsələnin həllini tapdığını deyə bilmərik”.
Həllini tapmaq bilməyən belə faktlara qarşı mübarizədə qurum daha təsirli yollara əl atır, ciddi tədbirlər görməyə çalışaraq səkiləri piyadalara qaytarmaqda qətiyyət nümayiş etdirir. BNA-da Nəqliyyat axınının idarə olunması və təhlili şöbəsinin müdiri Tərlan Səfərov vurğulayıb ki, “səkilər, velosiped yolları, avtobus zolaqları rahat hərəkətin təmin edilməsi üçün zəruri faktorlardır. Piyadalar ən həssas yol hərəkəti iştirakçılarıdır. Bu səbəbdən küçələr layihələndirilən zaman hər şey, ilk növbədə onların təhlükəsizliyinə hesablanmalıdır. Nəzərə almalıyıq ki, sürücü də, sərnişin də səyahətinin bir hissəsini məhz piyada kimi davam etdirir. Ölkəmizdə qüvvədə olan şəhərsalma və tikinti normalarına əsasən, yerli əhəmiyyətli küçə və yollarda, yaşayış məntəqələrində səkinin piyada hissəsinin eni 1,5 metrdən az deyil, hündürlüyü 15 sm. olmalıdır”.
Bu standarta uyğun gəlməyənləri isə yaratmaq istiqamətində iş gedir:
“BNA fərqli istiqamətlərdə iş görür. Bunlardan biri inzibati tənbeh tədbirləridir. Səkilərdə qanunsuz parklanma edən nəqliyyat vasitələrinin qarşısının alınması, səkilərin hasarlanması, yolun bu hissəsinə müxtəlif tikinti materiallarının yığılması kimi hallara qarşı BNA tədbirlər görür, insanların səkilərdə rahat hərəkəti üçün müvafiq tənzimləmələr həyata keçirir.
Sürücülər üçün pis xəbər: cərimələr artırılacaq

“Avtosfer.az” saytının rəhbəri, yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı da Bakı Nəqliyyat Agentliyinin layihəsini şəhərdə səkilərin piyadalara qaytarılması məqsədinə xidmət edən ən yaxşı tədbirlərdən biri hesab edir:
“Layihəyə görə, səkilərin kənarlarına tumbalar basdırılır. Bu yol hərəkətinin təhlükəsizliyi baxımından çox önəmlidir. Çünki avtomobil qəzaları zamanı maşınların yoldan çıxaraq səkidə piyadaları vurması faktları kifayət qədər çoxdur. Yaxud maşınların yoldan çıxaraq səkiyə, ordan isə mağazalara, obyektlərə çırpılması insan həyatına təhlükə yaradır”.
E.Muradlı deyib ki, səkidə avtomobil saxlamaq, maşını səkiyə çıxardaraq hərəkət etmək tam qadağan olunub. Ona görə də səkidə parklama dayanma-durma qaydalarının pozulması kimi dəyərləndirilir və 20 manat cəriməsi var:
“Səkidə hərəkət, hətta maşının bir hissəsini səkiyə qaldırıb hərəkət etdirmək 40 manat cərimə edilir. Velosiped də daxil olmaqla bütün nəqliyyat vasitələrinin hamısı yolun hərəkət hissəsində hərəkət etməlidir”.
Dayanma-durma ilə bağlı qanunvericilikdə dəyişiklik gözlənildiyini vurğulayan E.Muradlı səkidə hərəkətə görə cərimələrin artırılacağını deyib: “Yaxın vaxtlarda səkidə park etməyə görə sürücülər 20 deyil, 40 manat məbləğində cərimələnəcəklər”.
Səkilər piyadalar üçündür!
Bir sözlə, qanun-qaydaya görə səkilər piyadalar üçündür, yəni yolun piyadaların hərəkəti üçün nəzərdə tutulan hissədir və ona görə də nəqliyyat vasitələri yalnız onların durması üçün ayrılmış, müəyyən edilmiş qaydada işarələnmiş parklanma yerlərində saxlanılmalıdır. Məsələn, “Yol Hərəkəti Haqqında” Qanunun 52-ci maddəsi “Dayanma və durma” qaydalarını müəyyən edib. Bu qanunla nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmayıbsa, avtomobillərin səkilərdə dayanması və durması qadağandır. Sürücülər, xüsusilə də piyadaların rahatlığı və təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə saxlamamalıdır. Hətta səkilərin kənarında durmağa icazə verilən hallarda belə, piyadaların hərəkətinə mane olmamaq tələbi qoyulub.
Araz Əsgərli qeyd edib ki, səki ilə gedə bilməyən piyadalar məcburən hərəkətlərini avtomobil yoluna düşərək davam etdirirlər:
“Bu isə nəinki piyada üçün həyati təhlükə deməkdir, eyni zamanda sürücünün diqqətinin yayınması və qəza şəraitinin yaranmasına gətirib çıxarır, hətta qəza ilə nəticələnir”.
İctimai qınaq bu məsələdə nəticə verə bilərmi? A.Əsgərli hesab edir ki, yol hərəkəti qaydalarına münasibət dəyişməlidir:
“Vətəndaşlar narahatlıqları müvafiq strukturlara bildirməli, polisə dəstək verməlidirlər. Sürücülər isə düşünməlidir ki, piyadanın hərəkət etdiyi ərazidə maşını saxlayıb düşdükdən sonra özləri də piyada olurlar. Üstəlik, yol hərəkəti qaydaları həyati əhəmiyyət daşıyır. Hər kəs bu qaydalara eyni məsuliyyətlə əməl etməlidir. Başqa tərəfdən, bir qayda pozulanda başqa bir qaydanın pozulması üçün zəmin yaranır. Məsələn, piyadanın hərəkətini məhdudlaşdıran sürücü onu maşın yoluna çıxmağa məcbur edir. Media vasitəsilə, sosial şəbəkələrlə nə qədər məlumat yayıb, insanları daha məsuliyyətli olmağa dəvət edirik. Ancaq cəmiyyətimizdə yol hərəkəti qaydalarına münasibəti dəyişə bilmirik”.








