Cümə , İyun 21 2019
Ana səhifə / Sosial / Bakının qlobal tıxac problemi: BNA vətəndaşı əlavə yükə salacaq? – ŞƏRH

Bakının qlobal tıxac problemi: BNA vətəndaşı əlavə yükə salacaq? – ŞƏRH

Bakıda tıxac problemi onillərdir ki, həllini tapmır.

Paytaxta axının davam etməsi, yeni tikililər, bərpa işləri avtomobil sıxlığını ilbəil daha aktual məsələyə çevirir.Məlumdur ki, bu, təkcə Bakı üçün xarakterik problem deyil.Dünyanın əksər iri şəhərlərində tıxac problemi var. Bu problemin nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirdiyi kimi əhalinin təhlükəsizliyi və sağlamlığına da xələl gətirir, ekoloji vəziyyətə təsirsiz ötüşmür.
Böyük şəhərlərdə tıxacın qarşısını almaq üçün müxtəlif üsullar işlənib hazırlanır.Dünya təcrübəsində işin başlama və bitmə vaxtının fərqli saatlara salınmasından da tıxacların qarşısının alınma vasitəsi kimi istifadə olunur. Artıq ölkəmizdə də bu, tətbiq edilə bilər .

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iş saatlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə müraciət edib. BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, layihə təsdiqlənəcəyi təqdirdə pik saatlarda şəhər yollarında sıxlıq aradan qalxacaq: 

“BNA tərəfindən Nazirlər Kabineti yanında yol hərəkətinin təhlükəsizliyi komissiyasına müvafiq təkliflər təqdim edilib. Düşünürük ki, bu təkliflər reallaşacağı təqdirdə günün pik saatlarında şəhər yollarında nəqliyyat sıxlığını müəyyən qədər azaltmaq mümkün olacaq”.

M.Ağayev, həmçinin sıxlığın aradan qaldırılması üçün məktəblərdə servis avtobuslarının olmasının vacibliyini vurğulayıb:

“Məktəblərdə servis avtobusların olması da vacib məsələdir. Bu gün aparılan təhlillər onu deməyə əsas verir ki, xüsusən də səhər pik saatlarında məktəblərin ətrafında dayanma və durma qaydalarının kütləvi pozulması halı müşahidə edilir. Nəticədə, vətəndaşlarımız səhər saatlarında iş yerlərinə, dərsə və s. ünvanlara gecikmə, lüzumsuz əsəb və stresslə çatırlar. Bu səbəbdən də məktəblilər üçün servis avtobusları olarsa, bunun özü də tıxac və nəqliyyat sıxlığının azaldılması baxımından əhəmiyyətli olar”.

Mətbuat katibi deyib ki, məktəblərdə servis avtobuslarının istifadə edilməsi də BNA-nın gündəliyində olan prioritet məsələlərdəndir. Təklif qəbul olunar və Nazirlər Kabineti iş saatlarının dəyişdirilməsi ilə bağlı qərar çıxararsa, bu, tıxacların aradan qalxmasını təmin edəcəkmi?  

Ümumiyyətlə, paytaxt Bakıda tıxac probleminin həlli üçün bu, yeganə effektiv vasitə hesab oluna bilərmi?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, iş saatlarının dəyişdirilməsi yaxşı təklifdir və bunun mexanizmi işlənib hazırlanmalıdır: 

“İş saatları ilə yanaşı, orta məktəblərdə, universitetlərdə, peşə məktəblərində dərs zamanının dəyişdirilməsi haqqında təkliflər də zaman-zaman səslənib.  Bu, həyata keçirilərsə, yaxşı nəticələr verə bilər.Amma qərarın icrası üçün mexanizm hazırlanmalıdır. Nazirlər Kabineti belə bir qərar verərsə, iş yerləri buna hazırdırmı, bu müəssisələrin işinə necə təsir edəcək,  ümumiyyətlə, müəssisələr buna gedəcəkmi, bunlar kökündən araşdırılmalıdır.  Tutaq ki, bir işləyən xanım axşam saat 6-da işdən çıxır. O, gedib uşağını bağçadan götürür və evə gedir. Bağçalar elə indi də saat 6-ya kimi güclə işləyir, bəzən isə saat 5-də valideynlərə zəng edirlər ki, gəlin uşağı aparın.Həmin işçi gün rejimini belə qurub. Amma onun iş saatı dəyişdirilərək saat 7-dək uzadılarsa, məcbur olur ki, 1 saat uşağa baxmaq üçün dayə tutsun. Həmin dayə uşağı bağçadan götürərək, ona baxmalıdır və bu da əlavə vəsait deməkdir. Azərbaycan reallığında 300-400 manat məvacib alan valideyni buna məcbur etmək onun həyat şəraitini ağırlaşdırmaqdır. Digər bir misal gətirək.Valideyn səhər saat 8-ə qalmış uşağını məktəbə aparır, sonra isə işə gedir. Onun işinin vaxtı dəyişdirilib bir  saat uzadılarsa, o məcbur olacaq ki, yenidən evə qayıtsın və müəyyən müddət sonra evdən çıxsın. Biz nəqliyyat sıxlığının qarşısını almaq istəyirik, amma vətəndaşı bir saatın içərisində iki dəfə evdən çıxmağa məcbur edirik.Bu, əks-təsir göstərə bilər.Yəni, bir problemi həll edərkən ortaya başqa problemlər çıxır.Bu məsələlər kompleks şəkildə araşdırılmalıdır ki, insanların həyat şəraitinin ağırlaşmasına səbəb olmasın”.

Həmçinin oxuyun

Pensiyalar yenə artacaq – Tarix açıqlandı

“Pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçılarımızın təqribən 60%-i …