Ana səhifə / Sosial / Bakının “Papanin” məhəlləsində gəzən söh-söhbətlər…

Bakının “Papanin” məhəlləsində gəzən söh-söhbətlər…

Bakının Papanin məhəlləsinin – hələ sovetlər dönəmində salınmış, bir-birinin içərisində yerləşən daxmalardan ibarət daha bir yaşayış məskəninin minlərlə sakini köçürüləcəkləri günü səbirsizliklə gözləyir. Məhəllənin girişində – Cəlil Məmmədquluzadə küçəsində (“Papanin” hospitalı istiqamətində) magistral yolun hər iki tərəfində bir neçə fərdi yaşayış evi artıq sökülüb. 

Məhəllə sakinləri deyirlər  ki, pilot layihə çərçivəsində istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküləcəyi, yerində çoxmərtəbəli binaların tikiləcəyini eşidiblər. Deyilənə görə evləri sökülənlərə həmin binalarda təmirli mənzil veriləcək. Hələlik kütləvi söküntü olmadığından söküntü, abadlaşdırılma işlərinin hansı şirkət tərəfindən həyata keçirildiyini kimsə bilmir.

Sakin: “Təmirli mənzil verilməsi daha sərfəlidir”

“Baxın, bu yaxınlarda gördüyünüz evlər söküldü, sakinləri kirayəyə köçürdülər. Köçən qonşular dedilər ki, kompensasiya ödənilmir, əvəzində evin real sahəsindən 20 kvadratmetr çox təmirli mənzil veriləcək. Çünki evlərin çoxunun sahəsi uzaqbaşı 35-50 kvadratmetrdir. Balaca evlərdə 4-5 nəfər yaşayır. Amma sonra köçürülmə dayandı. Yəqin ki, Novruz bayramından sonra məlumat verirlər”,- Cəlil Məmmədquluzadə küçəsinin sakini Arif belə deyir. Əlavə edir ki, o, özü 5 nəfərlik ailəsi ilə birgə 70 kvadratmertlik evdə yaşayır. İndiki bazar qiymətləri ilə kompensasiya onlara sərfəli deyil. Buna görə də öz yaşadığı ərazidə, təmirli mənzil təklifi ilə razılaşacaq.  

Papanin məhəlləsində minlərlə qəzalı ev var. Məhəllənin dar, yöndəmsiz yolları da ilin bütün fəsillərində tozlu-torpaqlı, palçıqlı olur. Yol olmadığından məhəlləyə marşrut işləmir. Amma sakinlər yaxın 2-3 ildə bütün məhəllənin söküləcəyinə çox da inanmırlar. Hərçənd ki, uzun zamandır məhəllədəki evlərə qeydiyyat dayandırılıb, əlavə mənzil tikintisinə icazə verilmir. Sakinlərin özləri də illərdir köçürüləcəklərini gözlədiklərindən təmir aparmağa, evlərini yeniləməyə əlləri gəlmir.

“Hər ilin bu vaxtında söküntü xəbərləri gəlir, biz də eşidib sevinirik. 64 yaşım var, 30 ildir evin söküləcəyini, əvəzində yeni ev alacağım günü gözləyirəm”, – məhəllənin yaşlı sakinlərindən biri deyir. Əlavə edir ki, ötən həftə yenə də söküntü ilə bağlı xəbərlər yayılıb. Məhəllədə hamı bir-birini təbrik edib: “İki balaca otaqda 6 nəfər qalırıq. Ev təmirsizdir, nəmişlikdən yayda da divarlardan su damır. Sonuncu dəfə divarı 10 il əvvəl rəngləmişik, dama dəfələrlə yamaq vurdurmuşuq. Övladlarım, nəvələrim təmir aparmağa qoymurlar ki, onsuz da gec-tez söküləcək”.

Sakinlərdən Həqiqət Qurbanova isə deyir ki, bir neçə il əvvəl hamını qeydiyyata alıblar: “Mənim şəxsiyyət vəsiqəmdə küçəmizin adı Cəlil Məmmədquluzadə deyil, Teymur Əliyev qeyd olunub. Qonşulardan biri dedi ki, 2-3 gün əvvəl gəlib, maraqlanıblar. Evin arxasından yol gedir, həmin yoldan üzü bəri söküləcək. Amma mən inanmıram, çünki illərdir eyni xəbərləri eşidirəm”.

Sakinlərin əksəriyyəti söküntü xəbərini qonşusundan eştdiyini deyir, amma kimsə gələnlərin kimlər olduğu ilə maraqlanmayıb. Deyirlər ki, onlar üçün elə də fərq etmir, əsas odur ki evlərini söküb, ya mənzil, ya da bazar qiymətlərinə uyğun kompensasiya ala bilsinlər.

Söküntü xəbərini verənlərə qonaqlıq vədi

H.Qurbanova söküntü xəbərini gətirənlərə qonaqlıq da vəd edib: “Evin vəziyyətini görürsüz. Kim işıqlı, təmirli, geniş evlərdə yaşamaq istəməz ki? Qapını açıb söküntü xəbərini gətirənlərə qonaqlıq verəcəm”

Sakinlərin bəziləri isə söküntünü gözləməkdən yorulub, kimi həyətinin üstünü bağlayaraq əlavə otaq düzəldib, kimi də damının üstündə otaq yaradıb.

“Oğlumu evləndirdim, məcbur qalıb damda otaq tikdirdik, evin içərisindən də pilləkən qoydurduq. Əlavə yerim yoxdur ki, otaq tikdirim. Çöl qapını açıb birbaşa evin içinə giririk. Bir mətbəxt, bir otağım var. Buna görə də köçürülməyimizi istəyirik”,-sakinlərdən biri belə deyir.

Təmirsiz, uçuq, sökük evlərdə yaşayan bir neçə sakinlə də söhbətləşirik. Aralarından biri evinin əvəzinə mənzil verilməsi təklifi ilə razılaşmadığını deyir. “Bizim evin yanındakı evi sökürlər, mən kompensasiya istədim. Dedim ki, pulumu verin, şəhər kənarına köçüb orada ev tikdirəcəm, yoxsa evimin söküntüsünə icazə verməyəcəm”,-həmin sakin bildirir.

Bir maşının güclə keçə biləcəyi dar döngələri, bir-birinə bitişik yöndəmsiz evləri, yağış yağan kimi gölməçələrlə dolan yolları ilə  Papanin Bakının gündən-günə abadlaşdırılan məhəllələri ilə ayaqlaşmır. Nəticədə  Bakının bu məhəlləsinin də tarixə çevrilməsinə çoxdan ehtiyac yaranıb.

Qeyd edək ki, paytaxtın memarlıq baxımından əhəmiyyət kəsb etməyən, birmərtəbəli, kommunikasiya xətti olmayan tikililərin sökülməsi və yerində parkların salınması nəzərdə tutulub. Söküləcək ərazilərlə bağlı siyahıda Sovetskidən başqa Papanin və Xutor da var.

virtualaz.org

Həmçinin oxuyun

Sabah 27 dərəcə isti olacaq PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və …