Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakının mərkəzində salınmış park xarabalığa çevrilir – FOTOLAR

Bakının mərkəzində salınmış park xarabalığa çevrilir – FOTOLAR

Bakının mərkəzində – Nəsimi rayonu, Rəşid Behbudov küçəsindəki park xarabalığa çevrilmək üzrədir. Baxmayaraq ki, parkın abadlaşdırılaraq istifadəyə verilməsindən cəmi 2-3 il ötür. Ərazidə yaşıllıq zolağı salınıb, dekorativ ağaclar əkilib, yerə mərmər döşənib, oturacaqlar quraşdırılıb, hövuzlar, şələlələr tikilib. Amma yaxınlıqda yaşayan sakinlərin sevinci uzun sürməyib. Park sərxoşların, gecələməyə yeri olmayan kimsəsizlərin məskəninə çevrilib.

Sakinlərin sözlərinə görə, park baxımsızlıqdan məhv olmaq üzrədir. Oturacaqlar qırılıb, şələlələr quruyub, hovuzlar isə tullantılarla doldurulub. “Bu park ətraf binalarda yaşayanların yeganə istirahət məskənidir. Buna görə də, abadlaşdırılaraq istifadəyə veriləndə hamı sevinirdi. İndi isə yalnız sərxoşların, bir də ailəsindən gizli görüşənlərin məskənidir”, -yaxınıqdakı binada yaşayan Vahid Məmmədov virtualaz.org saytının əməkdaşı ilə söhbətində deyib.

Vahid hovuzların içərisinə atılmış araq şüşələrini göstərir. Parkın gözətçisi olduğunu iddia edən şəxs isə deyir ki, tez-tez təmizlik işləri aparılır. Amma oturacaqların qırılması, girəcəyə xüsusi görünüş verən daşların sökülməsinə görə elə ətrafda yaşayan sakinlər günahlandırır: “Əraziyə mən nəzarət edirəm, yaşıllıqların məhv edilməsinə imkan vermirəm. Amma göz açıb yumunca ətrafa zərər verirlər, bir neçə yerdə mərmər qırılıb. Bəzək daşları da sökülüb”.

Saat 12-ni göstərir. Nəzarətçi olduğunu söyləyən şəxs isə sərxoşdur. Yaxınlıqdakı oturacaqda isə bir nəfər yatıb. “Bura şəhərin mərkəzidir, yaşıllıq, dekorativ ağaclar, bəzək daşları göz oxşayır. İlk vaxtlar gələn çox olurdu, kimi çəkiliş aparırdı, kimi də uşaqları ilə istirahət edirdi. İndi gələn azdır, park isə göz görə-görə dağılır”, – sakinlərdən biri söyləyir.

Sakinlər onu da əlavə edir ki, parkın xarabalığa çevrilməsindən narahatdırlar. Çünki park və bağların xarabalığa çevriləndən sonra satılması, yerində çoxmərtəbəli binaların tikintisi ilə tez-tez rastlaşırlar. “Hər dəfə mətbuatdan oxuyuruq -əvvəlcə oturacaqlar qırılır, sonra daşlar, hovuzlar sökülür. Buna görə də, gözümüz qorxub. Hətta ərazini təmizləyən olanda sevinirik. Hamının tək bir istəyi var, park məhv olmasın”, – sakinlər söyləyirlər.

Nəsimi Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, sözügedən ünvandakı parkın vəziyyəti ilə maraqlanacaqlar. Hələlik şikayət daxil olmayıb.

 

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …