Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / Bakının mərkəzində sakinlər təhlükədə… – FOTOLAR

Bakının mərkəzində sakinlər təhlükədə… – FOTOLAR

Paytaxtın Səbayıl rayonu, Buxta küçəsi 9 ünvanıda sakinlər gecəni sək-səkədə keçirirlər. Səbəb ərazidə evlərin qəzalı vəziyyətə düşməsi, ərazidəki 20-dən çox evin uçma təhlükəsi altında qamasıdır.

Sputnik Azərbaycan sakinlərin müraciətini nəzərə alaraq sözügedən ərazidə vəziyyətlə tanış olub.

Labirinti xatırladan yollar, dar və nizamsız küçələr, girişi-çıxışı iç-içə olan döngələr… Əslində gedəcəyimiz ünvanın belə qəliz olacağını ağlımıza gətirməsək də, sən demə paytaxt Bakının rayonunda bir-birinin içində, arxitektura və şəhərsalma qaydalarının bir bəndinə belə uyğun gəlməyən qədim yaşayış massivi varmış. Ötən il burada baş vermiş sürüşmə nəticəsində 20-dən çox ev qəzalı vəziyyətə düşüb. Sürüşməyə səbəb isə evlərin aşağı hissəsində yerləşən 3 mərtəbəli daha bir qəzalı binanın sökülməsi olub. Ərazi amfiteatr formasında olduğundan həmin bina söküləndən sonra bu evlərin alt hissəsi sürüşərək onları kəskin qəzalı vəziyyətə salıb. Buxta küçəsi 9 ünvanında bizi sakin İkram Nəbiyev qarşılayır. Deyir ki, özü və ailəsi bu ünvanda 1996-cı ildən məskunlaşsa da, ərazidəki tikililər 1885-ci ildə inşa olunub. İkram Nəbiyevin sözlərinə görə, hazırda bu yamacda olan bütün yaşayış evləri təhlükə altındadır. Çünki, yamacın yuxarısında olan qəzalı evlər uçduqca aşağı cərgələrdə tikilən evləri də sürüşdürür: “Bizim evlərin qəzalı olduğu barədə qərar qəbul olunub. Digəl ki, Buxta 9 ünvanında yaşayan sakinlərin ancaq bir hissəsi köçürülüb. Hazırda ərazidəki 13 ailə köçürülüb. Yerdə qalanları isə gecəni sək-səkə altında keçirir. Yuxarıdakı tikililərin uçub başımıza töküləcəyindən hər an narahatlıq keçiririk. Balaca bir tıqqıltı səsi gələn kimi yerimizdən dik atılıb ayağa dururuq. Ayıb da olmasın, gecə də paltarlı yatırıq ki, uçqun olan kimi qaçıb canımızı salamat qurtaraq”.

İkram Nəbiyev deyir ki, əvvəlcə o qəzalı vəziyyətdə olan evində yaşayırmış. Bina uçandan sonra bir cərgə aşağıda oğlunun evində məskunlaşmalı olub. Sakini narahat edən daha bir məsələ isə qeydiyyatla bağlıdır: “Bizi o vaxt köçürdəndə dedilər ki, sizin qeydiyyat məsələniz həll olunacaq. Amma oğlum əsgərdən gəlib, biz hələ də havadayıq. Bizim də qeydiyyatımız uçan evimizə idi. İndi bizi Səbaildə heç bir ünvana qeydiyyata salmırlar. Hələki aşağı cərgədə oğlumun evində yaşayırıq. Orada uçsa, yəqin ki, küçədə gecələməli olacağıq. Çünki, burada yaşayan çox az adamın kənarda evi var. Bu ünvana gələn rəsmi şəxslər də inanır ki, kənarda evi olan heç kəs həyatı ilə risk edib evlərin sürüşdüyü, uça-uca gəldiyi bir ərazidə yaşamaz. Biz çarəsiz olduğumuzdan burada oturub sanki “cənabi Əzrayıl”ın yolunu gözləyirik”.

Sakinlərlə söhbət zamanı öyrəndik ki, yamac boyunca inşa edilmiş qəzalı evlərin mütləq əksəriyyətinin “kupça”sı yoxdur. Amma bu evlər sakinlərin son ümidi olduğundan, aşağı qiymətlə ərazidə evləri uçan sakinlərə kompensasiya verilib. İ.Nəbiyev deyir ki, bir il 8 aydır ki, ərazidəki sakinlər qəzalı evlərdə təhlükə altındadır: “Mənim evimin sahəsi 24 kvadrat metrdir. O vaxt mənə 29 min manat pul verdilər. O pula isə heç yerdə ev ala bilmədim. Ümidim onadır ki, oğlumun evinə də kompensasiya versinlər ki, birləşib bir ev ala bilək”.

Ərazidə olarkən qəzalı vəziyyətdə olan evlərə də baş çəkdik. Sakinlər bildirdilər ki, artıq aşağı cərgədə olan evlərdə çatlar yaranıb. Hətta dövlət komissiyasının çatlara vurduğu plombların aralanması da təhlükənin getdikcə artdığından xəbər verir. 20-dən çox evin sakini isə hələ də evlərinin qarşısına beton tökməklə uçqunun qarşısını alırlar. Onların qəzalı və təhlükəli vəziyyətdə olan evləri isə hər an sürüşərək torpaq altında qala bilər…

Sakinlər deyirlər ki, hər yağan yağış ərazi üçün təhlükədir. Onların sözlərinə görə, Nazirlər Kabinetinin və Səbayıl rayon İcra hakimiyyətinin əməkdaşları tərəfindən Səbayıl rayonu Buxta küçəsi 9 ünvanına təkrar baxış keçirilib və yaxın zamanlarda burada zəruri tədbirlərin görüləcəyi bildirilib.

Nazirlər Kabinetindən isə bildiriblər ki, məsələ Baş nazirin nəzarətindədir və bununla bağlı Maliyyə nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səbayıl Rayon İcra hakimiyyətinə zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.

Bakının mərkəzində sakinlər təhlükədə...
Bakının mərkəzində sakinlər təhlükədə...
Bakının mərkəzində sakinlər təhlükədə...

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …