Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Sosial / Bakının iki ən problemli marşrut xətti birləşdirilərək “BakuBus”a verildi

Bakının iki ən problemli marşrut xətti birləşdirilərək “BakuBus”a verildi

20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı 05.06.2018 tarixində elan edilən müsabiqəyə yekun vurulub.

Bakı Nəqliyyat Agentliyindən virtualaz.org-a verilən məlumata görə, qanunvericiliyə uyğun keçirilən müsabiqənin qalibi “BakuBus” MMC olub. Əvvəlcədən nəzərdə tutulduğu kimi, hər iki marşruta dair sərnişindaşıma xidmətləri bir daşıyıcı tərəfindən icra ediləcək.

Qeyd edilən marşrutların nömrələri 7A və 7B olaraq müəyyən edilməklə son dayanacaq məntəqələri də dəyişdirilib. 7A marşrutu üzrə avtobuslar Beynəlxalq Avtovağzal Kompleksi – “Əhmədli” metrostansiyası, 7B marşrutu üzrə isə Yeni Yasamal qəsəbəsi (“Qismət” ş.s) – “Əhmədli” metrostansiyası istiqamətində sərnişinlərə xidmət göstərəcək. Müsabiqə şərtlərinə uyğun olaraq, 7A və 7B marşrut xətlərinin fəaliyyəti yaxın günlərdə təmin ediləcək.

Vahid hərəkət cədvəli ilə xidmət göstərəcək marşrut xətlərində avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Bunu nəzərə alaraq, marşrut xətti üzrə təhlillər aparılaraq müvafiq dayanacaq məntəqələrində ödəmə terminalları quraşdırılıb. Həmçinin, yeni dayanacaq məntəqələri müəyyənləşdirilib.

Xatırladaq ki, hər iki marşrut xətti ilə bağlı aparılan kompleks təhlillərlə müəyyən edilib ki, 20 və 94 nömrəli marşrut xətlərinin ayrı-ayrı daşıyıcılar tərəfindən istismar edilməsi, hərəkət sxemlərinin üst-üstə düşməsi (“20 Yanvar” metrostansiyasından “8-ci km bazarı”na qədər) Ziya Bünyadov prospektində avtobus sürücüləri arasında mütəmadi olaraq ötmə əməliyyatlarının aparılmasına, tıxacların yaranmasına səbəb olurdu. Qeyd edilən marşrut xətləri üzrə avtobus sürücülərinin təhlükəli manevr və ötmə əməliyyatları etməsi səbəbindən dəfələrlə ağır yol nəqliyyat hadisələri də baş verirdi. Bununla yanaşı, hər iki marşruta aid avtobus sürücülərinin sərnişinlərlə etik davranış qaydlarını pozmaları və təhlükəsizlik tədbirlərinə riayət etməmələri barədə 141 Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olurdu.

Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır.

VIPedu.BIZ

Həmçinin oxuyun

Deputat: “Qadınları niyə 65 yaşında pensiyaya çıxardıq?”

Deputat Vahid Əhmədov  “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu ilin …