Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Bakının gizli saxlanılan Baş planı

Bakının gizli saxlanılan Baş planı

“Bakının Baş planı üzrə işlər başa çatıb”.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Onun sözlərinə görə, hazırda Baş planın layihəsi razılaşdırma mərhələsindədir: 

“Razılaşdırma mərhələsi başa çatmaq üzrədir. Yaxın vaxtlarda Baş plan təsdiq üçün aidiyyəti qurumlara təqdim olunacaq”.

Qeyd edək ki, Baş plan şəhərin uzunmüddətli perspektiv inkişafını təyin edən əsas şəhərsalma sənədidir.

Xatırladaq ki, ötən ilin sonunda bildirlmişdi ki, “Bakının Baş planı şəhərin zonalaşdırılmasını, müvafiq məhdudiyyətləri özündə əks etdirir. Paytaxta uyğun müasir şəhərsalma yanaşmaları da plana salınıb”.

Ümumiyyətlə, Baş plan ictimai müzakirəyə çıxarılıbmı, yoxsa hökumət səviyyəsində baxılacaq?

Komitədən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, indiki mərhələdə komitə sədrinin fikirləri kifayət edir:

“Aidiyyəti qurumlara gəldikdə, Nazirlər Kabineti deyil, Baş planın razılaşdırıldığı qurumlardan söhbət gedir”.

Roma şəhərinin fəxri alimi, respublikamızda bir çox maraqlı layihələrin müəllifi, memar Cahid Həsənov isə ictimai müzakirəyə dəvət edilmədiyini bildirdi:

“Təəssüf ki, 30 ildir şəhərsalma üzrə memar, professor olaraq nəinki mən, ümumiyyətlə, mütəxəssislər belə bu müzakirələrə dəvət olunmurlar. Dünyada bu iş yalnız bir qurumun işçiləri səviyyəsində həll edilmir. 20 il əvvəl də yolların genişlənməsi, hətta körpülərin nə formatda olması ilə bağlı da heç bir mütəxəssisin fikirlərindən istifadə edilmədi və nəticəsi də hamıya məlumdur. Körpülərdə ötürücülər lazımi formatda olmadı. Bunun nəticəsidir ki, əvvəlki tıxaclar 2-3 dəfə artıb”.

Memar deyir ki, onun məktubu əsasında, hətta Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini 2 il əvvəl məktub da yazaraq komitəyə dəvət ediləcəyini bildirib: 

“Təəssüf ki, hələ heç bir məlumat yoxdur. İstəyirəm ki, Qarabağda şəhərsalma zamanı görüləcək işlərdə Bakıdakı səhvlər təkrarlanmasın. Hətta mənim bir konsepsiyam da var ki, işıqforların sayı az olan yollar xəritəsi və formatı və s. Ancaq bizdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mütəxəssislər cəlb edilməsinə xaricdən fərqli olaraq sanki özünə ayıb bilir.

Dünyada belə qurumlar daima müqavilələr əsasında, hətta memarlıq firmaları ilə birgə fəailiyyət göstərirlər. Reallıq odur ki, heç ekspertləri dəvət etmirlər. Yəqin ki, ictimai müzakirə heç olmayıb. Maraqlıdır, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu nəyə lazımdır? Ümumiyyətlə, ölkədə olan memarların heç birinin xəbəri varmı bu Baş plandan? Şəxsən mənim yüzlərlə təklifim olub. Sadəcə, dəvət etməyiblər. Məsələn, paytaxtda tıxacın qarşısının alınması üçün yol planlaşdırmasını təklif etmişəm. Hansı ki, Qarabağda “Ağıllı kənd” layihəsi üçün də mən bu bunu işləmişəm.

Sosial arxitektura formatı təqdim etmişəm. Şəhərin mərkəzində sıxlıq yaradan tikililər ətrafa, xüsusilə də Qaradağ rayonu ərazisinə yönəldilməlidir. Hətta universitetlər və yataqxanalar, Dərnəgüldəki “taxta bazarı” və digər ərazilərdəki bazarlar da burada öz əksini tapmalıdır.

Bakı istirahət şəhəri olmalıdır və Xəzər dənizi sahilində olan bu paytaxt tələb edir ki, şəhər inzibati və ya yaşayış şəhərcikləri yox, gəzinti, əyləncə, bir sözlə turist şəhəri olmalıdır”.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …