Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakının dar küçələrində xaotik tıxac necə aradan qaldırılır… – FOTOLAR

Bakının dar küçələrində xaotik tıxac necə aradan qaldırılır… – FOTOLAR

Artıq Bakının mərkəzi və nisbətən köhnə məhəllələrində küçə boyu park edilən avtomobillərin sayı azalıb. Buna səbəb isə paytaxtın ensiz küçələrində tıxacların qarşısını almaq üçün yeni, unikal üsuldan istifadəyə başlanılmasıdır.

Qış parkı, Füzuli meydanının ətrafında, o cümlədən, Əlövsət Quliyev, Həzi Aslanov, Bəşir Səfəroğlu və digər paralel küçələrdə nəqliyyat vasitələrinin hərəkəti birtərəfli edilib. Həm də, yolun piyadalar üçün nəzərdə tutulmuş səki hissəsi genişləndirilib. Əvvəllər yolun hər iki tərəfində avtomobillər saxlanılırdısa, indi ancaq yolun bir tərəfində müvəqqəti park edilən avtomobillərə rast gəlinir. Çünki fiziki olaraq yolun hər iki tərəfində maşın saxlamaq mümkün deyil.

Həmin ünvanda yaşayan sakinlər deyirlər ki, piyada səkilərinin genişləndirilməsi onlar üçün çox gözlənilməz olub. Bir neçə ay əvvələ qədər avtomobil əlindən küçəyə çıxmaq mümkün deyildisə, artıq rahat hərəkət edə bilirlər: “Uzun illərdir ki, yollarımız çox bərbad vəziyyətdə idi. Guya şəhərin mərkəzində yaşayırıq, amma rahat evimizə girib-çıxa bilmirdik. Səhər dururdun ki, qapını açıb çölə çıxasan, məlum olurdu ki, biri maşını qapına bitişik saxlayıb gedib. İndi rahatlığa çıxmışıq…”, – deyə Həzi Aslanov küçəsində yaşayan Rəhimə Musayeva bildirir.

Digər sakinlər də qonşularının fikrini təsdiqləyirlər. Onlar bildirirlər ki, yolun bir tərəfli olmasından sonra məhəllədəki gurultu və səs-küy də xeyli azalıb: “Küçələrdə elə yerlər var idi ki, ümumiyyətlə piyada səkisi qalmamışdı, ya birinci mərtəbədəki ticarət obyektləri zəbt eləmişdilər, ya da kimsə həyətini irəli çəkmişdi. Qalanlara da bəzi “ağıllı” sürücülər maşınlarıni mindirirdilər. Evə gəlib çatana qədər “ziq-zaq” cızırdıq. Neçə illərdən sonra ilk dəfə özümüzü insan kimi hiss edirik. Daha bu səkiyə avtomobillərin qalxması da mümkün deyil, çünki qalxsalar, avtomobillərinin altı dəyəcək”, – deyə Gülbala adlı sakin bildirir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, bu praktika paytaxtdakı tıxacları azaltsa da, amma şəhərin hər yerində eyni təcrübədən istifadə etmək olmaz: “Səkilər hündürə qaldırılıb, yolun hərəkət hissəsi ensizləşdirilib, küçədə parklanma praktiki olaraq ləğv olunub. Amma bunu hər yerdə tətbiq etmək olmaz. Çünki bu xüsusi ensiz küçələrdə piyadaların xeyrinə atılmış addımdır. Və tədricən həmin küçələrin tam olaraq piyada küçələrinə çevrilməsinə aparan addımdır. Burada avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Şəhərdə nəqliyyat yükü çox aşağı olan, hətta məhəllədaxili küçələrdə bunu tətbiq etmək olar. Şəhərin geniş küçələrində bu təcrübədən istifadə oluna bilməz”.

Ekspert deyir ki, bu həmin ərazidə özünü həm də ona görə doğruldur ki, orada Qış parkının altında geniş avtomobil dayanacağı var.

Layihəni icra edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflini də virtualaz.org-a son bir neçə ay ərzində sözügedən ərazidə avtomobil tıxaclarının azaldığını deyir. Onun bildirdiyinə görə, layihə Nazirlər Kabinetinin sifarişi əsasında həyata keçirilib. Məqsəd isə, həm piyadaların, həm də avtomobillərin rahat hərəkətinə nail olmaqdır: “Nazirlər Kabinetinin sifarişi əsasında həmin ərazidə abadlıq və yenidənqurma işləri həyata keçirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də sifariş əsasında Bəşir Səfəroğlu və digər paralel küçələrin bərpasını həyata keçirir. Bu yaxınlara qədər piyada yollarının üzərində avtomobil saxlanılırdı, onların gediş-gəlişinə maneçilik törədilirdi, piyadalar məcbur olub yola çıxırdılar. Artıq bu problemin aradan qaldırılması üçün həm piyada səkiləri, həm də yol bərpa olunur. Həm piyadalar, həm də nəqliyyat vasitələri rahat şəkildə hərəkət edə biləcəklər”.

A.Nəcəfli deyir ki, sözügedən ərazi köhnə şəhər ərazisi olub və həmin ünvanda daha çox bir-iki mərtəbəli tarixi evlər tikilib. Hazırda köhnə şəhərin koloritinə uyğun olaraq orada bərpa işləri həyata keçirilir, binaların fasadları və yollar təmir olunur.

Piyada səkilərinin ölçüsünə gəlincə isə, A. Nəcəfli qeyd etdi ki, bu ərazidən asılı olaraq dəyişir: “1, 1,5- 2 metr olan səkilər var. Yolun hərəkət hissəsi isə standart olaraq 3, 75 – 4,25 aralığındadır. Yollar birtərəflidir, bir avtomobil hərəkət edə bilər. Əvvəl isə  həm yolun sağ, həm də sol hissəsində avtomobillər saxlanırdı, hərəkətə maneçilik törədilirdi”.

A.Nəcəfli həmçinin bildirib ki, digər ərazidlərdə də layihədə nəzərdə tutulmuş işlərin icrası davam etdiriləcək.

Virtualaz.org


Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …