Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Sosial / Bakının Atatürk parkında: Eldar Əzizov tapşırdı, “it damına” oxşayanlar söküldü…

Bakının Atatürk parkında: Eldar Əzizov tapşırdı, “it damına” oxşayanlar söküldü…

Xəbər verildiyi kimi dekabrın 10-dan etibarən metronun “Gənclik” stansiyasının yaxınlığında təxminən 2 hektar ərazidə yerləşən Atatürk parkındakı illər əvvəl tikilmiş çayxana, kafe və restoranlar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə sökülür.

Virtualaz.org-un əməkdaşları bu gün parkda olublar və baş verənləri izləyiblər. Hazırda parkda qızğın iş gedir, sökülən obyektlərin  tullantıları daşınır, bir yandan da söküntü prosesi davam edir. Sökülənlər əsasən yöndəmsiz çayxanalardır.  Sökülən obyektlərdən çıxarılan əşyalar polis əməkdaşlarının iştirakı ilə boş ərazilərə yığılır.

Atatürk parkı 3 hissəyə bölünüb, metronun çıxacağından yol ayrıcına kimi ərazi təmir olunub, kafelər, çayxanalar tikilib, oturacaqlar, uşaqlar üçün yelləncəklər quraşdırılıb. Parkın çoxillik ağacların olduğu yaşıllıq ərazisi isə illər əvvəl hasarlanıb, burda obyekt tikintisinə icazə verilməsə də, ağacların bir neçəsi baxımsızlıqdan quruyub. Piyada keçidinə çıxan ərazi məişət tullantıları içindədir.

Eldar Əzizov buradakı vəziyyəti görüb və…

 

Söküntünün getdiyi ərazidə isə ötən həftə parkın yaxınlığındakı hansısa obyektin açılışına hazırlıq gedərkən təmizlənib, yeni oturacaqlar quraşdırılıb. Sakinlərin sözlərinə görə, Eldar Əzizov həmin obyektin açılışında iştirak etməsəydi bəlkə də park heç kimin yadına düşməzdi.

“Dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyətinə şikayət etmişdik. Ağaclar baxımsızlıqdan quruyur, bir tərəfdən də çayxanaya gələnlərin səs-küyündən, ətrafa atılan tullantılardan dincələ bilmirdik. Şəhərin mərkəzində üfunət iyi, tullantılar bir-birinə qarışmışdı. Eldar Əzizov gəlib, vəziyyəti görən kimi çayxanaların söküntüsünə göstəriş verib”, -sakinlərdən Ənvər Quliyev deyir.

“Bizim kimilərinin o restoranlarda nə işi var?”

 

Nisbətən yaşlı sakin isə bildirir ki, sovetlər dönəmində parkda təqaüdçülər klubu fəaliyyət göstərib, sonradan sökülərək yerində çayxana tikilib.

“Parkın girəcəyində təmir aparılanda sevinirdik, amma o ərazi sakinlər üçün deyil, varlı təbəqə üçün nəzərdə tutulub. Orada həyat gecə 12-dən sonra başlayır, bahalı maşınlarla gəlirlər.  Bir kafedəki adi çay 30 manat ola, bizim kimilərinin orada nə işi var?”-sakin əlavə edir.

Yaxınlıqdakı polis əməkdaşı da söhbətə qarışır, özünü təqdim etməsə də, obyektlərin söküntüsündən narazılıq edir: “Bu çayxanaların sənədi qaydasında idi, kompensasiya ödənilmədən söküldü. Halbuki 30-40 ailə burdan dolanırdı”.

“Buradakı obyektlər it damına oxşayırdı, yaxşı ki söküldü…”

 

Həmsöhbət olduğumuz təqaüdçülər ümid edirlər ki, parkın əvvəlki görünüşü bərpa olunacaq: “Bir az da keçsəydi, bura xarabalığa dönəcəkdi, ağaclar quruyub məhv olacaqdı. Sökülən obyektlər it damına oxşayırdı, yaxşı ki söküldü, park açıldı. Parkda yaşıllıq olar, insanların dincəlməsi üçün oturacaqlar olar. Parkın içində restoran, kafe olmaz ki! Biz bu qərarı çox alqışlayırıq, çünki günümüzün çox hissəsi burada keçir”, – deyə Fazil Vəliyev adlı sakin bildirir.

Həmsöhbətimiz deyir ki, məhz bu yaşıllığa görə Nərimanov rayonundakı darısqal evindən köçmək istəmir: “Mən bu parkla üzbəüz binada yaşayıram. Buradakı darısqal evin əvəzinə mənə 8-ci mikrorayonda 5 otaqlı geniş mənzil təklif elədilər. Ancaq bu parka görə razılaşmadım. Çünki günüm bu bağda keçir, elə bu bağ mənə bəsdir. Hər gün gəlib qonşularımla, tay-tuşlarımla əyləşirəm, dincəlirəm, nəvələrim burada oynayır”.

Sakinlər deyirlər ki, parkın baxımsız vəziyyətdə qalması adını daşıdığı şəxsiyyətə – Mustafa Kamal Atatürkə də hörmətsizlik idi. Onlar təmir və bərpadan sonra burada Atatürkə abidə qoyulmasını da təklif edirlər.

Parkdakı bahalı restoranların aqibəti naməlumdur

Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri isə danışmaq istəmirlər. Ona görə də söküntünün parkın ərazisini zəbt edən iri və tanınmış restoranları (onların sahibləri arasında bəzi oliqarxlar və deputatlar da olduğu deyilir) da əhatə edib-etməyəcəyini öyrənə bilmirik. Aralarından nisbətən yaşlısı “yazın ki, park Bakının ən gözəl istirahət mərkəzlərindən birinə çevriləcək. Hər yer gözəlləşəcək”, -deyə arxamızdan səslənir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov isə virtualaz.org-a bildirib ki, böyük şəxsiyyət Mustafa Kamal Atatürkün adını daşıyan parkdakı şərait və vəziyyət günün tələblərinə uyğun deyildi və heç kimi qane etmirdi. Parkın vəziyyəti ilə bağlı ətraf ərazilərdə yaşayan vətəndaşlardan haqlı narazılıq və iradlar daxil olurdu.

“Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə  parkın əsaslı təmiri ilə bağlı vətəndaşların istəklərini nəzərə almaqla yeni layihə sənədləri hazırlamağı qərara alıb. Hazırda parkda təmizlik və yenidənqurmaya  işlərinə başlanıb. Yalnız  müvəqqəti və qeyri- qanuni fəaliyyət göstərən, günün tələblərinə uyğun olmayan, parkda antisanitariya şəraiti yaradan obyektlər sökülüb, rəsmi mülkiyyət sənədləri olan digər obyektlərin sahiblərinə isə müvafiq yenidənqurmalar aparılması tövsiyə olunub”, -Kərimov deyib.

Onun sözlərinə görə, yeni layihə əsasında parkda vətəndaşların istirahəti üçün lazımı şərait yaradılacaq, uşaqlar üçün əyləncə qurğuları quraşdırılacaq.

 

Həmçinin oxuyun

Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirdi – Video

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən …