Cümə , Avqust 7 2020
Ana səhifə / Sosial / Bakıdan insanlar bu şərtlərlə bölgələrə buraxılsın (EKSPERT)

Bakıdan insanlar bu şərtlərlə bölgələrə buraxılsın (EKSPERT)

Sərt karantin rejimində polislərin üzərinə çox böyük məsuliyyət və yük düşür. Müşahidə etmişəm və bilirəm ki, hazırda onlar nə qədər ağır yükü çiyinlərində daşıyırlar.
Bu sözləri Axar.az-a açıqlamasında ekspert Aslan Əsədov deyib. O bildirib ki, həm polislərin yükünü azaltmaq, həm də yoluxmanın qarşısını almaq üçün Bakıdakı sıxlığı azaltmaq çox yaxşı olardı:
“Hazırda yay fəslidir və insanlar rayonlara getmək, təmiz hava almaq istəyir. Nəzərə alsaq ki, təmiz hava insanlara həm psixoloji baxımdan çox müsbət təsir edir, həm də onların sağlamlığı üçün vacibdir, onda bölgələrə getmək istəyənlərə şərait yaratmaq lazımdır. Bunun üçünsə həmin insanlardan koronavirus testinin nəticəsi tələb edilə bilər. Əgər nəticəsi neqativdirsə, həmin şəxslərin rayonlardan birinə bəlli müddətə getməsinə icazə verilsin. Seçdiyi bölgəyə gələn şəxs və ya ailə isə dərhal sahə müvəkkilinə müraciət edərək, qeydə alınsın və müşahidə altına düşsün.
Beləliklə, həm sağlam şəxslərin bölgədə məskunlaşma və təmiz havada olma arzusunu reallaşdıra, həm də Bakıda sıxlığı aradan qaldırmaqla, yoluxmanı minimuma endirə bilərik”.
Ekspert qeyd edib ki, rayona getmək istəyənlərə konkret müddət qoyulmalıdır:
“Həmin şəxs koronavirus testindən keçibsə və nəticəsi neqativdirsə, rayona getdiyi halda, məsələn, 14 gündən və yaxud bir aydan tez qayıtmasına da imkan verilməməlidir. Çünki əks halda insanların sürətli yerdəyişmələri, xüsusilə şənbə-bazar günləri rayonlara üz tutmaları əlavə problem yarada bilər.
Test nəticəsi neqativ çıxanlara sərt karantin elan olunmayan rayonlarda sosial məsafəni gözləmək, ciddi gigiyena qaydalarına əməl etməklə istirahət imkanları da yaradıla bilər.
Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu təklifi müzakirə edə bilər”.

Həmçinin oxuyun

Yoluxma azaldıqca qaydaları pozanlar çoxalır (VİDEO)

Azərbaycanda koronavirus pandemiyasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər öz müsbət nəticələrini verməkdədir. Nazirlər Kabineti yanında Operativ …