Şənbə , Oktyabr 16 2021
Ana səhifə / Sosial / Bakıdakı “Qocalar evi”ndə nələr yaşanır? -Sensasion VİDEOPEPORTAJ

Bakıdakı “Qocalar evi”ndə nələr yaşanır? -Sensasion VİDEOPEPORTAJ

Onların hər birinin öz hekayəsi var. Fərqli talelər, fərqli həyatlar. Bu və ya digər səbəbdən doğmalarından ayrı düşmək, sonra da özünü doğma olmayan, ilk dəfə gördüyün insanların arasında tapmaq ahıl yaşda insan üçün çox çətindir. Təəssüf ki, həyat hər zaman hər kəs üçün ədalətli olmur.

Bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi yanında ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarətdə etdik.

Bizi ilk qarşılayan Həbib Qəmbərov oldu. O, artıq 16 ildir ki, burada yaşayır: “Həyat yoldaşımla yola getmədik. Pencəyimi götürdüm, çıxdım. Dövlətə müraciət elədim. 16 ildir bu müəssisədə yaşayıram. 73 yaşım var. 5 uşaq atasıyam -3 qız, 2 oğlan. Özüm Naxçıvanın Şərur rayonundanam. Xəstəyəm, 2-ci qrup əliləm. Əsəbdən ayağım tutulmuşdu. İnfarkt keçirmişəm. Tək böyrəklə yaşayıram. Mənə qayğı lazımdır. Gördüm ki, yaşamaq mümkün deyil. Uşaqlar da körpə idi. Onlara heç bir köməkliyim olmayıb. Böyüyüb, ailə qurublar. Dayıları kömək edib. Yalnız ən kiçik övladımın toyunda iştirak etmişəm. Kiçik oğlum gəlir, lazım olan köməkliyi edir. Bir də balaca qızım arada maraqlanır. Peşman deyiləm. Çünki o cür qadınla yaşamaq mümkün deyildi”.

IMG-20211001-WA0022.jpg (158 KB)

Həbib Qəmbərov sığındığı məkanda ikinci baharını yaşayıb. Burada tanış olub, ailə qurduğu Məleykə xanımdan çox razılıq edir: “Çox gözəl insandır. Məni, həyatı başa düşür. İnsanlığına görə ona hörmət edirəm. Burada həm qadına, həm də kişiyə tək yaşamaq çox çətindir. 2016-cı ildə 3 ay xəstə yatdım, o olmasaydı, ölərdim. Ailədə məhəbbət olmalıdır. Hörmət məhəbbətdən yaranır”.

Həmsöhbətim fürsətdən istifadə edib 44 günlük müharibə haqqında xatirələrini də bölüşdü: “Dövlət başçısı İlham Əliyevə dönə-dönə təşəkkür edirəm ki, bizi vətən xəstəliyindən xilas etdi. Hər bir kənd, hər bir rayonun adı çəkiləndə ağlayırdım. 1-ci Qarabağ müharibəsində də iştirak etmişəm. Mən mərhum Fred Asifin (Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov) batalyonunda döyüşmüşəm. Heydər Əliyev hakimiyyətə gələndə yaşlıları buraxdılar. İki ilə qədər Ağdamda olduq. Allah Fred Asifə rəhmət eləsin. Qarabağ bölgəsində onun batalyonunda nizam-intizam var idi. Təəssüf ki, silahımız az idi. Səngərdə silahları növbə ilə işlədirdik. İndi isə ordumuz dünyanın ən güclü ordularından biridir”.

Pandemiya dövründə koronavirusa yoluxma riski yüksək olan həssas qrupa ahıllar da aid idi. Müəssisə qapalı rejimdə fəaliyyət göstərmədiyindən yoluxma riski daha böyükdür: “Şəxsən öz adımdan Samirə xanıma təşəkkür edirəm. Pandemiya dövründə elə nizam-intizam yaratmışdı ki, bir nəfər də koronavirusa yoluxmadı. Bütün işçilər sutka boyu burada qaldı”.

IMG-20211001-WA0011.jpg (99 KB)

Sona Rəhimbəyova isə 1933-cü il təvəllüdlüdür. Otağının eyvanından dəniz mənzərəsini seyr etməkdən, televizora baxmaqdan zövq alır: “18 yaşından 80 yaşına kimi Milli Elmlər Akademiyasında çalışmışam. Alnımıza nə yazılıbsa, onu da yaşayırıq. Dövlət mənə ev vermişdi. Bir qızım var idi. Nəvəm böyüdü, təhsil üçün İsrailə yola düşdü. Evim bu səbəbdən satıldı. 80 yaşında orada nə edəcəyəm ki? Burada qalmağa qərar verdim. Qızım da İsraildə vəfat edib, xəstə idi, orada da dəfn olunub. Qohumlarım var. Lakin onlara əziyyət vermək istəmirəm. Bacıım oğlu maraqlanır mənimlə. Akif Əlizadə məni görməyə gəlmişdi. (Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidentini tutur)”.

IMG-20211001-WA0018.jpg (188 KB)


Mais Rzayev müəssisəyə 2019-cu ildə gəlib. Hərbçi olub. Təqaüdə çıxana qədər DİN-in islah-əmək koloniyasında rəis müavini işləyib. O, həyatımdan razı olduğunu deyir: “Əsəb xəstəliyi ilə əlaqədar Rusiyada müalicə almışam. İki övladım var. Münasibətlərimiz çox da gözəl olmayıb. İki ildir gəlmirlər. Onlara lazım deyiləm. 71 yaşım var. Şahmat, nərd oynayıram. Nərd yarışında medal da qazanmışam. Fürsətim olanda İçərişəhərdə gəzməyi xoşlayıram”.

IMG-20211001-WA0030.jpg (160 KB)

Əlikram Məmmədov da 2019-cu ildən müəssisədədir. 70 yaşlı ahıl taleyin hökmünə boyun əyib: “Göyçay rayonundan gəlmişəm. Ailə həyatı çətin yoldur. Bu, ittifaqdır. Biri yola verməyəndə alınmır. Həbsdə olmamışam, amma özümü həbsdə hesab edirdim. Baxıram, cavanlar da yola getmirlər. Çox qısa müddətdə boşanırlar. Bir övladım var. Ağdaşda anası ilə yaşayır. Üzümə ağ oldu. Nəsihətimə qulaq asmadı deyə ondan imtina etdim”.

IMG-20211001-WA0037.jpg (263 KB)

Müəssisənin ən yaşlı sakini 95 yaşlı Ənvər Əfəndiyevdir: 1949-cu ildə hərbi texnikuma daxil oldum. 9 il Azərbaycan diviziyasında qulluq etmişəm. Diviziya ləğv olunanda məni kapitan rütbəsində ehtiyata göndərdilər. Ali məktəbə, Politexnik İnstitutuna daxil oldum. Uzun illər Layihə institutunda çalışmışam. Elmlər Akademiyasında Memarlıq və İncəsənət İnstitutunun direktor müavini vəzifəsində də işləmişəm. 2019-cu ildən burdayam, qızım da burdadır, 2-ci qrup əlildir. Başqa yaxınım yoxdur. Həyat yoldaşım vəfat edib. Boş vaxtlarımda şahmat, nərd oynayıram”.

Ahıllar burada intellektual oyunlarla, musiqi ilə məşğul ola bilirlər. Biz orada olanda açıq havada nərd oynayanların başı o qədər qarışıq idi ki, onları oyundan ayırmaq istəmədik. Ahıllar müəssisənin həyətində meyvə ağacları əkiblər. Həmçinin, qarpız, yemiş və s. yetişdirilər.

IMG-20211001-WA0019.jpg (118 KB)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi yanında Ahıl şəxslər üçün sosial xidmətin direktoru Samirə Mehtiyeva bildirir ki, hazırda müəssisədə 181 sakin yaşayır. Onun dediyinə görə, yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünə qulluq edə bilməyən, psixi sağlam və yaxın qohumları olmayan ahıl şəxslər burada məskunlaşa bilərlər: “Dəfələrlə demişəm ki, heç kimi qınamaq istəmirəm. Yaxınları çox zaman yataq xəstəsi olan ahılları buraya gətirirlər. Müəssisəmizdə kimsəsiz ahıllar da var. Lakin tamamilə imtina edilən ahıllarımız yoxdur. Elə sakinimiz var ki, qızı Türkiyəyə aparıb, o isə qızına deməmiş bura qayıdıb. Sevindirici haldır ki, təqribən 11 nəfəri ailəsinə yola çıxmışıq”.

S.Mehtiyeva xanım bildirib ki, ahıllar paltarla, gündə üç dəfə yeməklə təmin olunurlar. Görünür, bu səbəbdən ahıllar müharibə dövründə də, hazırda da təqaüdlərindən ianələr ediblər. Müəssisə yalnız ilk tibbi yardımı göstərmək iqtidarındadır. Lazım olarsa, ahıllar xəstəxanaya yerləşdirilir. Zaman-zaman həkimlər də ahılları müayinə etmək üçün təşəbbüs göstərirlər. Pandemiya dövründə Heydər Əliyev Fondu müəssisəni bütün lazımi dezinfeksiya vasitələri ilə təmin edib. Müəssisənin bütün sakinləri peyvənd olunub.

Nigar Həsənli
Elçin Əkbərov
Musavat.com

Həmçinin oxuyun

Bakıda güclü yanğın başladı: Alov ticarət mərkəzinə keçmək üzrədir (FOTO)

Nərimanov rayonu ərazisində güclü yanğın başlayıb. Qaynarinfo xəbər verir ki, hadisə metronun yaxınlığında baş verib. …