Şənbə , Noyabr 28 2020
Ana səhifə / Sosial / Bakıda yaşıllıqların məhv edilməsinə görə nüfuzlu oliqarx-məmur cəzalandırıldı

Bakıda yaşıllıqların məhv edilməsinə görə nüfuzlu oliqarx-məmur cəzalandırıldı

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova şiddətltöhmət verib. Bu barədə virtualaz.org-a Bakı şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İsrafil Kərimov bildirib.

E.Əzizovun sərəncamına əsasən Vaqif Novruzova sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan olunub. Bildirilir ki, bu cəza tədbiri Bakı şəhərində yaşıllıqların vəziyyəti, o cümlədən parklara zəif qulluq göstərilməsi ilə əlaqəlidir.  E.Əzizov tərəfindən bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vəziyyət dəyişməyib və nəticədə işində  yol verdiyi ciddi nöqsanlara görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov barəsində tənbeh tədbiri görülüb.

İsrafil Kərimov bildirib ki, Vaqif Novruzovun konkret hansı faktlara görə cəzalandırıldığı haqda bilmir və bu haqda daha sonra danışa bilər. Lakin məlum olan budur ki,  Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı  səlahiyyətlərini icra etməyə başlayandan sonra şəhər təsərrüfatının müxtəlif sahələrində hökm sürən vəziyyəti araşdırmaq üçün komissiyalar yaradıb. Və belə komissiyalardan biri də yaşıllaşdırma təsərrüfatı və yaşıllıqlarla bağlı vəziyyəti araşdırmaq tapşırığı alıb. Həmin komissiyanın rəyi əsasında Vaqif Novruzov cəzalandırılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzovla əlaqə saxlamaq cəhdimiz isə alınmadı. Birliyin baş mühəndisi Cavanşir Məmmədov hazırda V. Novruzovun ”ərazidə olduğunu” dedi.

İsrafil Kərimov

Xatırladaq ki, Bakı şəhərində yaşıllıqların illərdir sistemli şəkildə məhv edilməsi, zəbt edilməsi və tikinti şirkətlərinə qurama sərəncamlarla satılması faktları dəfələrlə ölkə rəhbərliyi səviyyəsində qaldırılıb. Prezident İlham Əliyev Bakıda yaşıllıqların məhv edilməsinə görə məsuliyyət daşıyanların ciddi cəzalandırılması barədə göstərişlər verib.

Vaqif Novruzova gəldikdə isə o, Bakı şəhər İcra Hakimiyyətinin idarəsinə rəhbərlik etsə də sanballı oliqarx-məmur hesab edilir. Çünki illərdir yaşıllaşdırma işləri üçün ayrılan milyonlar onun idarəsindən dövr edib.

Vaqif Novruzov Naxçıvan daxili işlər nazirinin müavini, general Səbuhi Novruzovun və Binəqədi rayonunun icra hakimiyyəti başçısının sabiq birinci müavini, həmin rayonda 2015-ci ildə yanan və azı 17 adamın ölümünə səbəb olan bina işinə görə həbs edilən Qəzənfər Novruzovun qardaşıdır.

2011-ci ildə isə Vaqif Novruzovla Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında mətbuatada açıq münaqişə yaranmışdı. Bu münaqişə nazirliyin Novruzovun idarəsini məhkəməyə verməsindən sonra başlayıb. Belə ki, nazirlik Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə bağlı şikayətləri araşdırıb və bu idarəni cərimə edib.

Cavab olaraq Vaqif Novruzov Ekologiya və Təbii Sərvətlər Nazirliyini “yaşıllaşdırma korrupsiyasında” günahlandırıb. O, mətbuata açıqlamasında ETSN-ni Rusiyadan bahalı qovaq tingləri almaqda ittiham etib. V.Novruzova görə, qonşu ölkələrdən alınan bu ağacların qiymətləri şişirdilməklə yanaşı həmin bitgilər özlərilə ölkəmizə müxtəlif xəstəliklər də gətirirlər.

Nazirlik isə Vaqif Novruzovu “yalan, böhtan” yaymaqda günahlandırıb və onu məhkəməyə verəcəklərini açıqlayıb. ETSN-nin mətbuat xidməti İradə İbrahimova həmin vaxt Vaqif Novruzovun ittihamlarına cavab olaraq demişdi ki, Bakıda təqribən 12 min hektarlıq yaşıllıq ərazisi üçün ayrılan vəsait, bütövlükdə Azərbaycanın 1,2 milyon hektarlıq meşə fonduna ayrılmış vəsaitdən külli miqdarda artıqdır. Bu qədər vəsaitin müqabilində Birliyin xaricdən baha qiymətə alıb gətirdiyi ağacların aqibəti də göz önündədir. 

İ.İbrahimovanın sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu günədək Rusiyadan nəinki qovaq, heç bir ağac növü almayıb. Bakıda aparılan yaşıllaşdırma işlərində, ümumiyyətlə, qovaq ağacından istifadə etməyib.

Həmçinin oxuyun

“İçərişəhər”dəki Qala divarında dağıntı olub – Fotolar

Bakının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim Qala divarının bir hissəsində dağıntı olub. Hazırda həmin …