Bazar , Sentyabr 19 2021
Ana səhifə / Sosial / Bakıda torpaqları zəbt edən saxta əlillər şəbəkəsi haqda şok faktlar

Bakıda torpaqları zəbt edən saxta əlillər şəbəkəsi haqda şok faktlar

Son zamanlar sosial şəbəkələrdə saxta müharibə əlili və saxta müharibə veteranı problemi geniş müzakirə edilir. Bu barədə bir çox məqalələr və statuslar da dərc olunur. Çox sayda insanlar ətrafında müharibə ilə əlaqəsi olmayan veteran və əlillərin törətdiyi qanunazidd əməlləri görürlər və bunun qarşısının alınmasını tələb etməkdə haqlıdırlar.

Kommersiya məhkəməsindən “kommersiya əsasları” ilə qərardad aldılar, hücuma keçdilər

Belə bir müzakirələrin getdiyi vaxtda Bakı Kommersiya Məhkəməsində hakim Leyla Rauf qızı Əliyeva “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin iddiası əsasında qərardad verib. İddia sonradan təmin edilməsə də, qərardad qüvvədədir və həmin qərardadla Bakı Şəhər İcra Hakimiyyətinin adından yazılan saxta, faktiki olaraq heç bir əsası, kötüyü olmayan məktubuna əsasən Nərimanov rayonu, Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən torpaq sahəsinin zəbtinə səylər göstərilib.

Saxta qazilərin daha bir videosu yayıldı: Söyüşün biri bir qəpik – 18+ Yeni  Sabah

Qurban Məmmədov və başının dəstəsini “yaşıl soyqırım”a görə 12 min manat cərimə etdilər

Məsələnin mahiyyəti budur ki, əraziyə 2019-cu ilin aprelində bir qrup hucum edərək oradakı 100-ə yaxın ağacı kökündən çıxarıb, çıxara bilmədiklərini isə sındırıblar. Həmin ünvanda yerləşən kiçik sahibkarların iş yerlərini qoruyan gözətçi onlara mane olmaq istəyərkən, özlərini “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin üzvləri kimi təqdim ediblər. Hakim Leyla Əliyevanın qərardadını göstərərək cinayətlərini davam etdiriblər. Sonradan məlum olub ki, bu şəxslərin bir çoxu sadəcə özünü  müharibə əlili kimi təqdim edir. Gözətçilər onlara ağacları sındırmağa mane olmağa çalışıb, lakin təhdidləri qarşısında geri çəkilməyə məcbur olub. Az sonra əraziyə Nərimanov Rayon Polis İdarəsinin, Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri gəliblər. Baş verən “yaşıl terror”la bağlı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmmədov və dəstəkçiləri barəsində protokol tərtib olunub. Qurban Məmmədov və dəstəkçiləri nazirlik əməkdaşları tərəfindən 12 min manat cərimə edilməklə toplanmış material barələrində cinayət işi başlanılması üçün Nərimanov Rayon Prokurorluğuna göndərilib.   

“Ona görə də hücumlar davamlı xarakter alır”

Saxta əlillərin zəbt etməyə çalışdıqları ərazinin bir addımlığında işləyən kiçik sahibkarlar deyir ki, cərimə ediləndən və barələrində iş Nərimanov Prokurorluğuna gedəndən sonra da dəfələrlə torpağın zəbtinə cəhdlər olub. Yenə də həmin əsassız qərardadı saxta əlillər qalxan kimi istifadə etməyə çalışıblar. 

“İsrarlı hücumların əsas məğzi budur ki, əsassız, qanunsuz qərardad əsasında ərazi zəbt edilsin və oradakı ağaclar sındırılaraq orada tikinti işi aparılsın. Bundan sonrakı məhkəməyə ”biz 2000-ci ildən oradayıq” deməyə hər vasitə ilə nail olmaq istəyirlər. Buna görə Qurban Məmmədov dəfələrlə başına dəstə yığıb əraziyə hücuma keçir. Onların barəsində hər hansı bir tədbir görülmür deyə, hücumları davamlı şəkil alır. Biz daxili işlər naziri cənab Vilayət Eyvazova dəfələrlə məktub yazmışıq. Lakin məktubumuz ünvanına çatmır. Ona görə də hücumlar davamlı xarakter alır. Üstəlik, Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Rauf qızı Əliyeva saxta sənədləri əsas tutub bu adamların xeyrinə qərar verir” -deyə kiçik sahibkar Vüqar Məmmədov bildirib. 

2007-ci ildə təsis edilən birliyə 2000-ci ildə sərəncam necə verilib?

Digər kiçik sahibkar Anar Dəmirov isə deyib ki, ötən müddət ərzində “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin Bakıda torpaq zəbt etmə sxemi haqda məlumatlar toplayıblar.

“Bu işdə makler Yusif Abdullayevin rolu zəbt edilməyə uyğun yer axtarıb tapmaqdan, həmin yerə sənəd düzəltməkdən ibarətdir. Yer müəyyən ediləndən sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib zəbtinə hazırlıq görülən torpaq sahəsinin guya illər öncədən ”Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə ayrılması haqda məktub yazılır, vaxtilə torpağın ayrılması ilə bağlı sənədlərin surəti, sərəncam istənilir. Sorğuda göstərilən tarixlər bir qayda olaraq 2005-ci ilə qədər yazılır. Nərimanov rayonunda, Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsi ilə bağlı BŞİH-ə ünvanlanan sorğuda torpaq sahəsinin birliyə guya 2000-ci ildə ayrılması haqda qeyd var. BŞİH-dən verilən cavabda təbii ki, zəbtinə hazırlıq görülən torpağın “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə ayrılmadığı, müvafiq olaraq buna aid hər hansı bir sənəd, sərəncamın olmadığı nəzərə çatdırılır.  2000-ci ildə “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi, ümumiyyətlə, təsis belə edilməmişdi. Birlik 2007-ci ildə təsis edilib.

“Arxiv İdarəsində bu cinayətə kim qol qoyub?”

Eyni məzmunlu sorğu BŞİH-in cavabı əlavə edilməklə Arxiv İdarəsinə göndərilir. Arxivdən isə BŞİH-in 2000-ci ildə “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə torpaq ayırması haqda 20.07.2000-ci ildə 646 saylı Sərəncam verilib. Bu Sərəncamın kötüyü isə faktiki yoxdur. 2007-ci ildə təsis edən ictimai birliyə 2000-ci ildə sərəncam necə verilib? Arxiv İdarəsində bu cinayətə kim qol qoyub?” 

Saxta sərəncamın nömrəsi 646, maklerin maşınının nömrəsi də 646?

Maraqlıdır ki, iş hakim Leyla Rauf qızı Əliyevanın  icraatında olarkən kiçik sahibkarlar məhkəmədən bu suala aydınlıq gətirilməsini tələb  ediblər. Hakim isə bu faktı görməzdən gəldi. Bilirik ki, hakim Leyla Əliyeva ilə Qurban Məmmədov və dəstəkçilərinə vəzifəli şəxs olaraq kömək edən icra başçısının müavini İradə Mahmudovanın çox yaxın qohumluq əlaqələri var.  Belə olmasaydı, hakim heç bir əsası olmayan, saxtalığı göz qabağında olan sərəncama əsaslanıb qərar verməzdi. Bu sərəncamın alınması ilə bağlı da ehtimal edirik ki, Arxiv İdarəsində dəstənin tanışı, üzvü olan işçi var. Zəbti planlaşdırılan əraziyə saxta 646 saylı sərəncamı alandan sonra hücumlar başladı.  Bu sərəncamın saxtalığını göstərən bir məqam da 646 nömrəsi ilə bağlıdır. Dəstədə olan makler Yusif Abdullayevin maşının nömrə nişanı da 646 ilə bitir.  

Əllərinə aldıqları saxta sərəncamın 12 il əvvələ aid olması da göz qabağındadır

Bundan başqa, qanuna görə, sərəncam icra olunmayıbsa, yəni ərazidə hər hansı bir tikinti aparılmayıbsa, həmin sərəncam avtomatik olaraq qüvvədən düşmüş hesab edilir. Sərəncamın qüvvədə olma müddəti 3 ildir. Əllərinə aldıqları saxta sərəncamın 12 il əvvələ aid olması da göz qabağındadır.

Cinayətdən bixəbər əlilləri, veteranları qabağa verib torpağın zəbtini sona çatdırmağa çalışırlar

“Bununla belə, həmin sərəncamın olmasına dair arxivdən verilən məktubu əsas götürüb Yusif Abdullayev Əmlak Komitəsindəki əlaqələri hesabına ərazidə tikinti işlərinin aparılmasına görə çertyoj-plan hazırladıb. Bundan sonra “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmmədov başının dəstəsi ilə işə qoşulub. Cinayətdən bixəbər əlilləri, veteranları qabağa verib torpağın zəbtini sona çatdırmağa çalışırlar. Zəbt baş tutduqda isə saxta sənədlər əsasında ərazi satılır. Alınmadıqda isə hücumlar davamlı xarakter alır. Bizim iş yerimizin önündə (Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində) olduğu həngamə çıxarılır. Qanunsuzluğa etiraz edənləri döyür, yaralayır, əmlaklarını yararsız hala salırlar” – kiçik sahibkar Anar Dəmirov belə deyir.

“Abdin Fərzəliyev əlillərin hərəkətlərinin qanunsuz olduğunu deyir, bunu öz məktubu ilə də təsdiq edir”

Onun sözlərinə görə, dava-dalaşla torpağı zəbt etmək istəyən Qurban Məmmədov və dəstəkçiləri oradakı yaşıllıq zolağını məhv ediblər. Buna görə də Qurban Məmmədov, onun müavini Şahlar Teymurov və başqaları haqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlayıb: “Ağacları sındırıb məhv etdiklərinə görə 12 min manatlıq cərimə yazılıb və ödənməsi Qurban Məmmədovla dəstəkçilərindən tələb olunur. Nərimanov Rayon Prokurorluğu, 17-ci polis bölməsi bu cinayət işi ilə əlaqəli 1 ildir ki, heç bir tədbir görmür. Əlillər bu işlərdə onlara Nərimanov Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər üzrə müavin İradə Mahmudovanın  dəstək verdiyini gizlətmirlər. Halbuki Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev əlillərin hərəkətlərinin qanunsuz olduğunu deyir, bunu öz məktubu ilə də təsdiq edir. Nərimanov Rayon İcra Hakimiyyətindən Qurban Məmmədovun başının dəstəsi ilə zəbt etməyə çalışdığı ərazinin dövlətə məxsus olduğu, yolun mühafizə zolağına düşməklə yaşıllıq zonası olduğu da xüsusi qeyd olunur. Yəni bu adamlar tam qanunsuz olaraq, saxta sənədlər əsasında  dövlətin torpağını ələ keçirməyə, magistral yolun mühafizə zolağını tutmağa, yaşıllığı məhv etməklə bizim iş yerimizin qarşısındakı bir parça torpaq sahəsini zəbt etməklə bizi iş-gücsüz qoymaq istəyirlər. Üstəlik, özlərinin havadarı kimi İradə Mahmudovanın adını çəkir, bizlərə qarşı cinayətlərin araşdırılmasını əngəlləməyə çalışırlar. Bu ünvanla üzbəüz dəstənin makleri Yusif Abdullayevin obyekti var, piyada səkisinin üzərində yerləşir. Bunu da araşdıran yoxdur. 17-ci polis bölməsinin işdən və daxili işlər orqanından xaric edilən iki zabiti də bu adamlara havadarlıq edirdilər. Nəhayət ki, cənab nazir onları əməllərinə görə sistemdən uzaqlaşdırdı”.

“Dəstə Bakının əksər rayonlarında eyni sxem üzrə dövlətə məxsus torpaqları zəbt edir!”

Kiçik sahibkarlar deyir ki, dəstə təkcə Nərimanov rayonunun ərazisində deyil, Bakının əksər rayonlarında eyni sxem üzrə dövlətə məxsus torpaqları zəbt edirlər: “Müvafiq araşdırma aparılsa, əlimizdəki faktları da  hüquq-mühafizə orqanlarına təqdim etməyə hazırıq”.

Kiçik sahibkarlar daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə müraciət etməklə Dərnəgül küçəsi 1 ünvanında saxta əlillərin törətdikləri qanunsuzluqla bağlı tədbir görülməsinin tezləşdirilməsini xahiş ediblər.

Həmçinin oxuyun

Beyləqanın icra başçısı qazilərə cinayət işi açdırır

Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev bir qurup Vətən müharibəsi qazilərinə cinayət işi açdırır. …