Ana səhifə / Sosial / Bakıda tələbələrin hər gün məruz qaldığı işgəncə:tıxac, auditoriya çatışmamazlığı…

Bakıda tələbələrin hər gün məruz qaldığı işgəncə:tıxac, auditoriya çatışmamazlığı…

Artıq ikinci həftədir ki, Azərbaycanda yeni tədris ili başlayıb və ənənəvi təhsil qayğıları da aktuallaşıb.

Belə qayğılardan biri-orta məktəblərdə şagird sıxlığı, təhsil müəssisələrinin əksəriyyətinin iki növbədə fəaliyyət göstərməsi ilə bağlı yazmışdıq. Müşahidələr göstərir ki, sıxlıqla bağlı problem təkcə orta məktəblərdə deyil, orta ixtisas və ali məktəblərdə də mövcuddur.

Orta məktəblərdə olduğu kimi kolleclərdə və universitetlərdə bu problemi aradan qaldırmaq üçün tələbələrin bir qismini ikinci növbəyə salırlar. Dərsi axşam saatlarında bitən, xüsusən də, şəhərətrafı ərazilərdə yaşayan tələbələr bəzən saatlarla tıxacda qalır, evə axşamdan xeyli keçmiş, yorulub əldən düşmüş halda çatırlar. Bu isə birbaşa təhsilin keyfiyyətinə təsir edir, tələbənin faydalı iş əmsalını aşağı salır.

Auditoriya çatmır, əlavə korpusa ehtiyac var – problem hər yerdə eynidir

İkinci növbənin ciddi problemlər yaratdığını tələbələr də təsdiqləyirlər. Məsələn, Azərbaycan Dillər Universitetinin (ADU) H.Z. Tağıyev qəsəbəsində yaşayan Fidan adlı tələbəsi bildirir ki, dərsdən çıxıb evə getmək onun üçün işgəncədir: “Axşam dərsdən çıxırıq, düşürük tıxaca. Bəlkə də, Şamaxıya getsəm, daha tez çataram. İki saata yaxın vaxtım yollarda keçir. Avtobus o qədər silkələnir ki, kitab da oxumaq olmur. Hələ hava gec qaralır, qışda işimiz lap müsibət olacaq. Soyuq, qaranlıq, küçə itləri, bir də oğru və narkomanla qarşılaşmaq qorxusu var…”

Eyni fikirləri Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) tələbələrindən də eşidirik. Tələbələr deyirlər ki, gecə özlərini evə yorğun halda çatdırırlar, yeməyə belə halları olmur, o ki qala dərsə hazırlaşmağa.

“Qaranlıq, tıxac, küçə itləri… evə gecə çatırıq…” – tələbələr narazıdır

Bakı dövlət Universitetinin filologiya fakültəsinin Aytən adlı ikinci kurs tələbəsi isə gileylənir ki, növbəlilik əsasən, tələbə qızlar üçün çətinlik yaradır: “Oğlanlar bu rejimdən o qədər də narazı deyillər, çünki axşam dərsdən çıxmaq, evə gec getmək, tıxaca düşmək onlar üçün elə ciddi problem yaratmır. Biz isə metrodan istifadə edə bilmirik, çünki qatarlar basabas olur, pik vaxtda avtobusa minə bilmək böyük bacarıq tələb edir. Evə çatıb sabahın dərslərini hazırlaya bilmirik, günümüzün yarısı boşa gedir”.

Bəs təhsil müəssisələrinin iki növbəli fəaliyyət göstərməsi nə ilə əlaqədardır? Tələbələr üçün auditoriyalar yetərli deyilmi? Əlavə korpuslar niyə tikilmir? Əgər mövcud korpus yetərli deyilsə, niyə normadan artıq tələbə qəbul olunur? Bu suallarla bir neçə universitetə müraciət etdik.

“Şəhərdə tıxac varsa, bu bizim problemimiz deyil” – Azərbaycan Dillər Universiteti

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətindən bildirilib ki, iki növbəli təhsil ölkənin bütün təhsil ocaqlarında var. Bu məsələdə universitet müstəqil qərar verə bilməz: “Həm də bunda qeyri-adi heç nə yoxdur. Universitetimizin 3 korpusu var və auditoriya sayı imkan verdiyi qədər də tələbəmiz var. Əgər şəhərdə tıxac varsa, bu bizim problemimiz deyil. Əgər tələbələr ikinci növbə ilə bağlı bizə müraciət etsələr, mümkün addımlar ata bilərik. Hazırda tələbə sayı auditoriyalara uyğundur”.

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən isə universitetin bütün tələbələri səhər növbəsinə yerləşdirmək imkanının olmadığını öyrəndik: “Bakı Dövlət Universitetində 20 min tələbə təhsil alır. Bəlkə də, hansısa universitetdə tələbələri yalnız səhər növbəsinə salmaq olar, amma BDU-da mövcud olan contingent bu qədər tələbənin hamısını səhər növbəsinə yerləşdirməyə imkan vermir”, – universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyir.

“Bu qərar tələbələrin xeyrinədir” – Neft və Sənaye Universiteti açıqlayır

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Bəhruz Nəzərov isə çalışdığı təhsil müəssisəsində növbəlilik sisteminin korpus, auditoriya çatışmazlığı ilə əlaqəli olmadığını deyir. Onun sözlərinə görə, bu qərar tələbələri nəzərə alaraq verilib.

“ADNSU-da 14 min 500 tələbə təhsil alır. I və III kursda oxuyan tələbələr birinci, II və IV kursda oxuyan tələbələr isə ikinci növbədə təhsil alırlar. İkinci növbə saat 13:30-da başlayır və 18:40-da bitir. Ümumiyyətlə, növbəlilik əsasında təhsil bir çox ali və orta ixtisas məktəblərində var. Bu qərar Boloniya sisteminə keçiddən sonra tələbələrin xeyrinə qəbul olunub. Çünki Boloniya sistemində tələbələrin kredit borcları yarana bilir. I kursda borcu yaranan tələbə onu II kursda rahatlıqla verə bilər. Məsələn, II kursda tələbə ikinci növbədə təhsil alır və borcunu I kursun tələbələri ilə birinci növbədə oxuyaraq ödəyə bilər. Əks halda tələbə universiteti 5-6 ilə bitirmək məcburiyyətində qalacaq”, – B. Nəzərov qeyd edir.

B. Nəzərovun sözlərinə görə, ADNSU-da auditoriyalar planlaşdırılıb və tələbə sayına uyğundur. Tələbələrin dərsdən sonra yol və tıxac probleminə gəlincə isə B.Nəzərov bunları deyir: “Günün reallığıdır ki, Azərbaycan inkişaf edir və bakı böyük meqapolisə çevrilir. Nəqliyyat vasitələrinin sayı kəskin artıb və bundan təkcə tələbələr deyil, hamımız əziyyət çəkirik. Universitetə yaxın yaşayan tələbələr 10 dəqiqəyə dərsə çatırsa, uzaqdan gələn tələbələrimiz böyük çətinlik yaşayır. Ona görə də, bu daha çox tələbənin yaşayış yerindən asılı olan problemdir”.

Lakin Azərbaycan Dövlət Pedaqoji Kollecinin İnsan resursları və informasiya şöbəsinin müdiri Rasim Quliyevin bildirdiyinə görə, onlarda növbəlilik birbaşa tələbə sayı ilə auditoriya sayının uyğun olmamasından irəli gəlir: “Bizdə əlavə korpusun tikilməsinə ehtiyac var. Çünki qrupların sayı otaqların sayına uyğun deyil. Bu da təbii prosesdir. Əslində hər yerdə qəbul planı ilə məktəbin infrastrukturu uyğun gəlmir. Kollecimizin də yüz yaşı var və yeni, əlavə binanın tikintisinə ehtiyac var. Amma bu ciddi problem deyil. Bizdə Sabunçu rayonunda da korpusumuz var və orada da iki növbədə tələbələri yerləşdirmişik. Tələbələr 17:30-dan sonraya qalmırlar”.

Bütün universitetlərdə təhsilin keyfiyyəti aşağıdır 

Təhsil eksperti Kamran Əsədov isə deyir ki, onsuz da, Azərbaycanda bütün ali təhsil müəssisələrinin keyfiyyəti aşağıdır. Bunun növbəliliklə əlaqəsi yoxdur: “Növbəsindən asılı olmayaraq, əgər orada faydalı dərs keçirilmirsə, əmək bazarında tələbata uyğun kadr hazırlığı həyata keçirilmirsə, istənilən növbədə keyfiyyətli təhsil qurula bilməz. Keyfiyyətə təsir göstərən ən son amil dərsin növbəliliyi prinsipidir. Əgər birinci növbədə oxuyanların akademik göstəriciləri ilə ikinci növbədə oxuyanların akademik göstəricilərini araşdırsaq, onların arasında elə bir fərq görmərik”.

Ekspert deyir ki, bu sadəcə, gənclərin asudə vaxtının səmərəli istifadəsinə mənfi təsir edə bilər. Heç də ölkədəki 164 min tələbənin hamısının maddi tələbatlarının ailəsi tərəfindən ödənilməsinə imkanları çatmır. Ona görə də əksəriyyəti işləməyə məcburdur. Bu iş imkanı isə səhər oxuyanlar üçün daha rahatdır. K. Əsədovun sözlərinə görə, hazırlıq baxımından isə, günorta oxuyan tələbə daha rahat dərslərinə hazırlaşa bilər.

“Məsələn, axşam saatlarında dərsdən çıxan tələbələr …”

Ekspert deyir ki, təhsilin növbəliliyi prinsipi qanunvericiliyin tələbinə uyğun olaraq müəyyənləşdirilir. Burada əsas məsələ ondan ibarətdir ki, növbəlilik təhsilin keyfiyyətinə mənfi təsir göstərməsin: “Məsələn, axşam saatlarında tələbələr yol nəqliyyat hadisəsinin və ya hansısa bədbəxt hadisənin qurbanı olsalar, bu təhlüləsizlik baxımından problemə çevrilə bilər. Və ya təhsil müəssisələrimizin kampusu olmadığına görə, tələbələr ali məktəbə gəlmək üçün uzun məsafə qət etməli olurlar. Bu zaman növbəlilik prinsipi nəzərə alınmalıdır. Tələbələrimizin çoxu Bakı və onun ətraf ərazilərində yaşayırlar. Nəqliyyat sıxlığı istisna olmaqla, uzaq məsafə problemimiz yoxdur. Ən vacib məsələ təhsilin keyfiyyət problemidir”.

K. Əsədov təsdiqləyir ki, ölkənin təhsil müəssisəslərində növbəlilik uditoriyaların yetərli olmaması ilə əlaqədardır. Qəbul proqramı həyata keçirilərkən, tələbələrin bir növbəli prinsiplə təhsil almaları nəzərə alınmalıdır. Xarici ölkələrdə də növbəli təhsil təcrübəsi var, amma orada daha çox tələbənin fərdi imkanları nəzərə alınır.

“Xarici ölkələrdə tələbəyə fərdi yanaşılır, qrupda uzaq məsafədən gələn tələbələrin səhər saatlarında nəqliyyata çatıb-çatmaması öyrənilir və əgər çatmırsa, ikinci növbəyə salınır. Bizdəki kimi kor-koranə şəkildə, birinci kurslar birinci, ikinci kurslar ikinci növbəyə salınmır”,-həmsöhbətimiz deyir.

Qeyd edək ki, hazırda Azərbaycanda ali təhsil müəssisələrinin sayı 51-ə, tələbələrin sayı isə 160 minə çatıb. Bu il ali təhsil müəssisələrinə qəbul olunanlar 1990-cı illə müqayisədə iki dəfədən çoxdur. Əksər ali və orta ixtisas müəssisələri qəbul sayını artırsalar da, auditoriya sayını tələbə sayına uyğunlaşdırmağa nədənsə ehtiyac görmürlər. Bu müddət ərzində demək olar ki, universitetlər və kolleclər üçün əlavə korpuslar inşa edilməyib. Başqa sözlə, qəbul planı ildən-ilə artırılır, auditoriyalarda isə basabas yaranır. Belə vəziyyətdə Azərbaycanda ali və orta ixtisas təhsili məktəblərinin peşəkar mütəxəssis yetişdirməməsinin səbəblərini uzaqda axtarmaq lazım gəlmir… Virtualaz.org

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …