Cümə , Aprel 12 2024
Ana səhifə / Sosial / Bakıda təhlükəli ərazilər: Yaşamaq qorxuludur

Bakıda təhlükəli ərazilər: Yaşamaq qorxuludur

Suraxanı rayonu Zığ qəsəbəsində torpaq sürüşmələrinin müşahidə olunduğu ərazidə son zamanlar problem bir qədər də dərinləşib.

Sürüşmələrin artmasından narahat olan sakinlər həyatlarının təhlükədə olduğunu bildirərək digər binanın sakinləri kimi köçürülmələrini istəyirlər.  

 Zığ qəsəbəsində sürüşmələrin müşahidə olunduğu ərazidə son iki gündür vəziyyət daha da kəskinləşib. Ərazidə yaşayanlar üçün təhlükəli vəziyyət yaranıb. Tək həyət evində yaşayanlar yox, elə bina evlərində yaşayanlar  da məsələnin ciddiliyindən xəbərdardırlar. 

Məsələ ilə bağlı memar Cahid Həsənov “Cebbe.info”-ya açıqlamasında bildirib ki, adıçəkilən ərazidə bu halın müşayiət olunması ənənəvidir, eyni zamanda yolverilməzdir:

“Zığ, Badambar və s. kimi ərazilərdə torpaqla məşğul olan əlaqədar qurumlar enişli-yoxuşlu, dağətəyi ərazilərdə yaşayış evlərinin olması üçün vəziyyətin olub-olmaması ilə bağlı əvvəldən təyinolunmuş xəritələr hazırlayıb icra qurumlarına təqdim etməlidir. Vətəndaşlar torpağı sərəncamla alır, fərdi yaşayış evini tikir, yaşayır. Orada sürüşmənin həcmi zəlzələ kimi çox ola bilərdi. Lakin xoşbəxtlikdən zəlzələnin də təkan gücü çox olmayıb. Sürüşmə çox olarsa, orada sürüşən torpaqlar evlərin üzərinə töküləcəkdi”. 

O qeyd edib ki, torpaq sürüşməsi B kateqoriyasına aid təhlükəli hadisədir, sadəcə həmin ərazidə gücü az olub: 

“Əks təqdirdə insan tələfatı ola bilər. Ona görə də belə ərazilərin tam şəkildə analizləri aparılmalıdır, ehtiyat qoruyucu zona kimi xəritəsi təsdiq olunmalıdır və bu kimi ərazilərdə tikintiyə icazə verilməsinin qarşısı alınmalıdır. Bu günəcən evlər tikilmiş ərazilərə də təşkilatlar tərəfindən əncam çəkilməlidir. Torpaq sürüşməsinin evlərə ziyan verməməsi istiqamətində işlər aparılmalıdır, bənd yaradılmalıdır. Lazım gələrsə, yaşayanlar oradan köçürülməlidir”. 

Seysmoloq Ənvər Əliyev isə bildirib ki, Bakı şəhəri ərazisində sürüşmələrin olması normaldır:

“Bakıda vaxtilə çox sayda palçıq vulkanları olub. Elə ərazilər var ki, orada alt qatda çoxlu gilli çuxurlar, üst qatda isə küləyin gətirdiyi yüngül çöküntülər, xırda hissəciklər var. Nəticədə, sürüşmənin bazası yaranıb. Sürüşmənin bazası bu deməkdir ki, üstdə su keçirən qat aşağı qatdakı gilli çuxurları sürüşdürür. 

Zığ ərazisində isə sürüşmənin bazası hazırdır. İkinci baza isə bina tikintisi, yol infrastrukturu və s. digər hissələrdə dayanıqlılığı götürür. Təbii şəkildə az sürüşmələr olur, lakin ev tikintisi kimi antropogen təsirlər nəticəsində daha çox olur. Zığda isə yenidən sürüşmə ola bilər, çünki artıq orada bunun üçün mühit yetişib”. 

Həmçinin oxuyun

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib – VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.Belə bir halla paytaxt sakini …