Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Bakıda siqaret qadağasına necə əməl olunur?- FOTOLAR

Bakıda siqaret qadağasına necə əməl olunur?- FOTOLAR

Bu qanun tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Qanunda qeyd olunan yerlər istisna olmaqla digər yerlərdə tütün məmulatlarını istifadə edənlərin cəzası da məlumdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.

Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

Bu ayın əvvəlində Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq, qəbul edildikdən sonra musavat.com-un reportyor qrupu olaraq Bakıda yerləşən kafelərdə durumun nə yerdə olması ilə bağlı material hazırlamışdıq. Qısa şəkildə xatırladaq ki, qanun qəbul edilən zaman əksər kafe sahibləri bundan xəbərsiz olduqlarını bildirmişdilər. Şəhərin mərkəzi küçələrində yerləşən bir çox kafelərdə siqaret çəkilməsi üçün xüsusi yerlər belə ayrılmamışdı. Mərkəzdən kənarda yerləşən çayxanalara isə ümumiyyətlə, tüstü əlindən girmək mümkün olmurdu.

Artıq qanun qüvvəyə mindi və qaydalara əməl etməyənləri hansı miqdarda cərimələrin gözlədiyi də məlumdur.

Bəs şəhərdə vəziyyət indi necədir?

Musavat.com-un əməkdaşı olaraq Bakının mərkəzində apardığımız müşahidələr nəticəsində bizə belə aydın oldu ki, artıq əksəriyyət yeni qanundan xəbərdardır. Lakin buna baxmayaraq insanların gur olduqları yerlərdə siqaret çəkənlərin də az olmadığının şahidi olduq.

Yeni qanunla əlaqədar olaraq kafelərin bir qismi siqaret çəkilməsi üçün xüsusi məkan ayırıblar. Bunu edə bilməyənlər isə ümumiyyətlə, kafedə siqaret çəkilməsini yasaqlayıblar. Məsələn, “Pizza İnn”-də olduğumuz zaman öyrəndik ki, onlar kafenin birinci mərtəbəsini siqaret çəkməyənlər üçün ayırıblar. Burada siqaretin çəkilməsini qadağan edən xüsusi nişanlar da vurulub. Kafenin meneceri bildirdi ki, qanuna əməl edirlər və müştəriləri yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkə bilərlər. Onlar söylədilər ki, cərimələrin məbləğindən də xəbərdardılar.

“MADO” restoranında da vəziyyət eynidir. Burada da siqaret çəkənlər üçün xüsusi yer var. Restoranın menecerləri bildirdilər ki, onlar hələ qanun qəbul edilməmişdən öncə siqaret çəkənlər üçün xüsusi yerlər ayırıblar.

Zirzəmidə yerləşən “Nərgiz”restoranında da siqaret çəkənlər üçün xüsusi yerlər ayrılıb. Bu restoranın da idarəçiləri bildirdilər ki, siqaret çəkənlər üçün ayrılan yerlərdə xüsusi havalandırma sistemi də quraşdırılıb:

“Siqaret çəkənlər üçün nəzərdə tutulan yer kafenin içərisində, qapalı məkanda olsa da havalandırmanın sayəsində digər hissəyə heç bir qoxu, tüstü getmir”.

Pub-larda isə vəziyyət hələ ki, düzəlməyib. Onlardan bəziləri hesab edirlər ki, belə yerlərdə siqaretin qadağan olunması doğru hal deyil. Çünki pivə içməyə gələn adam, siqaret də çəkmək istəyir. Ancaq əksər pub sahibləri söylədilər ki, siqaret çəkən şəxsin də cərimələnməsi onların bu istəkdən daşınmasına səbəb ola bilər.

Üst mərtəbəsi (açıq məkan)olan kafelər isə havanın soyuq olmasına baxmayaraq siqaret çəkmək istəyən müştərilərini artıq yuxarıda oturdurlar.

Şəhərdən kənarda yerləşən çayxanalarda isə vəziyyət bir o qədər də dəyişməyib. Hələ də əksər kafelərə tüstü əlindən girmək olmur. Məsələn, metronun “Qara Qarayev” stansiyasının ətrafında yerləşən kafe və qəlyanxanalarda yenə də qapalı məkanda tütün məmulatları istifadə edilir. Bu kafenin sahibləri isə söylədilər ki, onlara məsələ ilə bağlı heç bir xəbərdarlıq edilməyib. Əksəriyyəti heç cərimənin miqdarından da xəbərdar deyil….

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …