Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Sosial / Bakıda siçanların yerinə niyə uşaqlar öldü?

Bakıda siçanların yerinə niyə uşaqlar öldü?

Bakıda dəhşətli hadisə baş verib. Xəbər verildiyi kimi, Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanı yeyərək zəhərlənib ölüblər.

Uşaqların babası Akif Pirəliyev ARB kanalına müsahibəsində bildirib ki, 2 yaşlı Onur və 5 yaşlı Akif bir neçə dəqiqə ərzində zəhərlənərək vəfat ediblər: “Hadisə noyabrın 8-də, axşam saat 7 radələrində baş verib. Mən və uşaqların atası işdə olmuşuq, nənəsi qonaqlıqda olub. Uşaqlar və anası evdə olub. Hadisə də uşaqların anası bir stəkan çay içəndə baş verib. Mətbəxdə oynayarkən siyirmədə siçan zəhərini marmelad bilib yeyiblər. Bundan sonra uşaqlara yuxu gəlib və analarına yatmaq istədiklərini deyiblər. Gəlinim də onları yataq otağına apararaq yerlərinə uzandırıb. Təxminən 15 dəqiqə sonra yataq otağına qayıtdıqda uşaqlardan birinin ağzından köpük, o birinin ağzından qan gəldiyini görüb. İkisinin də bədəni artıq soyuyubmuş, çölə çıxıb haray salıb, uşaqları xəstəxanaya çatdırsalar da artıq vəfat etdikləri məlum olub”.

Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd olunur ki, ailənin onlardan başqa övladları yoxdur. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.

Əlbəttə, bu, gənc ailə üçün böyük faciədir. Eyni zamanda, hadisədə valideynlərin səhlənkarlığı da qeyd olunmalıdır. Nədən siçanlara qarşı xüsusi yapışqan kağızlardan və ya tələdən istifadə olunmayıb? İkinci yandan, niyə siçan dərmanları məhz marmelad şəklində buraxılmalıdır ki, balacaların da diqqətini çəksin? Belə halların təkrarlanmaması üçün ata-analar nəyə diqqət eləməlidir? Uşaqların maraq dairəsini necə ciddiyə almalı?

Uşaq psixoloqu Zeynəb Əyyubova mövzu ilə bağlı “Yeni Müsavat”a hadisədən çox üzüldüyünü və bu məsələdə valideynləri qınamağın doğru olmadığını bildirdi: “Bir ailə üçün faciə yaşanıb, Allah rəhmət etsin. Əlbəttə, faciəni yaşayan bir ailəyə psixoloq olaraq bir də ”sizin səhlənkarlığınız ucbatından” bu hadisə baş verib demək düzgün olmaz. Bununla bağlı həm hüquq-mühafizə orqanları, həm də bu cür məhsulların satışını həyata keçirən, ölkəyə gətirən qurumlar artıq bir qərar verməlidirlər. Belə məhsullar artıq dəyişdirilməlidir. Bəzən həyət evində yaşayan insanlardan eşidirik ki, misal üçün, siçanlarla mübarizədə yapışqan və yaxud digər qabaqlayıcı vasitələr keçərli olmur. Düşünürlər ki, bu daha məqsədəuyğundur və sairə. Yəni hər bir halda artıq bir hal yaşandısa, bir dəfə hadisə baş verdisə, yenidən bu cür neqativ halların olmaması üçün dövlət qurumları bu cür məhsulların satışını qadağan edər”.

Qarşı tərəf uyğun deyilsə, öldürmə, sadəcə, həyatından çıxar"

Zeynəb Əyyubova

Həkim valideynlərə bir sıra tövsiyələr də verib: “Ümumiyyətlə, 7, 8, 9 yaşa qədər uşaq olan evlərə kimyəvi tərkibli, zərərli dərmanlardan istifadədən imtina edilməlidir. Çünki uşaqlara hətta etmə dedikdə belə, onlar inkar ədatını eşitmir və əksinə, onlarda maraq yaranır. Qadağan olunanı edir. Buna görə də valideynlərin hamısını daha diqqətli olmağa çağırıram. ”Uşaq südün içinə düşüb yandı”, “əli ət çəkən maşının arasında qaldı” kimi zaman-zaman məlumatlar da eşidirik. Əlbəttə ki, heç bir ana, heç bir valideyn bunu qəsdən və yaxud bilərəkdən etmir. Zaman-zaman hadisələr baş verə bilir və bu həmişə olub. İndi insanlar sosial şəbəkələrdə bu cür hadisələr paylaşılan zaman valideynləri qınayırlar. Biz də uşaq vaxtı anamıza kömək edərdik, dovğa fırladardıq. Anamız xəmir yoğuranda, hazırlayanda biz də kömək etmişik. Bıçaqla biz də nə isə kəsmişik. Sadəcə, bəzən bir ailənin başına gələn hadisə ilə bağlı “səhlənkarlıq olub” demək olmaz. Hadisə bəzən bir parkda valideynin öz gözü qabağında belə baş verə bilir, ananın gözü önündə uşağın yıxılıb öldüyü hadisələrlə də rastlaşmışıq. Uşağın başı yelləncəyin dəmirinə dəyib, ölüm hadisəsi baş verib. Belə hallar olub. Yəni bilib-bilmədən, insafsızcasına  səhlənkarlıq adı vermək düzgün deyil”.

Buster doza xəstəliyin yüngül keçməsinə kömək edir”

Vaqif Qarayev 

Tanınmış pediatr Vaqif Qarayev də məsələ ilə bağlı öz fikrini bildirib. Həkim öz sosial media hesabından valideynləri diqqətli olmağa çağırıb: “Bir ailənin iki azyaşlı uşağı siçan dərmanı içib zəhərləniblər. Hər ikisi dünyasını dəyişib. Ağır faciədir, ona görə valideynin üstünə getmək olmur. Amma məlumatda bir məqam diqqətimi çəkdi. Dərman mətbəxdə, siyirmədə olub. Uşaqların əlinin çatacağı yerdə. Baxın, bəla budur. Uşaqları zəhərləyəcək nə varsa, əlçatan yerdə olmamalıdır! Parfümeriya məmulatları, ayaqqabı kremi, müxtəlif batareyalar, gündəlik qəbul edilən dərmanlar, toksiki tərkibli mayelər  və sairə bu kimi məhsullar uşaqlardan uzaq olmalıdır!  Səhvimiz bundadır! Səhlənkarlıq edirik! Uşaqları qoruyaq!”

Qarabağ Azərbaycandır!” ideoloji mübarizəsi davam edir – Rövşən Nəcəfov |  Yeni Gündəm

Rövşən Nəcəfov

Psixoloq Rövşən Nəcəfov dedi ki, valideynlər övladları ilə bağlı addımlarında ehtiyatlı davranmalıdırlar: “Bütün hallarda evdə uşaqlar varsa, diqqətli olmaq lazımdır. Bəzən valideynlər uşaqlarının ”bunu etməz” dediyi şeyləri etmiş görürük. Uşaqların biliklənməsindən əlavə heç vaxt ehtiyatı əldən vermək olmaz. Korporativ məhsullar hazırlanarkən uşaqlar nəzərə alınmalıdır. İstehsal və məhsulun satışını təşkil edən qurumlar təhlükə yaradan məhsulu ən az risklə belə ictimaiyyətə təqdim etməməlidir. Aidiyyəti olan qurumlar bu halların baş verməməsi üçün peşəkar psixoloqlarla məsləhətləşməlidirlər. Korporativ qurumlar isə fəaliyyətlərində məsuliyyətli davranmalıdırlar. Valideynlər isə uşaqların təhlükəsizliyi naminə riskləri minimuma endirmək yox, riskləri yox etməlidirlər”.

Həmçinin oxuyun

Xətaidə yolun ortasında obyekt tikilir, İcra Hakimiyyəti göz yumur? – FOTO

Xətai rayonu Sarayevo küçəsində yolun ortasında ağaclar kəsilərək yerində obyekt tikilir.Azinforum.az bildirir ki, bu barədə …