Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bakıda, “Şərq bazarında” lələ köçüb, yurdu qalıb

Bakıda, “Şərq bazarında” lələ köçüb, yurdu qalıb

Paytaxtın bir zamanlar məşhur olan “Şərq bazarı”nın taleyi indi müammalıdır. Martın 31-dən boşaldılan bazar indi müharibədən sonrakı  xarabalığı xatırladır, mağazaların tullantıları binanın giriş-çıxışındakı pilləkənlərin üstünə yığılıb. Reklam lövhələri qopardılıb, mağazaların qapıları çirkabdan bir neçə rəngə çalır. Binanın girişində iri hərflərlə yazılmış “kameralar işləyir” elanı asılıb.

Mağazalar köçürülərkən satıcılara binanın  təmir ediləcəyi, sonra yenidən ticarət mərkəzi kimi istifadəyə veriləcəyi vəd olunub. Buna görə də çoxları hələ ümidlidir, satıcılar arasında hər gün gəlib təmirin başlayıb-başlamadığı ilə maraqlanırlar var.

Virtualaz.org saytı “Şərq bazarı”nın son vəziyyəti ilə maraqlanıb. Bəlli olub ki, bazarın Mədəniyyət Nazirliyinin balansında olduğu əsas gətirilərək köçürülən mağazaların sahiblərinə kompensasiya ödənilməyib, hətta satıcılara başqa ərazidə yer təklif olunmayıb. Satıcılar deyirlər ki, onsuz da 1 ildir bazarda alver ölmüşdü, amma  bazar bağlanılandan sonra bir parça çörək pulundan da məhrum olublar.

Gündəlik çörək puluna görə  işləyirdik. Martın 28-dən dedilər ki, mağazaları boşaldın. Bəzi satıcılar  digər bazarlarda yer tapa bildi, bəzisi isə müflis oldu”, – adını söyləmək istəməyən mağaza sahiblərindən biri deyir.

Və əlavə edir ki,  narazılıq etmək istəyiblər, amma onlara bazarın çox imkanlı iş adamı tərəfindən alındığını söyləyiblər.

“Nə kompensasiya ödənilməsi, heç malların daşınmasına da yardım etmədilər. Bir-iki nəfər etiraz etdi, onlara da  dedilər ki, oturub gözləyin, iş adamı fikrini dəyişsə, təmirdən sonra əvvəlki mağazalarınıza qayıda bilərsiz. Biz kimik ki iş adamının hərəkətlərinə etiraz edək, hər şey onun insafına qalıb”, -satıcı təəssüflə çarəsiz olduqlarını əlavə edir.

Binanın bir neçə yerində çatlar yaranıb, döşəmə və tavanda da çatlar gözə dəyir. Ticarət mərkəzinin sağ girişində zirzəmi kimi yer var. Bazar boşaldılarkən bu əraziyə toxunmayıblar, piştaxtalar qoyulub, xırdavat mallar satılır. Əvvəllər “Şərq bazarın”da işləyən Vüqar adlı satıcı deyir ki, həmin ərazidə bir balaca yer götürmək istəsə də, yerpulu sərf etməyib.

“Bazarla bağlı hərə bir söz söyləyir. İndi də eşitdim ki, bina söküləcək, yerində yaşayış binası tikiləcək. Hətta üzbəüz küçədəki xırda obyektlərin də söküləcəyi gözlənilir. Hələ də yer axtara-axtara qalmışam”.

Satıcılardan biri isə söyləyir ki, mağazanı kosmetik də olsa təmir etdirib, işıq xətti çəkdirib, kondinsoner qoyub. Bunun üçün bankdan 3 min manat kredit götürüb: “10 gündür evə ət ala bilmirəm. 2 banka borcum var, ayda 160 manat kredit ödəyirəm. Yaxın günlərdə yer tapa bilməsəm borcun üstünə faiz də gələcək. Yaxınlıqda balaca zirzəmilər kirayə verilir, aylıq 1000-1200 manat istəyirlər. Hələ bilmirəm zirzəmidə alver olacaq. Ya yox”.

Bazarın qarşısındakı parkomat da işləmir. Yaxınlıqda dayananlar deyirlər ki, bazar bağlanandan bir neçə gün sonra aparatın fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, “Şərq bazarı” memarlıq abidəsi kimi hələ də Nazirliyinin balansındadır. Bazar rəhbərliyi mətbuata açıqlamasında təmir işlərinin yubanmasını maddi sıxıntılarla əlaqələndirib. “Nə vaxt maddi imkanımız olsa bazarı təmir edəcəyik. Oradakı mağazalar kirayəyə verilmişdi, heç kim mağaza sahibi deyil”, -rəhbərliyin adından verilən açıqlamada qeyd olunurdu. “Şərq bazarı”  2001-ci ildən ticarət mərkəzi kimi fəaliyyət göstərirdi.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …