Bazar ertəsi , May 23 2022
Ana səhifə / Sosial / Bakıda reydlər də davam edir, xaos da

Bakıda reydlər də davam edir, xaos da

Bakıda yol polisi avtomobillərin hərəkət hissəsindən qeyri-qanuni istifadəyə, eləcə də dayanacaqların qanunsuz fəaliyyətinə qarşı mübarizə məqsədilə reydlərə başlayıb. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin jurnalistlərə verdiyi məlumata görə, avtomobillərin qanunsuz parklanması ilə bağlı 1000-ə yaxın cərimə protokolu tərtib edilib: “Reydlər zamanı özlərini “dayanacaq baxıcısı” kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılaraq cərimələnib”.

Yol polisi avtomobillərin qanunsuz park edilməsi ilə bağlı vətəndaşların çoxsaylı müraciətləri əsasında reydlər keçirib. Polis əməkdaşları tərəfindən aparılan araşdırma və monitorinqlər zamanı bir çox küçələrdən qeyri-qanuni olaraq parkinq yeri kimi istifadə edilməsi və “dayanacaq qulluqçuları” tərəfindən vətəndaşlardan pul tələb edilməsi faktları aşkar edilib.

Qeyd edək ki, belə hadisələr Bakı üçün yenilik deyil. Azərbaycanın paytaxtında yolun hərəkət hissəsindən qeyri-qanuni istifadə və parkinq yerlərinin fəaliyyəti uzun illərdir ki, mövcuddur. Bakıda nəqliyyat vasitələrinin sayının artması və kifayət qədər dayanacaqların olmaması ciddi problemə çevrilib.

Bakının bir çox yerində səkilərdə, binaların pəncərələrinin altında, vitrinlərin qarşısında, uşaq meydançalarında və s. avtomobillərin xaotik qalaqlanması adi hala çevrilib. Uzun illər bu vəziyyətdən çıxış yolu cərimələrin sərtləşdirilməsində və yanlış yerdə dayanmış avtomobilləri aparan evakuatorların bura cəlb edilməsində, yeraltı və yerüstü dayanacaqların yaradılmasında görünürdü.

Yeri gəlmişkən, 2013-cü ildə Bakıda bir neçə avtodayanacaq istifadəyə verilmiş və yol polisi qanunsuz parklanmalara qarşı mübarizə məqsədilə yollara nəzarəti gücləndirmişdi. Ancaq bu iddianın ömrü uzun sürmədi. Özünüz düşünün: avtomobil sahibi avtomobilini ona lazım olan yerə bir neçə kilometr məsafədəki pullu dayanacaqda saxlayacaqmı? Onun üçün avtomobili qeyri-qanuni dayanacaqda saxlamaq və “parkinq xidmətçisi”nə bir neçə dəfə az ödəniş etmək daha rahat və ucuzdur. Bundan əlavə, 2016-cı ilə qədər qanunvericilikdə belə hüquqpozmalara görə konkret məsuliyyət də nəzərdə tutulmamışdı.

2014-cü ildə Bakıda parkomatlar (avtomatlaşdırılmış parkinq terminalları) quraşdırılmağa başladı. Məmurlar o qədər canfəşanlıq edirdilər ki, hətta yaşayış binalarının həyətində belə, parkomatlar quraşdırmışdılar. Eyni zamanda parkomatların alınıb quraşdırılmasına xeyli vəsait ayrılsa da, hətta bu yenilik də bu sahədə asayişi bərpa edə bilmədi. Kök sala bilməyən parkomatlar 2019-cu ildə söküldü.

2017-ci ildə isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı səkilərdə, avtomobil yollarının hərəkət hissəsində, parkların girişlərində və metro stansiyalarında qanunsuz parklanma hallarının aradan qaldırılması ilə bağlı ciddi tədbirlərin görülməsi ilə bağlı sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, küçə və prospektlərdə, park və xiyabanlarda, metronun ətrafında, səkilərdə ayrı-ayrı şəxslərin, bəzi dövlət qurumlarının, idarələrin, təşkilatların, müəssisələrin, habelə ticarət obyektlərinin mülkiyyətçilərinin (ictimai nəqliyyat dayanacaqları istisna olmaqla) təşəbbüsü ilə yaradılan qanunsuz parklanmalar heç bir qanuni əsas olmadığı təqdirdə ləğv edilir. Lakin bu addım da gözlənilən effekti vermədi.

Daha sonra qanunsuz parklanmaya qarşı mübarizə Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edildi. Bu quruma dayanacaqlarda və parkinq qadağan olunan yerlərdə foto və video qeydiyyat sisteminin quraşdırılması tapşırıldı. BNA əvvəllər Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan həmin dayanacaqları da öz nəzarətinə götürdü. Agentlik əməkdaşları yol polisindən fərqli olaraq, avtomobilləri saxlama məntəqəsinə aparmır, sadəcə cərimə yazırlar.

Lakin yenə də bu sahədə çoxdan gözlənilən müsbət dəyişikliklər baş vermədi, əksinə, bu gün problem fəlakətli xarakter alıb. Və bu başağrısını aradan qaldırmaq üçün polis reydləri və cərimələrdən daha təsirli tədbirlərə ehtiyac var.

İlk növbədə parkinq xidmətlərinin tarifləşdirilməsi sahəsində işləri qaydaya salmaq lazımdır. Nazirlər Kabineti hələlik parkinq xidmətlərinin qiymətləri ilə bağlı qərar verməyib. 2020-ci ilin yanvarında qərara alınıb ki, tariflər Nazirlər Kabineti tərəfindən müəyyən edilənə qədər Bakıda küçə dayanacaqları müvəqqəti olaraq pulsuz olacaq. BNA həmçinin dayanacaqlarda sürücülərin pulsuz parkinq yerləri barədə məlumatlandırılmasına dair məlumat lövhələrinin quraşdırılmasına başlayıb.

Bu tədbirlərə baxmayaraq, demək olar ki, bütün küçə dayanacaqları son vaxtlar orada “parkinq baxıcısı”nın olması səbəbindən pullu dayanacaq kimi fəaliyyət göstərir. Sevindirici haldır ki, hazırda yol polisi bu ərazidə asayişi bərpa etmək qərarına gəlib. Amma artıq bəlli olduğu kimi, bu sahədəki qarışıqlıq Nazirlər Kabinetinin ləngliyi səbəbindən yaranıb, və onların səhlənkar münasibəti ucbatından avtomobil sahibləri və piyadalar əziyyət çəkir. Ona görə də Bakıda qanunsuz parklanma probleminin, nəhayət ki, həll olunduğunu söyləmək hələ tezdir. Ayna.az

Həmçinin oxuyun

Bakıda ən yaxşı hava hansı ərazilərdədir? – VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolıgiya Xidmətinin əməkdaşları Bakıda növbəti dəfə hava keyfiyyətinə nəzarət …