Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Sosial / Bakıda qurbanlıq heyvan kəsimi məntəqəsindən – REPORTAJ

Bakıda qurbanlıq heyvan kəsimi məntəqəsindən – REPORTAJ

Qurban bayramı ilə əlaqədar paytaxtın bir çox yerlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən stasionar kəsim məntəqələri ilə yanaşı, həm də çadır tipli kəsim məntəqələri əhaliyə xidmət göstərir.

Oxu.Az-ın əməkdaşları paytaxtın Yasamal rayonu ərazisində yerləşən çadır tipli kəsim məntəqəsindəki heyvan kəsimi prosesi ilə maraqlanıblar.

Yol kənarında olan çadır tıpli kəsim məntəqəsində xeyli insan qeydə alındı. Bu da onu göstərir ki, insanlar artıq qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərən kəsim obyektlərinə müraciət etməkdən imtina edirlər.

Qurbanlıq qoyunların kiloqramı 12-13 manata təklif edilir. Ərazidə AQTA-nın əməkdaşları vətəndaşların müraciətlərinin ardıcıl, növbəli şəkildə təşkil edilməsinə nəzarət edirlər.

Burada həm həkim nəzarətindən keçmiş xırdabuynuzlu heyvanlar, həm də vətəndaşların digər yerlərdən aldığı heyvanların kəsimi həyata keçirilir.

Proseslərin hansı qaydalarda həyata keçirildiyi barədə baytar həkim Həmid Səfərzadə məlumat verib. Oxu.Az-a danışan baytar deyib ki, bu saata qədər aparılan kəsim zamanı xəstə heyvana rast gəlinməyib:

“Heyvanlar bizə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən göndərilib. İlkin mərhələdə yoxlanmış heyvanlar tərəfimizdən yenidən yoxlamadan keçirilir. Qurban bayramı ilə əlaqədar bu gün kəsimlər pulsuz aparılır. Heyvanların tam sağlam olduğuna əmin olduqdan sonra kəsiminə icazə veririk. Bir neçə heyvanın daxili orqanlarında yüngül problemlər aşkarlandı və onların istifadəsinə icazə verilmədi. Heyvanlarda şübhəli məqam olduqda dərhal nümunələr götürülür və orqanoliptik müayinə üçün laboratoriyaya göndərilir.

Yekun cavab gələnə qədər həmin heyvanın kəsiminə icazə vermirik. Nəticədə heyvan sağlamdırsa, kəsilir və AQTA-nın kəsim məntəqələrində kəsildiyinə, sağlam olduğuna dair möhür vurulur. Əgər nəticələr heyvanda hər hansı xəstəlik olduğunu göstərərsə, bu zaman onun kəsiminə icazə verilmir və utilizasiya edilir. Bu saata qədər kəsilən heyvanlardan xəstə olanı aşkarlanmayıb”.

Vətəndaşlar da göstərilən xidmətdən razı olduqlarını deyirlər. Onlar arasında qurbanlığı kəsim məntəqəsində kəsdirən də oldu, kəsdirməyən də.

Çadır tipli məntəqə olmasına baxmayaraq, qurbanlıqlar İslam qaydalara uyğun, sanitar və gigiyenik normalara riayət olunaraq kəsilir, doğranılır, vətəndaşlara təhvil verilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqədar diri heyvanların satışı və kəsimi aparılan yerlərdə dezinfeksiya tədbirləri də tam pulsuz şəkildə həyata keçirilir. Dezinfeksiya tədbirlərinin əsas məqsədi ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və infeksion xəstəliklərin qarşısının alınmasıdır.

Qurban bayramınız mübarək!

Həmçinin oxuyun

Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların və şəhid polis əməkdaşlarının vərəsələrinin …