Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Sosial / Bakıda qanunsuz tikilən obyekt sökülüb

Bakıda qanunsuz tikilən obyekt sökülüb

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman Ramana Südçülük Sovxozu ərazisində vətəndaş Babayev Tərlan Tofiq oğlu tərəfindən zəbt edilmiş torpaq sahəsində qanunsuz olaraq təyinatı məlum olmayan obyektin tikinti işlərinin aparıldığı aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tikinti işlərinin dayandırılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, fiziki şəxs Babayev Tərlan Tofiq oğlu tərəfindən bu işlər davam etdirilib.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1 və 95.2-ci maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində tikinti işləri aparıldığına və xəbərdarlıqlara baxmayaraq tikinti işləri davam etdirildiyinə görə tikintisi başa çatmamış qanunsuz tikilinin sökülməsi barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 16 iyul 2020-ci il tarixində müvafiq rəsmi qərar verilib.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 3.12-ci bəndinə əsasən, sökülməsi barədə qərar qəbul edilmiş tikilinin sahibi tikinti obyektinin sökülməsini bir ay müddətinə təmin etməlidir. Həmin müddət ərzində tikilinin sahibi Babayev Tərlan Tofiq oğlu tərəfindən obyektin sökülməsi təmin edilmədiyindən obyekt Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə 20 avqust 2020-ci il tarixində sökülüb.

“Bir daha, tikinti işləri ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək qanunvericiliyə əməl edilməsinin tələb olunduğunu xatırladırıq”, – deyə FHN-dən bildirilib.

Həmçinin oxuyun

“Azəriqaz”a 100 min manat borcları olan Xətai sakinləri çıxılmaz vəziyyətdə – VİDEO

Xətai rayonu ərazisində yerləşən  Sadıqcan küçəsi 4A ünvanda yerləşən binanın sakinləri çıxılmaz vəziyyətdə qalıb. “Yeni …