Ana səhifə / Sosial / Bakıda nadir Eldar şamlarının məhvi davam edir

Bakıda nadir Eldar şamlarının məhvi davam edir

Paytaxtın müxtəlif istiqamətlərində – Buzovna, Mərdəkan, Albalı qəsəbələrində, Bayıl yamacının şimal-cənub hissəsində, Şəhidlər Xiyabanının ətrafında, Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində, o cümlədən Nizami rayonundakı park və bağlarda  Qırmızı Kitaba düşən Eldar şamı ağaclarının kütləvi məhv olması haqda bir neçə ay əvvəl geniş araşdırma dərc etmişdik. Lakin həmin vaxtdan bəri dəyişən heç nə yoxdur və aidiyyatı strukturlar Bakının əsas oksigen qaynaqlarından olan bu nadir şam ağaclarını xilas etmək üçün heç bir tədbir görməyiblər.

Həmin araşdırma nəticəsində məlum olmuşdu ki,  ağacların quruması prosesi iki ildir davam edir. Üstəlik bundan paytaxtda  yaşıllığa cavabdeh olan strukturların – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Elmlər Akademiyasının müvafiq institutlarının, Kənd Təsərrüfatı Nazirliyinin də xəbəri var. Eldar şamları ağaclarının kütləvi quruma səbəblərinin öyrənilməsi üçün elə məhz bu qurumların mütəxəssislərindən ibarət komissiya yaradılıb. Komissiya ağacların həşəratların törətdiyi xəstəlikdən quruması qənaətinə gəlib. Qurumuş, yaxud qurumaqda olan ağacların dərhal kəsilməsi və ətraf mühitə zərər vurmadan məhv edilməsi qərara alınıb. Çünki xəstəlik yoluxucudur, qurumuş ağac digər ağaclar üçün təhlükə mənbəyidir.

Bütün bu araşdırmalara, komissiyanın gəldiyi qənaətə baxmayaraq virtualaz.org oxuculardan məlumat alıb ki, Eldar şamı ağaclarının kütləvi quruması prosesi yenə də sürətlə davam edir. Çünki qurumuş ağac vaxtında kəsilmir, hər keçən gün ağacların məhvini daha da yaxınlaşdırır.  Komissiya isə tamaşaçı rolunu oynayır, qəbul etdiyi qərarın icrasına nəzarət etmir. Eyni qrupda birləşən qurumlar məsuliyyəti bir-birinin üzərinə atmaqla işlərini bitmiş sayır.

 “Nə suvarılmasının, nə də dərmanlanmasının şahidi olmamışıq…”

Buzovna qəsəbəsinin Bazar yolu küçəsində yol kənarında onlarla Eldar şamı ağacı var, əksəriyyət ya quruyub, ya da qurumaq üzrədir. Qəsəbənin yaşlı sakinləri deyirlər ki, ağacların nə suvarılmasının, nə də dərmanlanmasının şahidi olmayıblar. Bir-iki dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytındakı  nömrələrə zəng vurub, ağacların quruması haqda xəbər veriblər. Amma onlara cavab verilib ki, həmin ağaclar ömürlərini başa vurub, qurumaları təbiidir.  

O cümlədən Səbail rayonu, 20-ci sahədən başlayaraq Şəhidlər Xiyabanına kimi Eldar şamı ağacları ömrünün son dövrünü yaşayır. Bayıl yamacındakı parkın yaxınlığında vəziyyət daha acınacaqlıdır. Parkdakı hər 2-3 ağacdan birində quruma prosesi başlayıb. Sakinlər deyirlər ki, ağacları belə sürətlə quruması ilə ilk dəfədir rastlaşırlar.

“27 ildir Bayılda yaşayıram. İlk dəfədir şam ağacları belə sürətlə quruyur. Bu ağaclar da məhv olandan sonra xaricdən gətirilən dekorativ ağacların ümidinə qalacağıq. Eldar şamı ağaclarının Bakının ekologiyası üçün nə qədər əhəmiyyətli olduğunu mənim kimi savadsız taksi sürücüsü bilir, amma səlahiyyət sahibləri bilmir?” – sakin sualımızı sualla cavablandırır.

Şəhidlər Xiyabanının ətrafındakı şam ağacları da məhv olmaq üzrədir, əksər ağacların budaqlarında quruma başlayıb. Hərçənd ki, bu ərazidə ağaclara qulluq göstərildiyi bəlli olur.

“Ağacların kütləvi quruması müşahidə edilir”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov isə virtualaz.org-a bildirib ki, təxminən ikinci ildir Bakı da daxil olmaqla respublikanın müxtəlif bölgələrində xüsusilə Eldar şamı ağaclarının qurulması müşahidə edilir. Hansı ki, son bir neçə ilədək belə hallar qeydə alınmamışdı.

“Adətən, ağaclar ya bioloji inkişafdan dayanıb quruyur, ya da qəsdən müdaxilə nəticəsində məhv olur. Son vaxtlar isə müəyyən ərazilərdə ağacların kütləvi quruması müşahidə edilir. Təxminən bir il ərzində Bakıda 3 min 21 qurumuş ağacın məhv edilməsi haqda rəy verilib”, – Qənbərov deyib.

Eldar şamı ağaclarının quruması daha çox Səbail və Xəzər rayonunda qeydə alınıb. Komissiya Səbail rayonunda-Bayıl yamacı, Şəhidlər Xiyabanı, Əbədi Məşəl kompleksinin ətrafında 380 şam ağacının götürülməsi üçün rəy verib. Xəzər rayonunda əsasən Mərdəkan, Şüvəlan, Ramana-Binə istiqamətində  335 ağac quruyub ki, onun da 98 faizi şam ağacıdır.

“Bizimlə birgə Kənd Təsərrüfatı Nazirliyi, Elmlər Akademiyasının iki institutu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərdən ibarət qrupu yerində müşahidə aparıb, nümunələr götürüb. Bu qurumların tabeliyindəki laboratoriyalarda götürülmüş nümunələrdə həmin ağacların müəyyən parazitlərə məruz qalması, ağacların kökündə inkişafın yubanması halları ortaya çıxıb”,- Qənbərov bildirib. Əlavə edib ki, ağacların qurumasının dəqiq diaqnostikası üçün elmi araşdırma aparılmalıdır. Nazirlik əməkdaşı da ağacların kütləvi məhv olmasının qarşısını almaq üçün təcili tədbirlərin vacib olduğu qənaətindədir.

Eldar şamı ağaclarının quruma səbəbi yalnız xəstəlik deyil?

Mərkəzi Nəbatat Bağının ağac-kol bitkiləri laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asəf Mehralıyev isə hesab edir ki, Eldar şamı ağaclarının quruma səbəbi yalnız xəstəlik deyil. Əks halda Yasamal ərazisindəki şamlar da quruyardı.

“Quruma bir xətt üzrə – Səbail rayonu 20- ci sahədən başlayıb, Bayıl yamacının şimal-şərqindən, dəniz qırağı istiqamətdə davam edərək Dağüstü park da daxil olmaqla Nazirlər Kabinetinin yanına qədər gedir. Məsələn, Saray qəsəbəsində,  yaxud dəniz qırağından uzaqlaşdıqca digər ərazilərdə hələlik müşahidə olunmur. Eləcə də Nəbatat Bağında kifayət qədər yaşlı şam ağacları var, hələlik bu ağaclarda quruma müşahidə edilmir”, – Mehralıyev deyir.

Onun sözlərinə görə, ağacların qurumasında iqlim amili də rol oynayır. Çünki Maştağa qəsəbəsində bəzi yerlərdə yayda qurumuş şamlar indi cücərməyə başlayıb: “Onsuz da quruyan ağaca qurd düşür. Amma tək səbəb xəstəlik, həşəratlar olsa belə, bunun qarşısını almaq üçün xüsusi preparatlar var. Ciddi şəkildə dərmanlanma aparılmalıdır. Açıq sahələrdə təyyarələrdən istifadə edilir, şəhər içərisində iri maşınlara qoşub xüsusi dərmanlarla yuxarıdan səpməlidirlər. Elə dərmanlar var ki birbaşa gövdə qurduna təsir edib, öldürür”.

Mütəxəssis sual edir ki, ağaclar həşəratlar nəticəsində quruyursa, niyə mübarizə aparmır, dərmanlamırlar.

 “Ağacların dibinə plitə düzüblər, hava keçmir…”

 “Yenə də təkrar edirəm, ağacların qurumasına səbəb olan bir neçə amil var. Həşəratlar bu səbəblərdən biri ola bilər. Amma məsələn, elə ərazi var ki, ağacların ətrafını plitələyiblər. Mərdəkan yolundan Şüvəlana qədər ağacların yaxınlığını plitələyiblər, nəticədə ağacların kökünə hava, su keçmir. Ağac lazımı qida maddələri ilə təmin olunsa, qida, mineral gübrələr verilsə, vaxtlı-vaxtında dərmanlansa, yəni kompleks müalicə tədbirləri aparılsa, qurumasının da qarşısını almaq olar”, – mütəxəssis bildirir.

Bizimlə birgə yuxarıda sadaladığımız ərazilərdə olub, qurumuş Eldar şamları ilə bağlı müşahidə aparan ekoloq Nərgiz İsmayılova isə deyir ki, bunun ilkin səbəbi əlverişsiz ekoloji şərait və bitkilərə qulluq zamanı edilən səhvlər ola bilər: “Müşahidələrimə  əsasən deyə bilərəm ki, aşkar edilmiş bəzi ərazilərdə, məsələn Buzovna qəsəbəsində Eldar şamlarına lazımi qulluq göstərilməyib, torpağın quraqlığı müşahidə olunur. Bu, qida maddələrinin çatışmazlığı ilə bağlı da ola bilər. Xəstəliyin gözlə görünən əlamətləri ağacdakı iynələrin rənginin dəyişməsi, tökülməsi, quruması və qabığın çatlamasıdır”.

İlkin ekspertizalardan aydın olub ki, ağacların kökündə iynəyarpaqlı ağacların geniş yayılmış xəstəliklərindən biri olan göbələk əmələ gəlir. Bu xəstəlik iynəyarpaqlıların ən çox yayılmış xəstəliklərindən biridir, ağacı tədricən məhv edir.

Ekoloqun fikrincə,  xəstəliyin yayılmasına göbələk xəstəliklərinin aktivləşməsinə səbəb olan qlobal istiləşmə amili də təsir edə bilər: “Gördüyümüz kimi Buzovnada, Bayılda, Şəhidlər Xiyabanında yaşıllıqlar üçün təhlükəli olan qurumuş ağaclar hələ də müşahidə edilir. Halbuki sağlam ağacları qorumaq üçün onlara vaxtlı-vaxtında keyfiyyətli və düzgün aqrotexniki qulluq göstərmək lazımdır”.

Mütəxəssislər hesab edirlər ki, Eldar şamı ağaclarını qorumaq üçün rəy və qərarlardan daha çox əməli tədbirlərə ehtiyac var. Özü də təcili və operativ şəkildə. Əks halda Bakının ekologiyası üçün xüsusi əhəmiyyətli Eldar şamlarının kütləvi məhvi ciddi ekoloji problemlərə səbəb ola bilər.

Xatırladaq ki, Mərkəzi Nəbatat Bağının sabiq rəhbəri, professor Vahid Fərzəliyev bundan əvvəl virtualaz.org-a açıqlamasında qurumuş ağacların yeniləri ilə əvəzlənməsi şərtilə kəsilməsinin vacib olduğunu bildirmişdi. Onun sözlərinə görə,  bu ağaclar xəstəlik mənbəyidir, digərlərini də yoluxdurur və təhlükə yaradır. Onsuz da bu ağaclar bioloji cəhətdən zəifləyib, xilas edilməsi vaxt keçdikcə çətinləşir: “Ötən ildən bu məsələni gündəmə gətirib, təcili tədbir görülməsi üçün müraciətlər etmişəm. Orta Asiyada, Avropada, Rusiyada, Belarusiyada, Gürcüstanda da Eldar şamı ağaclarının məhv olması müşahidə edilir. Azərbaycanda əkilən Eldar şamı ağaclarının təxminən 60-70 yaşı var, yəni yaşlanmış formadadırlar. Lakin bu o demək deyil ki, ağacların məhv olmasına seyrçi qalmalıyıq”.

Amma göründüyü kimi, aylar, hətta illər keçir, tədbir görən isə yoxdur. Aidiyyatı strukturlar Bakının ekoloji mühiti üçün əvəzedilməz olan Eldar şamlarının quruyub məhv olmasını kənardan, yaxud öz kabinetlərinin pəncərələrindən seyr etməklə məşğuldurlar…

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …