Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakıda məktəbdən qız qaçırmaq istədilər – REPORTAJ

Bakıda məktəbdən qız qaçırmaq istədilər – REPORTAJ

Ötən tədris ilindən Bakının 30 məktəbində “Təhlükəsiz məktəb – arxayın valideyn” devizi altında “Məktəblinin dostu” layihəsi tətbiq edilir. Bu ildən isə 20 nömrəli məktəb-liseydə bu layihənin tətbiqinə başlanılıb. “Məktəblinin dostu” təhsil müəssisələrinin mühafizəsindən tutmuş, şagirdlərin zərərli vərdişlərdən uzaqlaşdırılmasınadək valideynləri narahat edən bir çox problemlərin həllində kömək göstərir. Layihə uğurlu nəticələndiyindən əhatə dairəsi genişləndiriləcək.

Bəs məktəblinin təhlükəsizliyi üçün hansı tədbirlər görülür? “Məktəblinin dostu” kimdir?

Məktəbdən qızı necə qaçırmaq istədilər…

“Müəllim və ya valideynlərlə dil tapmaq asandır, əsas şagirdlərin inamını qazanmaqdır ki, sənə etibar etsinlər, problemlərinin həllinə köməklik edəcəyimizi bilsinlər”, – “Məktəblinin dostu” Dilarə Quluzadə ətrafına toplanan uşaqları göstərir.

Zəng vurulur, “Məktəblinin dostları” şagirdləri siniflərinə yola salır, məktəbə valideynlər də daxil olmaqla kənar şəxslər buraxılmır. Sonra 2 nəfər monitoru izləməyə başlayır, digərləri isə dəhlizə, sinif otaqlarının qarşısına nəzarət edir.

Layihənin rəhbəri Rüstəm Ağayev deyir ki, məktəbə kənar şəxslərin buraxılmaması qərarı ilk günlər narazılıqla qarşılandı. “İndi olduğumuz 20 saylı məktəbdə 4 min şagird təhsil alır. 8 min valideyni, nənə, baba və ya yaxın qohumları da nəzərə alsaq, 10 min adamı üzdən tanımaq çətindir. Buna görə də, məktəblilərin təhlükəsizliyi üçün məktəbə kənar şəxslərin buraxılmamasına qərar verdik. Sonradan bu qərarın doğru olduğunu gördük”, – Ağayev söyləyir.

Layihənin tətbiq edildiyi məktəblərin birində şagirdin qaçırılmasının qarşısı alınıb. Məktəbə gələn şəxs şagirdin adını, soyadını söyləyərək qohumu olduğunu deyib, onunla görüşmək istəyib. “Məktəblinin dostu” araşdırarkən şəxsin şagirdin qohumu olmadığını, onu qaçırmaq niyyəti ilə gəldiyini öyrənib. Bundan sonra polisə məlumat verilib, bəlli olub ki, həmin şəxs qızı qaçırmaq istəyib.

 

“Məktəbin qarşısında uşaqlardan pul yığırdılar”

Rüstəm Ağayev onu da deyir ki, valideynlərlə, ictimaiyyət nümayəndələri ilə birgə işləyirlər.

“Yasamal rayonundakı məktəblərin birində bir hadisə ilə qarşılaşdıq. “Məktəblinin dostu” müşahidə aparıb, müəyyən edib ki, dərs çıxışında şagirdləri qorxudaraq onlardan pul istəyənlər var. Bundan sonra polisə məlumat verildi, şagirdlərdən pul tələb edənlər yaxalandı”, – layihə rəhbəri söyləyir.

İndi şagird bilir ki, məktəbdə siqaret çəkmək olmaz

“Məktəblinin dostları”ndan biri deyir ki, ayrı-ayrı şagirdlərin siqarət çəkmə hallarından xəbər tutublar. Bu məsələni onların vaildeynləri, müəllimləri ilə birgə müzakirə etiblər. Şagirdlərin bu zərərli vərdişdən imtina etməsi baxımından uğur əldə edilib.

Rüstəm Ağayev isə əlavə edir ki, “Məktəblinin dostları” gündə bir neçə dəfə məktəblərin sanitar qovşaqlarını yoxlayırlar: “Etiraf edək ki, məktəblərdə siqaret çəkən şagirdlərə rast gəlinir. “Məktəblinin dostları”nın əsas məqsədlərindən biri şagirdləri bu zərərli vərdişlərdən yayındırmaqdır”.

“Məktəblinin dostları” onu da deyirlər ki, məktəblilər arasında narkotikdən istifadə edilməsi faktı ilə qarşılaşmayıblar.

 

Şagird bıçaqla, “beşbarmaq”la məktəbə gəlirsə…

“Məktəblinin dostları” deyirlər ki, ötən il bir neçə neçə uşaqdan bıçaq, “beşbarmaq” alıblar. Şagirdlər arasında baş verən 600-ə yaxın dava-dalaş hallarının, o cümlədən 36 kütləvi davanın qarşısı alınıb.

Şagirdlər isə deyir ki, artıq dava edə bilmirlər, göz açıb yumunca “Məktəblinin dostları” yanlarında olur: “Heç dava etməyə səbəb də qalmayıb. Nə problem olursa, dostlarımız həll edir”.

“Məktəblinin dostları” bir şagirdin həyatını xilas ediblər. Hadisə 117 nömrəli tam orta məktəbdə olub. Uşağın ürəyi dayanıb, süni tənəffüs verilib, ürəyi masaj edilib. Yalnız 3-cü masajdan sonra uşaq nəfəs almağa başlayıb.

“Məktəblinin dostları” bir neçə məktəbdə yanğın hadisəsinin qarşısını da alıblar.

“Məktəblinin dostları” kimlərdir? Onlar bu qədər işin öhdəsindən necə gəlirlər?

“Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tətbiq edilir. “Məktəblinin dostları” isə 810 namizəd arasından seçilib. “Bir neçə müsabiqədən sonra 200 namizəd təlimlərə cəlb edildi, onların arasından 112 nəfər seçildi. Təlimlərdə onlara uşaqlara gərgin vəziyyətlərində ilk yardım edilməsi, məktəblilər arasında münasibətlərin qurulması üçün psixoloji dəstək göstərilməsi, fövqəladə hallar zamanı peşəkarların gəlişinədək ilkin yardım göstərilməsi öyrədilib”, – Rüstəm Ağayev deyir.

Onun sözlərinə görə, layihə çərçivəsində Psixoloji Mərkəz fəaliyyət göstərir. Burada peşəkar psixoloqlar çalışırlar. Mərkəzdə adaptasiya problemi olan ibtidai sinif şagirdlərinə, ünsiyyət qurmaqda çətinlik çəkənlərə, aqressivlik göstərənlərə və ya özünəqapalı olan məktəblilərə valideynlərinin icazəsi ilə psixoloji yardım edilir. Həmin şagirdləri isə “Məktəblinin dostları” müəyyən edirlər. Psixoloqlar peşəyönümü və karyeranın planlaşdırılması üzrə xüsusi seminar və təlimlər də keçirlər, uşaqların peşə seçiminə məsləhət xarakterli yardım göstərirlər.

Valideyn Ayla Quliyeva isə deyir ki, məktəblə bağlı bütün qayğılarını “Məktəblinin dostları”na söyləyir. Bilir ki, onlar ən xırda məsələlərə belə həssaslıqla yanaşırlar: “Bəzən gecikirəm, uşaq “Məktəblinin dostları”nın otağında gözləyir. Mən gələnə kimi dərslərində kömək edirlər. Uşaqlar onlara çox öyrəşib”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …