Bazar , Fevral 25 2024
Ana səhifə / Sosial / Bakıda kirayə ev tapılmır

Bakıda kirayə ev tapılmır

Son aylar Bakının kirayə mənzil bazarında qıtlıq yaşanır.

Nəinki şəhərin mərkəzi hissələrində, ətraf qəsəbələrdə də kirayə ev tapmaq müşkülə çevrilib. 

Hətta indiyədək çətinliklə müştəri tapan həyət evlərinə də artıq ciddi tələbat yaranıb. 

Nərimanov, Nəsimi rayonları ərazisində yeni tikilən binalarda birotaqlı mənzillərin aylıq kirayəsi 500-700 AZN-dən başlayır, 3 otaqlı mənzillərin kirayəsi isə 1000-1500 AZN arası dəyişir. Metronun “Xalqlar dostluğu” və “Neftçilər” stansiyalarının yaxınlığında yerləşən birotaqlı mənzillərin qiyməti 400-450 AZN-ə qədər artıb. Yasamal rayonu, metronun “Elmlər Akademiyası” stansiyasının ətrafında birotaqlı mənzilin aylıq kirayə haqqı köhnə binalarda 400, yeni binalarda isə 500-600 AZN-dən başlayır. 

Şəhər ətrafında, Xırdalan, Xocasən, Sulutəpə ərazilərində də kirayə həyət evlərinin qiymətində şəraitdən asılı olaraq 50-100 manat artım var. Bu ərazidə qiymətin bahalaşma səbəbi kimi həm də “Xacasən” metrostansiyasının açılması göstərilir. Bu ərazidə metrostansiya ətrafındakı evlərdə isə qiymət hazırda 350-400-dən başlayır. 

Əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev “Cebhe.info”-ya açıqlamasında bildirib ki, mənzillərin aylıq kirayə qiyməti onların bazardakı satış qiymətinin 0.5 faizi ilə hesablanır. 

“Bir mənzilin satış qiyməti 100 min manatdırsa, o evin aylıq kirayə qiyməti 500 manat, 200 min manatdırsa, 1000 manat təşkil edəcək. Kirayə bazarında qiymətlər belə üsulla hesablanır. Son illər əmlak bazarına baxsaq görərik ki, çox böyük qiymət artımı var. Daşınmaz əmlakların satış qiymətləri artdıqca, onların kirayə qiymətinə də öz təsirini göstərir.

Digər tərəfdən, istismar dövrünü bitirmiş qəzalı vəziyyətdə olan, binaların söküntüsü davam edir. Paytaxtın mərkəzə yaxın ərazilərində yerləşən ucuz kirayəlik mənzillər daha çox 2, 3 və 5 mərtəbəli binalarda olur. Mərkəzə yaxın ərazilərdə, fərdi həyət evlərindən ibarət yaşayış massivləri olurdu ki, bu cür ərazilərində mütamadi söküntülər gedirdi. O yaşayış evləri söküldükcə, o binalarda yaşayan insanların köcürülməsi üçün onlara kirayə evlər verilir. Buna görə də kirayə bazarda artıq yüklənmə olduğuna görə qiymətlərdə artım olur”. 

Ekspert  köhnə binaların sökülməsinin mənfi tərəfindən danışıb: 

“Sökülən hər köhnə binanın yerində təzə  binalar tikilir və qiymət köhnəyə nisbətən xeyli bahadır. Düşünürəm ki, yaxın 10 ildə paytaxtda köhnə binaların sayı minimuma enəcəyinə görə gələcəkdə kirayə ucuz mənzil əlçatan olmayacaq”. 

Həmçinin oxuyun

Uşağın bioloji atası olmayan kişi aliment ödəməlidir? – VİDEO

Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. Bir müddət əvvəl yayılan bu xəbər …