Şənbə , Noyabr 28 2020
Ana səhifə / Sosial / Bakıda havaya zəhər buraxan qeyri-leqal sexlər bağlanır -FOTOLAR

Bakıda havaya zəhər buraxan qeyri-leqal sexlər bağlanır -FOTOLAR

Bakının Nərimanov rayonu, Nəsrulla Nəsrullayev küçəsi, 5 ünvanında “Bakı Elektriktökmə” ASC-nin ərazisində qeyri-leqal fəaliyyət göstərən kustar qara metallurgiya sexlərindən birinin bu ilin sentyabr ayında havanı çirkləndirdiyi üçün cərimələndiyi üzə çıxıb. Lakin kustar armatur sexinin sahibi bu cəriməyə məhəl qoymayıb və həm qeyri-leqal istehsalı davam etdirib, həm ətraf mühiti çirkləndirməkdə davam edib.

Bakıda qeyri-leqal metaləritmə sexlərinin yenidən artması prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışında şəhərin ekologiyasını korlayanlara sərt xəbərdarlıq etdiyi bir vaxtda baş verir. Prezident müşavirədə bildirmişdi ki, Bakıda havaya kəskin iy, tüstü buraxan iaşə müəssisələrinə son xəbərdarlıq edilib. Belələri xəbərdarlıqdan nəticə çıxarmasalar obyektləri əldən gedəcək.

Xatırladaq ki, reportyor qrupumuz son vaxtlar Bakıda yenidən çoxalmağa, fəaliyyətlərini bərpa etməyə başlayan kustar metal sexlərindən ikisinə baş çəkib və orada  açıq-aşkar qanunsuzluqların şahidi olub. Məlum olub ki, bu qeyri-leqal və kustar sexlərdə heç bir texnoloji normalara, standartlara əməl edilmədən müxtəlif diametrli tikinti armaturlarının, habelə “katenkaların” istehsalı təşkil olunub. Hazır məhsullar bazara standartlara cavab verən keyfiyyətli məhsullardan ucuz çıxarılır. Onların alıcıları isə “birgünlük” MMC-lər təsis edib Bakıda faktiki olaraq qanunsuz tikili statusunda olan çoxmərtəbəli yaşayış binaları tikib satan və daha sonra “aradan çıxan” tikinti dələduzlarıdır. Səhmləri Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olan “Bakı Elektriktökmə” ASC-nin ərazisində icarə əsasında fəaliyyət göstərən bu qanunsuz sexlər üstəlik hər gün şəhərin mərkəzinə qatı qara tüstü formasında metal tullantıları buraxır.

“Bakı Elektriktökmə” ASC-nin idarə heyətinin sədri Cavid Haşımov virtualaz.org-a açıqlamasında bildirdi ki, bu sexlərin fəaliyyətinə nəzarət ASC-nin səlahiyyətində deyil, amma ümumən ekoloji tələbləri pozan sexlərlə bağlı tədbirlər görülür. C.Həşimov qeyd edib ki, “Bakı Elektriktökmə” ASC  dövlətə məxsus müəssisədir, 1960-ci ildə yaradılıb və həmin vaxt 3-4 min işçinin işləməsi üçün nəzərdə tutulub. Sonradan müasir texnologiyalara cavab vermədiyinə görə, dövriyyədən çıxarılıb, fəaliyyəti dayanıb.

“Biz zavodun ərazisindəki sexləri yeni icarədarlara icarəyə vermişik. Onlar müasir avadanlıqlar quraşdırıblar. Bu həm də yeni iş yerlərinin açılması deməkdir. Bura sovet dövrünün sənaye zonasıdır. Yaxınlıqda yaşayış sahəsi yoxdur, ən yaxın yaşayış evləri 2-3 kilomet məsafədə yerləşir. Mən gizlətmirəm ki, bura sənaye zonası olduğuna görə burada tüstü, tullantılar, toz ola bilər. Amma əlbəttə ki, norma çərçivəsində. Biz ətraf mühitə həddindən artıq tüstü buraxan sexlərlə bağlı tədbirlər görürük”-ASC-nin İdarə Heyətinin sədri belə deyib.

C. Həşimov həmçinin qeyd edib ki, artıq dünən iki belə sexin fəaliyyəti məhdudlaşdırılıb: “Doğrudur, onlar tam bağlanmayıb, hazırda əvvəlcədən  hazırladıqları yarımfabrikatların üzərində işləyirlər. Amma onların qarşısında tələb qoyulub ki,  metalları qızdırma, yandırma zamanı ekologiyaya ziyan dəyməməsi üçün filtrlər və tüstü boğucu qurğular quraşdırsınlar. Bu qurğuları quraşdırandan sonra fəaliyyətləri yenidən tam şəkildə bərpa olunacaq. Gəlib özünüz də görə bilərsiniz,  bu gün (oktyabrın 19-da,-red)  ASC-nin ərazisində səhər saatlarından havaya heç bir tüstü buraxılmayıb”, – deyə ASC-nin idarə heyətinin sədri bildirib.

Bəs ASC-nin ərazisində sexləri icarəyə götürüb kustar armatur istehsalı ilə məşğul olan həmin sahibkarlar (fəhlələrin dediyi kimi “Məmmədin sexi” və “Valehin sexi”) vergi uçotunda dayanıblarmı? Dayanmayıblarsa onların fəaliyyəti qanunsuz sahibkarlıq deyilmi?

Vergilər Nazirliyinə bu sualları ünvanladıq. Nazirlikdən bildirdilər ki, həmin sexlərinin vergi uçotunda olub-olmadığını araşdıracaqlar. Amma iş günü başa çatana qədər nazirlikdən bu məsələ ilə bağlı cavab ala bilmədik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirdilər ki,  virtualaz.org saytının reportajından sonra  “Bakı Elektrikşəbəkə” ASC-nin ərazisində havaya zərərli tullantıların buraxılmasını araşdırmaq üçün nazirliyin mütəxəssisləri tərəfindən monitorinq aparılıb, nümunələr götürülüb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın bildirdiyinə görə, “Bakı Elektriktökmə” ASC tərəfindən icarəyə verilən sexin ərazisində hələ bu ilin sentyabr ayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyənləşdirilib və sexin sahibi cərimələnib.

“Son vaxtlar həm ayrı-ayrı vətəndaşlar, həm də KİV tərəfindən ətraf mühitin mühafizəsinə diqqət daha da artıb və bu sevindirici haldır. Ətraf mühitə qayğıkeş münasibətə görə sizə təşəkkürümüzü bildiririk. Bu ilin sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları ASC-nin ərazisində atmosfer havasından nümunələr götürüblər və məlum olub ki, havada tullantıların miqdarı normadan artlqdır. Sexin sahibi Məmməd Ələkbərov  fiziki şəxs qismində 3 min manat məbləğində cərimələnib. Ona sexdə müasir standartlara cavab verən qurğuların quraşdırılması ilə bağlı məcburi göstəriş verilib”,– deyə İ. İbrahimova qeyd edib.

Əldə etdiyimiz məlumata görə virtualaz.org saytının reportajından sonra oktyabrın 19-da həmin qeyri-leqal sexlərdən biri (“Məmmədin sexi”) fəaliyyətini dayandırıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları araşdırma aparmaq üçün gedəndə sexin qapılarını bağlı görüblər. Lakin bu qeyri-qanuni istehsal sahəsinin fəaliyyətinin tam dayandırılması mənasını vermirdi, yəqin ki, “işgüzar adamlar” növbəti dəfə aranın sakitləşməsini gözləyirlərdilər.

Nərimanov rayon İcra Hakimiyyəti də yazdıqlarımıza reaksiya verib. İcra Hakimiyyətindən bildiriblər ki, reportajla tanış olandan sonra dərhal məsul şəxslər həmin müəssisəyə göndərilib, orada fəaliyyət göstərən sexlərlə bağlı əksini tapan məlumatların hamısı öz təsdiqini tapıb. “Bu sexlər qanunsuz fəaliyyət göstərir və həqiqətən də ətraf mühiti çirkləndirir. Onların sahiblərinə qeyri-qanuni sahibkarlıq fəaliyyəti və havanın çirkləndirilməsi ilə bağlı xəbərdarlıq edilib. Bu sexlərin fəaliyyəti gələn həftənin əvvəlindən etibarən tam dayanacaq”-İcra Hakimiyyətindən belə deyiblər.

Lakin bu günə olan məlumata görə sexlər yenə də öz fəaliyyətini davam etdirirdi və “Bakı Elektriktökmə” ASC-nin ərazisindən bu gün də səhər saatlarında havaya qara tüstü buraxılıb. Təkrar Nərimanov rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq və bu xəbəri çatdırdıq. “Görünür əllərində qalan metalı əridirlər, gələn həftədən dayanacaqlar”-İcra Hakimiyyətindən  bildiriblər.

Əmlak Məsələləri Dövlət Komitəsinə də səhmləri dövlətə məxsus olan müəssisənin ərazisində qeyri-leqal istehsal sahələrinin fəaliyyəti ilə bağlı sorğu ünvanladıq. Komitədən sorğuya bu gün verilən cavabda bildirilir ki, “Bakı Elektriktökmə” ASC-nin ərazisində iki sexi icarəyə götürüb orada qeyri-leqal istehsalla məşğul olan sahibkarlarla icarə müqaviləsinə xitam verilib. “Gələn həftədən onlar öz fəaliyyətlərini dayandıracaqlar və müəssisənin ərazisini tərk edəcəklər”-komitədən deyiblər.

Məsələni diqqətdə saxlayacağıq.

Həmçinin oxuyun

“İçərişəhər”dəki Qala divarında dağıntı olub – Fotolar

Bakının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim Qala divarının bir hissəsində dağıntı olub. Hazırda həmin …