Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Bakıda bayram bazarlığı edən alıcı: ‘Qiymətlərdə 20-30 faiz artım var’

Bakıda bayram bazarlığı edən alıcı: ‘Qiymətlərdə 20-30 faiz artım var’

Bu gün, martın 20-si Azərbaycanda Novruz bayramı qeyd olunur. Bahar ölkəyə martın 20-də saat 07:06-da daxil olub…

Bayramı qeyd etmək üçün hazırlıq işləri də yekunlaşmaq üzrədir. Amma buna baxmayaraq, bazarlıq edənlərin sayı bu gün, martın 20-də də az deyil. Onlar deyir ki, son günlərdə bazarlarda məhsulların qiymətlərində artım var.

Azərbaycanda bayramqabağı bahalaşma artıq adətə çevrilib. Halbuki, bəzi ölkələrdə bayramqabağı endirimlər olur.

Ətin qiymətində dəyişiklik yoxdur

Bakıda “Yaşıl bazar” deyilən məkanda qiymətlər, alıcıların sözü ilə ifadə edilsə, od tutub yanır. Adi günlərdə 15 manata satılan qoz ləpəsinin kiloqramı 20 manata, qabıqsız fındığınkı isə 17-19 manata təklif edilir.

Ətin qiyməti isə dəyişməyib – mal əti 13-15, quzu əti isə 15-17 manat arasında dəyişir.

“Qiymətlərdə təxminən 20-30 faiz artım var. Məsələn, 3 manat 50 qəpiyə satılan pomidorun bir kiloqramının qiyməti 5 manata qədər gedib çıxıb. Meyvələrdə də eyni mənzərə”, – adının çəkilməsini istəməyən bir alıcı vurğulayır.

Dövlət Xidməti: “Qiymətləri sahibkarlar müəyyən edirlər”

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Turan”a bildirilib ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları üçün qiymətləri sərbəst müəyyən edirlər: “İstehlakçıların onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı sərbəst seçmək hüququ var”.

Amma Xidmətdən o da vurğulanıb ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması məqsədilə bazarda monitorinqlər aparır: “Antiinhisar qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edildiyi təqdirdə, qanunamüvafiq tədbirlər görülür”.

“Hökumətin borcu…”

İqtisadçı Natiq Cəfərlinin AzadlıqRadiosuna deməsinə görə, bayramqabağı qiymət artımının obyektiv səbəbi tələbin çox olmasıdır: “Tələb artan kimi təklifdə artım yoxdursa, qiymətlərdə artım yaranır. Amma əsas səbəb rəqabətsizlik mühitidir. Ölkəyə mal gətirən, bazara malları çıxaran şirkətlərin az olmasıdır ki, onların bazarda istədikləri qiymətləri diktə etməyə imkanları var”.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçının fikrincə, hökumətin əlində qiymətləri aşağı salacaq bir mexanizm yoxdur: “Hökumətin borcu bazarın böyük hissəsinə nəzarət edən topdansatış müəssisələrində yoxlamalar aparmaq və qiymətlərə müdaxilə etməkdir. Qanun da buna icazə verir. Amma bizdə “qiymət monitorinqi” deyəndə başqa yerlərə – pərakəndə satış məntəqələrinə, balaca dükanlara gedirlər, orada monitorinq aparıb, “qiymətləri niyə qaldırmısız” deyirlər. Halbuki, pərakəndə satış yerlərində monitorinqlər aparmağa qanun icazə vermir”.

Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə danışmaq mümkün olmayıb. Amma son illər hakimiyyət orqanları müxtəlif bayram yarmarkaları keçirməklə ucuzluq və bolluq yaratmağa çalışdıqlarını bəyan ediblər. Bəzi istehlakçıların deməsinə görə, həmin yarmarkalarda da qiymətlər bazardakından bir elə də fərqlənmir. Üstəlik, orada məhsulların keyfiyyəti ilə də bağlı şikayətlər eşidilir.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …