Ana səhifə / Sosial / Bakıda 5 il əvvəl təmir edilən məktəbdə su və kanalizasiya xətti yoxdur? – 29 999,88 manatlıq müəmma…

Bakıda 5 il əvvəl təmir edilən məktəbdə su və kanalizasiya xətti yoxdur? – 29 999,88 manatlıq müəmma…

Bakının Xəzər rayonunun Türkan qəsəbəsində fəaliyyət göstərən E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi “Çirkab suların daşınması” və “İçməli və texniki suyun satın alınması” məqsədilə “Anar Servis” MMC adlı şirkətə 29 min 999 manat 88 qəpik dəyəcək.
Belə ki, “Anar Servis” MMC 6 nömrəli Respublika xüsusi internat məktəbinin elan etdiyi tenderin qalibi olub.
Maraqlıdır ki, 6 nömrəli Respublika xüsusi internat məktəbi 2014-cu ildə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində yenidən qurulub. Cəmi 5 il əvvəl  Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə yenidən qurulan məktəbin içməli və texniki suyun satın alması, həmçinin çirkab sularını daşıtdırması başadüşülən deyil.
Keçirilən tender müsabiqəsinin adından belə başa düşülür ki, 6 nömrəli Respublika xüsusi internat məktəbində su və kanalizasiya xətləri mövcud deyil.
Məsələ ilə bağlı 6 nömrəli Respublika xüsusi internat məktəbindən məlumat almaq üçün təhsil müəssisəsinin internet resurslarda yerləşdirilən  (+994 012) 459-20-63,  (+994 012) 459-28-19 və (+994 012) 459-28-13 nömrələrinə zəng etsək də, telefon zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, tenderin qalibi olan “Anar Servis” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur. Rəsmi məlumatlarda “Anar Servis” MMC-nin 2016-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının 200 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Binəqədi rayonu, Azadlıq prospekti ev 187, m 79 -da yerləşən şirkətin qanuni təmsilçisi Miriyeva Nailə Mais qızıdır.
Məlumat üçün onu da bildirək ki, daha əvvəl mətbuatda 6 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru Balamirzə Zeynalovun sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə tənqidi məlumatlar da yayılıb. Yeniavaz.com

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …