Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakıda 1094 köhnə yaşayış binası söküləcək -Məmur oliqarxiyası bundan da yararlanmağa çalışır

Bakıda 1094 köhnə yaşayış binası söküləcək -Məmur oliqarxiyası bundan da yararlanmağa çalışır

Bakı şəhərində azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi planı üzrə işlər sürətlə davam edir. Qeyd edək ki, “pilot layihə” adlanan layihə  beş il ərzində 1094 yaşayış binasının (893 min kvadrat metr yaşayış sahəsinin, 15857 mənzilin) söküntüsünün aparılmasını və 49614 sakinin yeni inşa ediləcək binalara köçürülməsini nəzərdə tutur.
2017-ci ilin sonlarında Nazirlər Kabinetinin Bakının 12 inzibati rayonundan 7-sinin – Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının mənzil fondunun inkişafı haqqında sərəncamının icrasına başlanıb. Qəza vəziyyətində olan, normalara cavab verməyən və şəhərin görünüşünü korlayan evlərin sökülməsini nəzərdə tutan proqram 5 il üçün nəzərdə tutulub. Proqram Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 evə şamil edilib.
Vətəndaşlar təhvil verdikləri mənzilə görə təzminat ala və ya yeni mənzilə köçməyə razılaşa bilərlər, amma onun sahəsi vətəndaşların köçdükləri mənzilin sahəsindən ən az 10 faiz çox olmalıdır. Nazirlər Kabinetinin qərarının 1.2-ci bəndində deyilir ki, təzminat ödənilməsi və ya yeni mənzil verilməsi “fiziki və ya hüquqi şəxslərin razılığı ilə, mövcud mülki qanunvericilik əsasında” həyata keçirilməlidir.
Qeyd edək ki, hazırda pilot layihələr çərçivəsində Bakının 50-dək ərazisində tikinti işləri aparılır, köhnə binalar sökülür, yeniləri inşa edilir. Tikinti işlərinin getdikcə daha geniş əraziləri əhatə edəcəyi gözlənilir. Düzdür, bir çox ərazilərdə köhnə binaların sakinləri tikinti şirkətlərinin onlara təklif etdiyi müqavilələrdən narazılıq edirlər. Bundan əlavə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də tikinti şirkətlərinin 16 mərtəbəli binalara olan aşırı həvəsindən narazıdır. Lakin bütün narazılıqlara baxmayaraq, proses sürətlə gedir.
Əldə etdiyimiz məlumata görə, 2019-cu ilin əvvəlindən etibarən Bakı şəhərində pilot layihələrin əhatə dairəsi daha da genişləndiriləcək. Paytaxtın bütün rayonlarında 3-4-5, hətta köhnə 9 mərtəbəli evlərin sökülərək yerində çoxmərtəbəli binaların tikilməsi işlərinə start veriləcək. Bu plan barədə əvvəlcədən məlumatlı olan bir çox məmurlar və onların yaxın çevrəsinin sökülməsi nəzərdə tutulan binalardan çoxsaylı mənzillər almağa başladıqları deyilir. Bildirilir ki, bu prosesin geniş vüsət alması hökuməti də narahat etməyə başlayıb. Buna görə də plana düşəcək binalarda mənzil alqı-satqısına məhdudiyyət qoyulmağa başlanıb. Belə ki, mənzillərin alqı-satqısına dair müqavilələr rəsmiləşdirilmir. Bu işdə yerli icra hakimiyyətlərinin rəhbər işçilərinin də “fəal iştirak” etdikləri qeyd olunur. Onlar öz ərazilərindəki binaları müəyyənləşdirərək onlarda alqı-satqıların aparılmaması üçün sakinlər arasında iş aparırlar. Bu məqsədlə icra hakimiyyətlərinin nümayəndələri gedib sakinlərlə görüşürlər.
Maraqlıdır ki, hətta ehtiyacı olub mənzilini satmaq istəyən şəxslərə də maneçilik yaradılır. Bəzi sakinlərin dediklərinə görə, onlar ehtiyacları olduğuna görə mənzillərini satmaq istəsələr də, əlaqədar qurumlar bəzi hallarda bunu rəsmiləşdirməyə imkan vermirlər. Onlara bir neçə ay gözləmək tövsiyə olunur.(musavat.com)

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …