Ana səhifə / Sosial / Bakı-Sumqayıt yolunun təmirə ehtiyacı var idi? – Açıqlama

Bakı-Sumqayıt yolunun təmirə ehtiyacı var idi? – Açıqlama

Bakı-Sumqayıt yolunda son günlər təmirə görə yaranan tıxac vətəndaşların narazılıqlarına səbəb olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli təmir və tıxacla bağlı suallara aydınlıq gətirib.
 A.Nəcəfli bildirib ki, Sumqayıt yolunda təmirə ehtiyac var idi:
“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci kilometrlik hissəsi 2008-ci ildə istifadəyə verilib və o gündən bu günə qədər, yəni 10 ildir təmir olunmayıb. Normativə əsasən hər 4-5 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir və hazırda bu işlər görülür.
Sözügedən yol örtüyünün üst qatında intensiv hərəkət və təbii faktorların təsiri ilə artıq aşınmalar yaranmışdı. Təmir işləri aparılmasaydı 1-2 ildən sonra asfalt örtüyün alt qatında daha ciddi problemlər yaranacaqdı. Artıq o zaman yol daha uzun müddətə bağlanılaraq təmirinə ehtiyac yaranacaqdı.Buna görə, yolun hazırda qısa müddətlik təmiri daha məqsədəuyğundur.
Bu kimi təmir işlərinin qərarı, özü də şəhərin intensiv hərəkət olan hissəsində AAYDA tərəfindən özbaşına gəbul edilib icra edilmir..Bu cür məsələlər Yol Hərəkəti Təhlükəsizlik komissiyasına daxil olan bütün qurumlarla məsləhətləşib razılaşdırıldıqdan sonra aparılır”.
Agentlik sözçüsü yolun niyə məhz indi təmir edilməsinə də aydınlıq gətirib: “Bu təmir işini inanın ki, əsasən indi həmin yolda çalışan işçilər daha sərin aylarda keçirilməsinin tərəfdarıdılar. Amma və lakin bu işlər payız və ya yaz aylarında aparılsaydı bu zaman deyəcəkdilər ki, bəyəm bunu gözləyib məktəblərin tətili zamanı həyata keçirmək mümkün deyildimi! Biz də bunu gözlədik. Orta məktəb və ali təhsil müəssisələri tətilə çıxdıqdan sonra, sözügedən yolda hərəkət intensivliyi azalandan sonra işlərə başlanıldı. Hətta bayram günləri də nəzər alındı ki, birdən kimsə istirahətə rayona gedər maneəçilik yaşatmayaq”.
Anar Nəcəfli işlərin yaxın günlərdə hərəkətin qismən bərpa olunacağını deyib: “Hazırda yolun tunelin çıxışından Biləcəri yolu ilə əsas yolun kəsişdiyi nöqtəyədək qızğın iş gedir. Bu səbəbdən 20 yanvar körpüsü və tunellə hərəkət məhdudlaşdırılıb. Nəqliyyat axını 20 yanvar dairəsi və Şamaxı yolu (Şamaxinka) adlanan əraziyə yönəldiyindən orda sıxlıq yaşanır. 2-3 günə dediyim ərazilərdə işlər bitən kimi körpü və tunellə hərəkət bərpa olunacaq və Şamaxı yolu deyilən ərazidə yaşanan sıxlıq aradan qalxacaq.
Ötən günlə müqayisədə hazırda ərazidə sıxlıq azalıb. Hətta ötən gün Sumqayıt istiqamətindən Bakıya girişdə xaos yaşanırdı. Hazırda isə bu yoxdur, yol boşdur. Niyə? Çünki sürücülər alternativ yollara (Bakı Dairəvi-1 – Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi – Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat və Sumqayıt-Pirşağı avtomobil yolları) üstünlük veriblər.
Təmir işləri sonrakı mərhələlərdə hissə-hissə Xırdalan dairəsinə qədər davam etdiriləcək. Bu zaman hərəkət zolaqlarının yarısında təmir aparılacaqsa, yarısı ilə hərəkət davam etdiriləcək”.(Qafqazinfo)

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …