Bazar , Noyabr 18 2018
Ana səhifə / Sosial / Bakı metrosunda yenilənmiş ilk qatar xəttə buraxılıb

Bakı metrosunda yenilənmiş ilk qatar xəttə buraxılıb

Bakı Metropoliteninin “Nərimanov” elektrik deposu ərazisində istifadəyə verilmiş vaqonların əsaslı təmiri sexində tamamilə yenilənmiş ilk qatar xəttə buraxılıb.

Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ən müasir standartlara uyğun olaraq təchiz edilmiş bu sexdə qatarlar nəinki əsaslı şəkildə təmir olunur, həm də modernləşdirilir: “Bununla “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra reallaşan ən böyük və tarixi layihələrdən biri həyata vəsiqə alıb. Bu isə vaqon parkının sağlamlaşdırılması, istismar xərclərinin azaldılması, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması kimi iqtisadi əhəmiyyətli məsələlərdə yüksək səmərəyə nail olunması istiqamətində tarixi addım deməkdir. Nəticədə, qatarlar görkəmini tamamilə dəyişir, ən əsası, onların hərəkət təhlükəsizliyi artırılır, texniki xarakteristikası xeyli yaxşılaşdırılır, istismar və qulluq prosesi asanlaşır, işçi əməyindən daha səmərəli istifadə etməyə şərait yaranır”.

B.Məmmədov bildirib ki, əsaslı təmir olunmuş qatarda diqqəti çəkən ilk mühüm yenilik baş vaqonların ön hissəsinin dəyişdirilərək daha keyfiyyətli və zərbəyə davamlı kompozit materialdan hazırlanmasıdır: “Onun digər bir konstruktiv üstünlüyü isə maşinist kabinasını bir qədər genişləndirməklə idarəetmə üçün daha rahat şəraitin yaradılmasıdır. İnformasiya tabloları tam elektronlaşdırılmış, maşinist kabinasının güzgüləri daha funksional, vaqonun ön şüşəsi daha etibarlı və keyfiyyətli, təbii şəraitin təsirlərinə davamlıdır. Mühüm yeniliklərdən biri qatarın idarəetmə pultudur. Elektron əsaslı yeni idarəetmə stansiyası, eləcə də əvvəlki rele sisteminin yeni nəsil analoqları ilə əvəzlənməsi, yumruqcuqlu kontrollerin daha kiçik ölçülü təmassız maşinist kontrolleri ilə əvəzlənməsi idarəetmə sistemini təkmilləşdirməklə, onu daha etibarlı, uzunömürlü və müasir edib. Vaqonlarda köhnə qovşaqlar yeni nəsil avadanlıqları ilə əvəzlənib. Yeniliklər texnoloji baxımdan əhəmiyyətini itirmiş, istifadəsinə ehtiyac qalmayan bir sıra qovşaqları tamamilə aradan çıxarılıb”.

Metro rəsmisi bildirib ki, son illərdə istehsaldan çıxarılmış bir sıra detalların yeni nəsil nümunələri ilə əvəzlənməsi qatarların istismar problemlərini azaldaraq, qatarın bir dövrlər xroniki probleminə çevrilmiş xətdə qalmaq təhlükəsini aradan qaldırır. Bu mənada əhəmiyyətli yeniliklərdən biri əvvəlki problemli reostat kontrollerində dəyişiklik edilərək, impulslu addım mühərriki tətbiq edilməsidir. Tez-tez sıradan çıxdığına görə, mütəmadi təmir edilən hava kompressorunun, pnevmatik xəttin kontaktor qutularının əvəzinə, Almaniya və Rusiya istehsalı olan müasir və texniki xidmət tələb etməyən müvafiq avadanlıqlar tətbiq edilib. Köhnə radiostansiyalar daha müasirləri ilə əvəzlənib və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən “dispetçer-maşinist” rabitəsini təkmilləşdirib. Modernləşdirmə işləri çərçivəsində idarəetmə sxemində edilən daha 10-dan artıq dəyişiklik nəticəsində qatarın hərəkətini təmin edən qovşaq və detalların sayı azaldılıb, funksionallığı artırılıb. İşin miqyasına nümunə kimi vaqon intiqalının idarəetmə naqillərinin 60 faizinin ixtisar edilməsi qeyd oluna bilər. Ən əsası, bu yeniliklər hazırda istismarda olan və innovasiyalar baxımından ən yüksək – 4-cü nəslə məxsus vaqonlarda tətbiq edilir. Bu xüsusda vaqonların sxemlərindəki nasazlıqlar barədə məlumatın maşinist pultunda əksini tapması, maşinist kontrollerinin və SAT qurğusunun komandalarının emal edilməsi, maşinist kontrollerinin diaqnostikası, yan qapılara ayrı-ayrılıqda nəzarət edilməsi, nasazlıqların arxivləşdirilməsi, baş vaqonların dartı intiqalının işi barədə məlumatın tam alınması və s. qeyd oluna bilər. Ümumiyyətlə, sexin fəaliyyətə başlamasının əhəmiyyətli üstünlüyü təmir həcminin ölkə xaricində deyil, məhz yerli şəraitdə təşkil edilməsidir. Çünki bununla küllü miqdarda vəsaitə qənaət edilir. Uzaq keçmişdən ötən yaxın dövrlərə qədər əsaslı təmir müddəti yetişən vaqonlar Moskva metropoliteninə, Moskva Elektrik Qatarlarının Təmiri Zavoduna və onun Tbilisidəki filialına göndərilirdi. Sovet dönəmində bu məsələ vahid mərkəzdən idarə olunduğundan asanlıqla həll edilirdi. Müstəqillik illərində vəziyyət dəyişdi və dövlətlərarası münasibətlər müstəvisində özünə yer almaqla iqtisadi-siyasi maraqlar, inhisarçılıq niyyətlərinin təsiri ilə üzləşirdi.

Yaranmış çətin durum 2014-cü ildə “Bakı Metropoliteni” QSC yaradılandan sonra aradan qaldırılıb. Əvvəlcə pilot layihə kimi, 10 vaqon yerli şəraitdə qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənib. 2015-ci ildə bu işlərə vaqon salonunun yenilənməsi, o cümlədən döşəmə örtüyünün, daxili plastik təbəqənin, qapı rezinlərinin dəyişdirilməsi və havalandırma xəttinin təmizlənməsi əlavə olunub.Yeniləşmə çərçivəsində 23 vaqon salonunun döşəmə örtüyü və plastik təbəqəsi dəyişdirildi, vaqonların elektrik xətləri və işıqlanma şəbəkəsi yenilənib. 15 vaqonun salonu müasir və qənaətli LED işıqlanma sistemi ilə əvəzlənib. Vaqonların ön hissəsinin yeni dizaynı isə modernləşdirmənin zahirən ən cəlbedici əlamətinə çevrilib.

Əldə olunan nailiyyətlər istehsal sahəsinin genişləndirilməsini tələb etdiyindən yeni sexin inşası zərurətə çevrilmişdi və Bakı metropoliteninin 50 illik yubileyi ərəfəsində sexin inşası başa çatdı.

Sexin illik istehsal gücü 20 vaqondur. Burada vaqonların sökülməsi, quraşdırılması, qaynaq və dəmirçi işləri, antikorroziya tədbirlərinin görülməsi, yuyulması, rənglənməsi üçün nəzərdə tutulan sahələr müasir texniki tələblər səviyyəsində qurulub. Təmir prosesində vaqonlar müasir tələblərə uyğun modernləşdirilir, yeni texnologiyalarla zənginləşdirilir. Bu proseslərin yerinə yetirilməsi üçün sex hər bir şəraitlə, lazımi avadanlıq və ləvazimatla təmin olunub.

Bu günlərdə sexdə daha 5 vaqon üzərində iş başlayıb. Ötən qısa müddətdə əldə olunan təcrübə bu vaqonlarda modernləşdirmənin daha geniş miqyasda tətbiqinə şərait yaradıb. Bu isə istismara verilmiş yeni sahənin imkanlarının get-gedə genişlənəcəyindən xəbər verir. (Trend)

VIPedu.BIZ

Həmçinin oxuyun

Ekspert Komitə sədrinin dediklərini büdcə proqnozları ilə müqayisə edir

Milli Məclisin sosial komitəsinin rəhbəri Hadı müəllimin proqnozuna görə, aparılan vergi islahatları nəticəsində gələn il …