Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bakı meriyasında Eldar Mahmudovun son dayağı… – İTTİHAM VAR

Bakı meriyasında Eldar Mahmudovun son dayağı… – İTTİHAM VAR

Məktəbəqədər uşaq müəssisələri Təhsil Nazirliyinin tabeliyindən alınıb, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdinə verilməsindən sonra, bu sahədə mövcud olan problemlər azalmaq əvəzinə, uzun illərdən bəri mövcud olan nöqsanların sırasına yeniləri də əlavə olunub. Məhz bundan sonra azyaşlıların uşaq bağçalarına qəbul prosesi bir xeyli çətinləşib.

“Gündəm Xəbər” bildirir ki, bu gün əksər məktəbəqədər uşaq müəssisələrində qəbulla bağlı süründürməçilik hökm sürür. Əksər bağçalarda bir qayda olaraq, yer olmadığı əsas gətirilir və uşaqlardan imtina olunur. Bəzi müdirlər isə, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun qorxusundan bağçalara az uşaq götürməyə məcbur olduqlarını deyirlər. Az sayda uşaqlar təmənnasız götürülsə də, böyük əksəriyyət məhz pulla qəbul edilir.

Eldar Yunusovun “baxça biznesi”

Uşaqların bağçaya götürülməsi zamanı tələb olunan rüşvətin məbləği isə bu sahəyə rəhbərlik edən Eldar Yunusov tərəfindən müəyyən edilir.

Valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manat pulun bir hissəsi Eldar Yunusova, qalanı isə, bağça müdirlərinə çatır. Bundan başqa, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pul alınır. Eldar Yunusovun nöqsanlı fəaliyyəti nəticəsində əksər uşaq bağçalarında məktəbəqədər pedoqoji prosesdən irəli gələn məqsəd və vəzifələr nəzərə alınmır.

Eldar Yunusovun rəhbərlik etdiyi dövlət müəssisəsində qohumlardan ibarət komanda yaratdığını bilməyən yoxdur. Yaxın qohumu olan Fuad adlı şəxsi Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində baş mühasib təyin etməklə E. Yunusov bütün maliyyə məsələlərini nəzarətə götürüb . Məhz yaxın qohumunu idarənin maliyyə məsələlərinə rəhbər təyin etməklə E. Yunusov baş verən bütün qanunsuzluqları, şübhəli maliyyə əməliyyatlarını ört-basdır edə bilir. E. Yunusovun yaxın qohumu idarədə təkcə mühasibat işləri ilə məşğul olmur. Baxça müdirlərinə nəzarəti və onlardan alınan “haqq” məsələsini də Fuad həyata keçirir. Əgər qanunla nəzərə alsaq ki, dövlət müəssisəsində bir şöbəyə rəislik edənin yaxın qohumu həmin şöbədə baş mühasib olmamalıdır. Məgər bunun nə qədər qanuni olub-olmamasının hüquq-mühafizə orqanlarının araşdırması vacibdir. Açıq-aydın görünür ki, Eldar Yunusovun öz yaxın qohumunu baş mühasib təyin etməsi məqsədyönlüdür.

Əgər Eldar Yunusovun adi məmurun yaşayışından fərqlənən dəbdəbəli, zəngin həyat tərzinə baxsaq bunun heç də halal maaşdan qaynaqlanmadığını görərik. Çünki, sürdüyü bahalı avtomobili halal maaşla almaq üçün E. Yunusova yemədən-içmədən bir neçə onilliklər lazım olardı. Elə paytaxtın müxtəlif ərazilərində yerləşən çoxsaylı obyektlər də onun məmur fəaliyyətindən daha çox bizneslə məşğul olduğunu göstərir.

Müəmmalı İsrail səfərlərinin sirli pərdəarxası

Mötəbər mənbələrin “Gündəm Xəbər”ə bildirdiyinə görə, Eldar Yunusov ildə bir neçə dəfə İsrailə müəmmalı səfərlər edir. Bu səfərlərin sayını bilmək üçün onun xarici pasportuna vurulan möhürləri saymaq kifayətdir. E. Yunusovu İsrailə bağlayan heç də bu ölkənin təbiəti və yaxud tarixi abidələri deyil. Bu səfərlər onun bu ölkədə tək biznes maraqlarını təmin etmək məqsədi daşımır. İsraildə olarkən onun keçirdiyi gizlin, müəmmalı görüşlərin də araşdırılması zəruridir. Bir məmurun belə gizlin görüşləri sıradan bir fakt hesab olunmamalıdır. Etibarlı mənbənin verdiyi məlumatlara əsasən E.Yunusov eyni zamanda Bakı Şəhəri İcra Hakimiyyətində İqtisadiyyat komitəsinin sədri vəzifəsini icra edir. O, bu vəzifəni daşımaqla başçısı ilə olan münasibətlərinin daha yüksək səviyyəyə çatmasına nail olmuşdur və o bundan da məharətlə istifadə edərək “sirli” qazanclara sahib çıxmışdır.

Bu gün cidd-cəhdlə gizlətməyə çalışsa da Eldar Yunusovun zamanında MTN şefi Eldar Mahmudovla olan sıcaq münasibətləri də hər kəsə bəllidir. Zamanında E. Mahmudovun adamı olduğunu fəxrlə bildirən, hətta bu yolla külli miqdarda pul qazanan E. Yunusovun oğlu da bu yaxınlıqdan öz nəsibini alıb. Eldar Yunusovun oğlu hərbi xidmətini ordu sıralarında deyil, keçmiş MTN-nin hərbi hissəsində, mühafizə taborunda aparıb. Həm də bu xidmətin ilk beş ayı, məhz Eldar Mahmudovun rəhbərlikdə olduğu dövrə təsadüf edib. Zamanında bu taborda xidmət etmək üçün 10-15 min manat “şirinlik” tələb olunsa da Yunusovun oğlu bu imkandan havayı yararlanıb. Ümumiyyətlə, adaşların bu dostluğu həm də çoxşaxəli iqtisadi maraqlara söykənib. Bu qarşılıqlı maraqlar hər iki tərəfə kifayət qədər qazanc gətirib.

Ölkəmizin, dövlətimizin gələcəyi məhz məktəbəqədər təhsil müəssisələrində yetişir. Lakin, Eldar Yunusovun yarıtmaz fəaliyyəti bu sahəni məhvə sürükləyir, körpələrimizin təlim-tərbiyə ocaqlarını rüşvət yuvasına çevirir. Rəhbərlik etdiyi sahəyə gəlirli obyekt kimi yanaşması təhsilimizin təməl pilləsini çıxılmaz dalana dirəyib. Nədənsə hamının gördüyü, bildiyi bu faktları aidiyyatlı qurumlar görməzdən gəlirlər. Bu isə daha çox suallara meydan açır. Araşdırmamız davam edir. Növbəti sayımızı izləməyi unutmayın.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …