Şənbə , Fevral 24 2024
Ana səhifə / Sosial / Bəzi atalar niyə aliment ödəmək istəmir?

Bəzi atalar niyə aliment ödəmək istəmir?

Bəzən boşanmalardan sonra xoşagəlməz vəziyyətlər yaranır.

Onların başında isə bəzi ataların övladları üçün aliment ödəmək istəməməsi gəlir. Sözügedən şəxslər ya ümumiyyətlə, aliment ödəməyi rədd edirlər, ya da bu minimum həddə etmək niyətində olurlar.

Əlbəttə ki, bu da heç bir halda başadüşülən deyil. Uşaqlar da atalarının onlar üçün heç pul ödəmək istəmədiyini gördükdə doğma valideyninə qarşı kinlə böyüyürlər. 

Ümumiyyətlə, övladları üçün aliment ödəmək istəməyən atalar cəmiyyət tərəfindən də birmənalı qarşılanmır. 

Axı nə üçün bəzi şəxslər boşandıqdan sonra övladları üçün aliment ödəmək istəmirlər? Bəs bunun uşaqlara hansı psixoloji təsirləri olur?

Mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, həqiqətən də bəzi kişilər boşandıqdan sonra övladlarına aliment vermək istəmirlər:

“Bəzi kişilər isə ancaq limitli şəkildə aliment ödəməyi üstün tuturlar. Onlar aliment verməmək və ya limitli vermək üçün gəlirlərini gizlətmək kimi müxtəlif yollara əl atırlar. Ümumiyyətlə, istər kişi, istərsə də qadın keçmiş həyat yoldaşından intiqam almaq üçün uşaqlarından silah kimi istifadə edir.

Təəssüf ki, bu da daha böyük problemlərə gətirib çıxarır. Bəzi kişilər düşünürlər ki, ailə dağılanda uşaqlardan da boşanırlar. Hətta bəzi insanlar da boşanmaq istəyən cütlüklərə də deyirlər ki, siz bu addımı atdıqdan sonra uşaqlarınız atasız qalacaq. 

Əslində isə boşandıqdan sonra uşağın atasız qalmasına heç bir səbəb yoxdur. Ona görə də uşaqlarda tramva əmələ gəlməməsi üçün valideynlər ayrıldıqlarını, artıq birlikdə yaşamayacaqlarını onlara izah etməlidirlər. Yəni uşaqlar ata-anasından boşanmır, sadəcə olaraq, valideynlər ayrılırlar”.

Psixoloq vurğulayıb ki, bəzi atalar övladından qarşı tərəfə silah kimi istifadə edərək, onların maddi təminatını əllərindən alırlar:

“Bəzi kişilər ananı uşağa tək baxmağa məcbur edirlər ki, ona cəza olsun. Amma bu sadəcə baxış məsələsidir. Bu onu göstərir ki, kişilərin böyüdüyü mühitdə uşaqlar ən çox anaya bağlı olurlar.

Ümumiyyətlə, atanın övladını bilərəkdən maddi və mənəvi olaraq özündən məhrum etməsi uşağa çox böyük tramva yaşadır. Bundan qıcıqlanan ana isə uşağın yanında atanı pisləməyə başlayır. 

Bu isə öz növbəsində uşağa daha çox təzyiq göstərir. Nəticədə natamamlıq kompleksindən əziyyət çəkən uşaqların gələcəkdə ailə qurmağa qarşı fobiyaları yaranır”.

Həmçinin oxuyun

Nikahlanmış azyaşlı qızların yarımçıq hekayəsi

“Məni gecə yatdığım yerdən, evimizdən qaçırdılar. Yorğana büküb apardılar. Cəmi 14 yaşım vardı. Nə baş …