Cümə , Sentyabr 30 2022
Ana səhifə / Sosial / “Bəlkə də deyəcəklər ki, bu bizim müalicə metodumuzdur”

“Bəlkə də deyəcəklər ki, bu bizim müalicə metodumuzdur”

Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində baş verənlər sözün həqiqi mənasında cəmiyyəti silkələyib. 

Xəyalə Məmmədova da övladını 1 ildən çoxdur ki, nitqindəki geriləmə səbəbilə psixoloq yanına göndərir:

“Bu cür dərslərin qiyməti saatına görə təyin edilir. Biz bir saata görə 22 manat ödəyirdik. Maraqlanmışam, daha yüksək qiymətə olanlar da var. Təsəvvür edin, həftənin hər günü 3-4 saatlıq proqramlarla 1 uşağa görə aylıq minimum 1300-1400 manat pul alınır. Ona görə hər yerindən duran bu gün loqopedik reabilitasiya mərkəzi açıb, əldəqayırma psixoloqları bir araya yığır. Onlar da danışa, eşidə bilməyən uşaqları “tərbiyə” adı altında döyürlər, üstəlik, buna görə valideynindən pul da alırlar. Hər şey bir yana, eşitmə əngəlli, danışa bilməyən bir uşağı döymək hansı vicdana, insanlığa yaraşır? 2 il cəzayla yaxasını kənara çəkə bilməz! Çəkməməlidir də!”

Qeyd edək ki, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu gün isə “Mehnur”un direktoru Nuranə Hacızadə Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib.

Bəs mərkəzdə işgəncələrə məruz qalan uşaqların hüquqları necə qorunacaq?

Vəkil Vüqar Cavadov Musavat.com-a bildirdi ki, uşaq hüquqlarının qorunmasına dair mükəmməl beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilmiş Konvensiyadır:

“Bu Konvensiyaya 189 ölkə qoşulub. Azərbaycan bu Konvensiyanı 1992-ci ildə ratifikasiya edib. “Uşaq Hüquqları haqqında” Konvensiyanın məzmunu, əsas ideyası uşaq şəxsiyyətidir. Konvensiyanın 19-cu maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağı fiziki, yaxud psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın, kobud münasibətin və ya istismarın hər cür formasından qorumaq məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirləri görməlidir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, nəinki uşaqlara qarşı, bütün şəxslərə qarşı zorakılıq yolverilməzdir. Zorakılıq nəticəsində inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Əvvəla həmin mərkəzin işçiləri peşəkar əməkdaşlar olmalıdır. Uşaqlara qarşı hər hansı bir təzyiq, zorakılıq olubsa, həmin işçilər məsuliyyətə cəlb olunmalıdır. Uşaqlara qarşı zorakılıq bilavasitə Konvensiyanın pozulmasıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa görə, uşaqların sağlamlığına hər hansı bir zərərlə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Müvafiq istintaq nəticəsində bu faktın inzibati və ya cinayət məsuliyyəti olması müəyyənləşəcək. Xəsarətin dərəcəsinə görə cinayət məsuliyyətini müəyyən edən maddələrə əsasən, təqsirkar şəxslər müəyyənləşdikdən sonra onların əməlinə hüquqi qiymət verilməlidir. Eyni zamanda bu tipli müəssisələrdə müvafiq yoxlamalar aparılmalıdır. Orada işləyənlərin öz əmək funksiyalarını hansı formada yerinə yetirmələri ilə, davranış qaydaları ilə bağlı məsələlər araşdırılmalı və hüquqi müstəvidə qiymət verilməlidir. Videodan da görünür ki, uşaqların tərbiyəçilər tərəfindən döyülməsi faktı var. Bu isə inzibati xətadır. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və s. zorakı hərəkətlərə görə məsuliyyət nəzərdə tutulur. Bunun da ən ağır həddi 2 ayadək müddətə inzibati həbsin tətbiqidir. Mütəmadi döyülmə varsa, Cinayət Məcəlləsinin 133-cü maddəsi, bir dəfə döyülübsə, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi işə düşür”.

Hüquqşünas Əkrəm Həsənov isə qeyd etdi ki, Cinayət Məcəlləsinin 133-cü maddəsinə görə, 2 ilədək müddətə islah işləri və 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası verilə bilər:

“İşgəncə verməklə törədilibsə, hətta 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası da ola bilər. Bizdə tibb sahəsində xeyli boşluqlar var. Azərbaycanda kimə daş atırsan, psixoloqa dəyir. Kurs bitirib psixoloq olurlar. Bəlkə də həmin şəxslər deyəcək ki, bu bizim müalicə metodumuzdur. Bizdə standartlar yoxdur. Uşaqlara işgəncə verilib. Həmin mərkəzin fəaliyyəti yoxlanılmalıdır. Lazım olsa, fəaliyyəti dayandırılmalıdır. Məsələn, mən məhkəmə proseslərində hər hansı bir həkimin buraxdığı səhvə görə məsuliyyətə cəlb edildiyini görmürəm. Halbuki həkim səhvinin nəticəsi çox ağır olur. Hər bir həkim öz metodlarından istifadə edir”.

Həmçinin oxuyun

Bakıda avtobus sürücüsü dəhşət saçdı – VİDEO

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb. 90 …