Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / Bələdiyyələrlə bağlı hesabat parlamentdə müzakirəyə çıxarıldı

Bələdiyyələrlə bağlı hesabat parlamentdə müzakirəyə çıxarıldı

Vilayət Zahirov: “Ümumilikdə bələdiyyələrin fəaliyyəti barədə 65 fakt hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib”
 
Arif Rəhimzadə: “Bir çox bələdiyyələr heç işçilərinə əmək haqqı verə bilmir”
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Oqtay Əsədov iclası açıq elan edəndən və gündəliyi səsə qoyandan sonra cari məsələlərlə bağlı müzakirələrə ehtiyac olub-olmadığını soruşdu. Əksər deputatların “yox” cavabından sonra birbaşa gündəlikdəki məsələlərə keçildi.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim etmək üçün söz ədliyyə nazirinin müavini Vilayət Zahirova verildi.  V.Zahirov parlamentin yeni tərkibini təbrik edəndən sonra bələdiyyələrin fəaliyyətində aşkara çxıarılmış qanunsuzluqlardan danışdı. Deputat bildirdi ki, bu il bələdiyyələr tərəfindən qanunsuz olaraq 47 hektar torpaq sahəsinin vətəndaşlara satılması faktı aşkarlanıb. Ümumilikdə 1406 hektar torpaq sahəsinin qanunsuz verilməsi barədə qərar ləğv edilib. 330 bələdiyyə üzvü barədə aktlar tətbiz edilib və inzibati məsuliyyət nəzərdə tutulub. Ümumilikdə bələdiyyələrin fəaliyyəti barədə 65 fakt hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib.
V.Zahirovun sözlərinə görə, bütün bu faktlarla bağlı 10 material üzrə cinayət işi başlanıb, 2 bələdiyyə sədri isə məhkum olunub. Bələdiyyə iclaslarında müzakirə edilmədən bələdiyyə sədrləri tərəfindən torpaqların hərraclara çıxarılmadan dəyərindən aşağı qiymətə satılması faktları da üzə çıxarılıb.
V.Zahirov dedi ki, bələdiyyə satınalmaları ilə bağlı qanunun qəbul edilməsi bu sahədəki qanunsuzluqların qarşısını ala bilər.
Regional komitənin sədri Arif Rəhimzadə çıxışında bildirdi ki, bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqan 2015-ci ildə xeyli iş görüb. Komitə sədri xatırlatdı ki, prezident bələdiyyələrin fəaliyyətini kəskin tənqdi edib: “Tənqid bilavasitə bələdiyyələrə ünvanlansa da, biz hamılıqla nəticə çıxartmalı və öz fəaliyyətimizdə dönüş yaratmalıyıq. Fəaliyyətini qurmaq üçün bələdiyyələrin müvafiq büdcəsi olmalıdır. Bələdiyyələrin 61 faizinin büdcəsi olduqca aşağıdır. Bir çox bələdiyyələr heç işçilərinə əmək haqqı vermə bilmir. Bələdiyyələrin 14 faizinin əhalisi min nəfərə yaxındır. Orda vəziyyət lap acınacaqlıdır. Tənqid edilsə də, vəziyyət düzəlməyəcək. Qanun onlara əlavə vəsait ayrılmasına imkan verir. Ancaq nə 2014, nə də 2015-ci ildə onlara əlvaə vəsait ayrılmayıb”.
Qeyd edək ki, parlament Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə,  “Avtomobil nəqliyyatı haqqında” qanununda dəyişiklik edilməsi barədə, Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə, “Lisenziyalar və icazələr haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihələrini də müzakirə edəcək.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …

Bir cavab yazın