Şənbə , Dekabr 5 2020
Ana səhifə / Sosial / Bəhram Bağırzadə ECMO cihazından ayrıldı

Bəhram Bağırzadə ECMO cihazından ayrıldı

“Bildiyiniz kimi, Bəhram Bağırzadənin müalicəsi 17 günə yaxın idi ki, ECMO cihazına bağlı olaraq davam etdirilirdi. ECMO cihazının istifadə müddəti 2-3 həftə olduğuna görə və bu müddətdən sonra fəsadların əmələ gəlmə ehtimalları nəzərə alınaraq dünən saat 11 radələrində ECMO cihazından ayırma qərarı verilib”.

Bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, hazırda süni tənəffüs aparatı vasitəsiylə özünün ağciyərinin köməyi ilə digər orqanların oksigenlə təminatı mümkün olmaqdadır:

“Eləcə də ağciyərlərin rentgen görüntülərində son bir həftə içində seyir edilən müsbətə doğru dəyişikliklər bizi sevindirməkdədir. Dərmanlar vasitəsilə dərin koma vəziyyətində yatızdırılan Bəhram Bağırzadənin hələ ki, komadan oyandırılması cəhdi düşünülmür. Hazırda ehtimal edilən bakteriyal superinfeksiyalar nəzarətə alındıqdan sonra, qarşıdakı 3-5 gün ərzində bədənin bütün orqanlarına öz ağciyərləri vasitəsiylə kifayət qədər oksigen təminatı müşahidə olunarsa, eyni zamanda ağciyərlərində bu günə qədər izlənilən müsbət dinamika davam edərsə komadan oyandırma və süni nəfəs aparatından ayırma planları qurula bilər. İntensiv müalicəsi davam edən xəstəyə tibbi nöqtəyi nəzərdən ehtiyyac olan bütün müalicələr tətbiq olunur, lakin gedişatın nəticəsi barədə indidən dəqiq məlumat vermək əfsuslar olsun ki, mümkün deyil. Reanimatoloq, infeksiyonist, pulmunoloq və diyər aidatı ekspertlerin rəyləri ümid vericidir. Bu mərhələyə qədər olan tədbirlər uğur kimi sayıla bilər, amma ağciyərin bundan sonrakı fəaliyyəti zamanla özünü göstərəcək”.

Qeyd edək ki, EKMO – ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq gecə konsilium keçirilmiş və xəstənin EKMO cihazına qoşulmasına qərar verilmişdi. Xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. /Report

Həmçinin oxuyun

Azərbaycanda daha 4 267 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4267 yeni yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq …